15 iyun Milli Qurtuluş günü milli birliyimizin, milli həmrəyliyimizin əsasının qoyulduğu gündür
Tarix: 15-06-2023 | Saat: 15:31
Bölmə:Özəl | çapa göndər
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu sənədlə Azərbaycan hüquqi baxımdan müstəqillik əldə etsə də, əslində xalqın mandatı olmadan hakimiyyəti ələ keçirmiş Mütəllibov rejimi imperiyaya yarınmaq siyasəti yeridirdi. Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi tədbirləri həyata keçirmək əvəzinə Ayaz Mütəllibov yalnız öz şəxsi hakimiyyətini qorumağa çalışırdı.
Xalq hərəkatı dalğasında siyasi səhnəyə gələn naşı, səriştəsiz AXC liderləri ilə Mütəllibov güruhu arasında hakimiyyət davası gedirdi. Ölkədə xaos, özbaşnalıq hökm sürürdü. Ayrı-ayrı şəxslərə, siyasi qruplara mənsub qanunsuz silahlı dəstələrin yaradılması Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan Azərbaycan torpaqlarının işğalını genişləndirirdi. AXC ilə Ayaz Mütəllibov arasında hakimiyyət davası Azərbaycanda XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı ilə nəticələndi. Hakimiyyətdən rüsvayçılıqla uzaqlaşdırılan Mütəllibov rejimini heç bir dövlət idarəçiliyi təcrübəsi olmayan, mitinq tribunalarından gələn və tezliklə Azərbaycanı daha böyük problemlərlə üz-üzə qoyan AXC iqtidarı əvəz etdi.
AXC-nin meydan qəhrəmanları özlərini iddialı şəkildə milli azadlıq hərəkatının liderləri adlandırsalar da, əslində ölkədə gedən proseslər, milli azadlıq hərəkatının, müstəqillik meyllərinin güclənməsi bütün keçmiş SSRİ məkanında, hətta dünya miqyasında cərəyan edən proseslərlə sıx bağlı idi.
Belə bir şəraitdə Azərbaycan xalqı sınanmış lideri Heydər Əliyevin hakimiyyətə qayıdışını daha böyük təkid və qətiyyətlə tələb etməyə başladı. Əslində xalqın bu tələbi hələ 1988-ci il mitinqlərindən başlayaraq, mütəmadi şəkildə irəli sürülürdü. Yüz minlərlə adam millət və dövlət üçün belə böhranlı məqamda Heydər Əliyev təcrübəsindən, siyasi fəhmindən və uzaqgörənliyindən istifadə olunmasını, onun yenidən siyasi hakimiyyətə qayıtmasına imkan verilməsini tələb edirdi. Lakin nə sovet imperiyasının sadiq buyruqçuları olan yerli kommunist «rəhbərlər», nə də silahlı çevrilişlər yolu ilə müəmmalı şəkildə hakimiyyətə gəlmiş yalançı demokratik qüvvələr milli dövlət quruculuğunda, milli həmrəylik və birlik yolunda son dərəcə mühüm amil olan Heydər Əliyev fenomenindən faydalanmaq istəmirdilər. Çünki birincilər üçün öz ağalarının əmr və tapşırıqlarını sədaqətlə yerinə yetirmək, ikincilər üçün isə əllərinə keçirdikləri hakimiyyət kürsüsünü nə yolla olursa-olsun qoruyub saxlamaq hər şeydən vacib idi. Xalqın və dövlətin taleyi onlar üçün o qədər də əhəmiyyətli deyildi. Onlar Heydər Əliyevin necə böyük bir qüvvə olduğunu, Azərbaycanı düşdüyü bəlalardan yalnız onun çıxara biləcəyini kifayət qədər başa düşürdülər. Lakin hakimiyyət hərisliyi, hədsiz ambisiyalar və milli maraqlara tam laqeydlik bu imperiya buyruqçularına və əyalət siyasətçilərinə layiq olmadıqları halda tutduqları yeri ümummilli mənafelər naminə xalqın həqiqi liderinə, müdrik rəhbərinə və yolgöstəricisinə qaytarmağa imkan vermirdi. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi, Şuşanı, Laçını düşmənə təhvil verdi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir.
1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Heydər Əliyev, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxardı. Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli Liderimizdir. Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir. Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş, məqsədyönlü siyasətin nəticələridir. Bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün real isbatı və daha sürətli inkişafın zəminidir. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin xarici siyasət xəttini özündə ehtiva edən bitkin taktiki və strateji konsepsiyası əsasında bu gün Prezident İlham Əliyev praqmatik və hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir. Azərbaycanın postsənaye cəmiyyətinin quruculuğu yolunda əldə etdiyi ilkin nailiyyətlər, yeni qlobal çağırışlara adekvat olaraq həyata keçirilən islahatlar, hərbi potensialın gücləndirilməsi, iqtisadi modernləşmə mərhələsinin uğurları ölkəmizin qarşıdakı illərdə də yüksəlişinin və inkişafının davamlı olacağından xəbər verir.
Ulu Öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri milli ordu yarada bilməmişdi. Ümummilli Lider Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Qısa zaman ərzində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dərin diplomatik gedişləri ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Bu səhifənin yazılmasını şərtləndirən əsas amillər Ulu Öndərimiz tərəfindən qoyulan milli birliyimiz, milli həmrəyliyimiz olub. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-01-2025