Mobil versiya
Zəngəzur dəhlizinin açılması qaçılmazdır
Tarix: 17-06-2023 | Saat: 12:25
Bölmə:Özəl | çapa göndər

Zəngəzur dəhlizinin açılması qaçılmazdır

Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə, Bakı-Culfa-Naxçıvan əsas dəmir yolları və magistral yollarının üzərində yerləşir. Rayon 1993-cü ildə oktyabrın 29-da təcavüzkar Ermənistan dövləti tərəfindən işğal olunmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun 2020-ci il 27 sentyabrda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri, eləcə də Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz strateji yüksəkliyi, bundan başqa Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik, 52 kənd düşməndən azad olundu. Qələbədən sonra həmin bölgələrin inkişafı üçün bütün imkanlarımız - siyasi iradə, xalqın dəstəyi, maliyyə resurslarımız olduğuna görə azad olunmuş torpaqların bərpası və yenidənqurulması, Qarabağın cənnətə çevrilməsi qarşıya bir məqsəd olaraq qoyuldu. Bu, həm də strateji hədəf kimi müəyyən edildi.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda çox işlər görülür. Demək olar ki, yerlə bir edilmiş bölgə gözümüzün önündə bərpa olunur. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində önəmli yer tutacaq.
Qısa müddət ərzində üç hava limanı və dəmir yolunun birləşdirilməsi işlərinə də başlanıldı. Erməni işğalı tərəfindən coğrafi mövqeyi nəzərə alınmaqla tamamilə məhv edilən Zəngilan əhəmiyyətli bir regional nəqliyyat -logistika mərkəzi rolunu oynaya bilər. Qeyri-enerji sektoruna və biznesə daha çox investor cəlb etmək imkanları hər keçən gün artır.
7 iyul 2021-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzaladı. İqtisadi rayonlar bütövlükdə bölgənin və seçilmiş coğrafiyanın iqtisadi inkişafı baxımından vacibdir. Dövlət proqramları hazırlanan zaman isə iqtisadi rayonlarla bağlı daha ünvanlı proqramlar həyata keçirmək mümkün olur. Zəngilan rayonu da Şərqi Zəngəzur iqtisadi rayonun tərkibindədir. Bu iqtisadi rayon təbii ehtiyatlarla zəngin olan ərazimizdir. Orada qızıl, mis, inşaat materialları, dəmir ehtiyatları var. Bu ehtiyatlar nəticə etibarilə həmin ərazilərimizdə yeni istehsal sahələrinin, xüsusən də sənaye müəssisələrinin yaradılmasına imkan verəcək. Digər vacib məqamlardan biri Şərqi Zəngəzurun artıq müzakirə olunan və gələcəkdə formalaşdırılacaq Zəngəzur dəhlizinə çıxışı imkanlarıdır. Bildiyiniz kimi, Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını (Ordubad rayonunu) birləşdirəcək. Bu da həm Zəngəzur dəhlizindən istifadə etmək imkanı, həm də Zəngəzur dəhlizi vasitəsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunmasına imkan verəcək. Bu, nəqliyyat və logistik imkanlar baxımından vacibdir.
İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. 2020-ci il noyabrın 10-da Moskvada imzalan üçtərəfli Bəyanatda da Zəngəzur dəhlizi ilə bağlı məsələ öz əksini tapıb. Zəngəzur dəhlizinin açılması regionun inkişafı üçün mühüm əhəmiyyətə malikdir.
İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması məsələsi daha çox diqqət mərkəzində oldu. Dəhlizin açılmasının önəmini Prezident İlham Əliyev hələ 14 il bundan öncə, 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilən Zirvə görüşündə açıqlamış, Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsini türk dünyasının coğrafi parçalanması adlandırmışdı. Çünki tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayırdı.
Zəngəzur dəhlizinin lokal, regional və interkontinental müstəvidə çox böyük əhəmiyyəti var. Dəhlizin lokal əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi ölkələrdə inkişafı stimullaşdıran faktor kimi çıxış etməsidir. Yeni dəhliz Azərbaycan, Türkiyə və Ermənistanın ən zəif inkişaf etmiş bölgələrindən keçir. Belə ki, dəhlizin açılması ilə Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın Sünik bölgəsi və Türkiyənin şərq vilayətlərinin biri-birinə bağlanması planlaşdırılır ki, bu da hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək. Dəhlizin regional müstəvidə əhəmiyyətindən danışarkən qeyd etməliyik ki, bu layihənin gerçəkləşməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq ki, bu da İranın Azərbaycan üzərindəki ən vacib rıçaqlarından olan "Naxçıvan tranziti" məsələsinin təsirini azaldacaq. İkinci Qarabağ müharibəsindən sonra İranın anti-Azərbaycan davranışları da məhz buna hesablanır. Bundan əlavə, dəhlizin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqaməti onun regional müstəvidə digər əhəmiyyətini önə çıxarır. Nəhayət, Zəngəzur layihəsinin interkontinental əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn məhsulların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir.
Beləliklə, yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialına malikdir.
Zəngəzur dəhlizinin açılması Azərbaycan, Türkiyə ilə yanaşı, Ermənistan, həmçinin Xəzər dənizinin strateji prestiji baxımından bütünlükdə bölgə üçün ciddi əhəmiyyətə malikdir. Belə ki, yükdaşımalar bölgəmizə Orta Asiya ölkələri və o cümlədən Rusiyadan Xəzər dənizi vasitəsilə həyata keçirilir. Dəhlizin açılması bu problemi həll edəcək və yeni ticarət marşrutu meydana çıxacaq ki, bu da regionda yeni iqtisadi və geosiyasi mühit formalaşdıracaq. Bu isə bölgədə sülhün bərqərar olmasını təmin edəcək.
Zəngəzur dəhlizinin açılmasının hüquqi bazasını 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat təşkil edir. Ermənistan həmişə olduğu kimi, məkrli niyyətini nümayiş etdirərək bu prosesdən, yəni dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikdən də boyun qaçırır. Azərbaycan isə qalib ölkə olaraq Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə məcbur etməkdə israrlıdır.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşdürlər. Bu görüşdən sonra onlar birgə mətbuata çıxış etmişdirlər. Bu çıxışda Cənab Prezident İlham Əliyev Zəngəzur dəhlizi haqqında danışmışdır, Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğundan bəhs etmişdir.

Zərinə Hümbətova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025