Mobil versiya
Azərbaycan və Pakistan münasibətləri inkişaf etməkdədir
Tarix: 20-06-2023 | Saat: 09:22
Bölmə:Özəl | çapa göndər

Azərbaycan və Pakistan münasibətləri inkişaf etməkdədir

“Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.” Dövlət başçısı İlham Əliyev iyunun 15-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif  ilə mətbuata birgə bəyanatlarında onu da əlavə etdi ki, Azərbaycan xalqı 44 günlük müharibə dövründə kimin  bizimlə bir yerdə olduğunu çox gözəl bilir.  Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi.
Azərbaycan-Pakistan   əlaqələrinin zəngin tarixi vardır. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan az sayda dövlətlərindən biridir.  Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib.  Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək Azərbaycan tərəfindən  BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də  əməkdaşlığımızın böyük potensialı var. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir. Bu baxımdan  ilk dəfə olaraq keçirilən  “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimini qeyd edə bilərik.  Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç Qardaş - 2021” beynəlxalq təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması idi.  Bu kimi  mühüm addımlar  dostluq və qardaşlığın növbəti təzahürü olaraq Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının hörmət və etimada söykəndiyini təsdiq edir.
Pakistanın Baş naziri   Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirilən təkbətək və geniş  tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında da iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar fonunda  münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırıldı. Mətbuata bəyanatlarında «Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir» söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük. «Bu gün səhər mən Sizin böyük atanız Heydər Əliyevə hörmətimi ifadə etmək üçün Fəxri xiyabanda oldum. Hesab edirəm ki, Siz onun layiqli oğlusunuz. Fəxri xiyabanı ziyarət etmək mənim üçün böyük şərəf idi. Əminəm, dahi atanızın ruhu şaddır ki, Sizin rəhbərliyinizlə gözəl ölkəniz və xalqınız inkişaf edir» fikirləri ilə Azərbaycanın əldə etdiyi uğurlardan, keçdiyi inkişaf yolundan heyrətini gizlətməyən və bundan böyük qürur hissi keçirdiyini bildirən Pakistanın Baş naziri  «Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib» söylədi və Azərbaycanın hər sahədə təcrübəsinin nümunə olduğunu təsdiqlədi. 

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025