Ana Sayfa > Özəl > Azərbaycan və Pakistan münasibətləri inkişaf etməkdədir
Azərbaycan və Pakistan münasibətləri inkişaf etməkdədir20-06-2023, 09:22. Yazar: sevinc1 |
![]() “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.” Dövlət başçısı İlham Əliyev iyunun 15-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata birgə bəyanatlarında onu da əlavə etdi ki, Azərbaycan xalqı 44 günlük müharibə dövründə kimin bizimlə bir yerdə olduğunu çox gözəl bilir. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi. Azərbaycan-Pakistan əlaqələrinin zəngin tarixi vardır. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan az sayda dövlətlərindən biridir. Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək Azərbaycan tərəfindən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də əməkdaşlığımızın böyük potensialı var. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir. Bu baxımdan ilk dəfə olaraq keçirilən “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimini qeyd edə bilərik. Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç Qardaş - 2021” beynəlxalq təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması idi. Bu kimi mühüm addımlar dostluq və qardaşlığın növbəti təzahürü olaraq Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının hörmət və etimada söykəndiyini təsdiq edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında da iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar fonunda münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırıldı. Mətbuata bəyanatlarında «Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir» söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük. «Bu gün səhər mən Sizin böyük atanız Heydər Əliyevə hörmətimi ifadə etmək üçün Fəxri xiyabanda oldum. Hesab edirəm ki, Siz onun layiqli oğlusunuz. Fəxri xiyabanı ziyarət etmək mənim üçün böyük şərəf idi. Əminəm, dahi atanızın ruhu şaddır ki, Sizin rəhbərliyinizlə gözəl ölkəniz və xalqınız inkişaf edir» fikirləri ilə Azərbaycanın əldə etdiyi uğurlardan, keçdiyi inkişaf yolundan heyrətini gizlətməyən və bundan böyük qürur hissi keçirdiyini bildirən Pakistanın Baş naziri «Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib» söylədi və Azərbaycanın hər sahədə təcrübəsinin nümunə olduğunu təsdiqlədi. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |