Mobil versiya
Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin milli dəyərlərə dərindən bağlılığı 1969-cu ildən mədəniyyətimizin öz intibah dövrünə keçidini şərtləndirdi”
Tarix: 14-06-2023 | Saat: 12:51
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin milli dəyərlərə dərindən bağlılığı 1969-cu ildən mədəniyyətimizin öz intibah dövrünə keçidini şərtləndirdi”

“Azərbaycan mədəniyyəti, incəsənəti həmişə Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Bəstəkarlarımızın, memarlarımızın, rəssamlarımızın, şair və ədiblərimizin mənəvi inkişafı və tərəqqisi üçün Ümummilli Lider onlara həmişə böyük qayğı göstərmiş, problemlərinə həssaslıqla yanaşmışdır. Heç təsadüfi deyildir ki, məhz Ulu Öndərimizin səyləri nətcəsində Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov, Mustafabəy Topçubaşov kimi şair və ədiblər, bəstəkarlar, elm xadimləri o dövrün ən böyük tituluna - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Bu, Ümummilli Liderimizin öz xalqı qarşısında heç zaman unudulmayacaq tarixi xidmətlərindəndir. Milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğının parlaq təzahürüdür. Azərbaycanın ədəbi-bədii irsinə dərindən bələd olan, onu yüksək qiymətləndirən Ulu Öndər 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla keçirdiyi görüşdə etdiyi çıxışında demişdir: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.” Ümummilli Lider Heydər Əliyev həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün qətiyyətlə mübarizə aparmışdır. Məhz Ulu Öndərimizin milli dəyərlərə dərindən bağlılığının nəticəsidir ki, 1969-cu ildən etibarən mədəniyyətimiz, incəsənətimiz bütün milli mənəvi sərvətlərimiz dirçəlməyə, yenidən dərk olunmağa, soy-kökümüz özümüzə qayıtmağa başlamışdır.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat həmçinin qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər haqlı olaraq Azərbaycan mədəniyyətinin “qızıl dövrü” hesab edilir: “Hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev mədəniyyətimizin və incəsənətimizin tanınmış nümayəndələrinin xatirəsini əbədiləşdirmək naminə məqsədyönlü addımlar atıb. Bu məqsədlə Ümümmilli Liderin təşəbbüsü və dəstəyi ilə həm paytaxt Bakıda, həm də respublikamızın ayrı-ayrı rayon və bölgələrində əzəmətli abidələr ucaldılıb. Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mehdi Hüseynzadə, Hüseyn Cavid və Azərbaycan mədəniyyətinin bir çox digər klassıklərinin abidələri şəhərlərimizin ümumi görkəminə xüsusi cazibədarlıq gətirib. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasını və təbliğ olunmasını hər zaman xüsusi diqqət mərkəzində saxlayan Ulu Öndər 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında belə demişdir: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.” Məhz Ümummilli Liderimizin təşəbbüsü və səyləri ilə Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının. Niyazinin, Bülbülün, M.S.Ordubadinin, Əzim Əzimzadənin, Nəriman Nərimanovun, Cəmşid Naxçıvanskinin və başqa mədəniyyət xadimlərinin ev muzeyləri açılmışdır. Bu xatirə ev muzeylərinə hər il minlərlə tələbə, məktəbli, müxtəlif peşə və sənət sahibləri gəlir. Milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş bu insanların qaynar fəaliyyətləri ilə yaxından tanış olur və bu dahi insanlarla fəxr edirlər. Xalq Şairi Səməd Vurğunun ev muzeyində 1997-ci ildə etdiyi çıxışında Ulu Öndər demişdir: “Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər.”

Öz fikirlərini davam etdirən N.Aslanov Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin digər sahələri kimi, təsviri incəsənətə də böyük qayğı göstərdiyini vurğulayaraq bunları deyib: “Ümummilli Lider Heydər Əliyev bütün incəsənət adamlarının, o cümlədən Azərbaycan rəssamlarının da böyük dostu idi. Təsviri sənət növünə böyük dəyər verən Ulu Öndər 1994-cü ildə böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında etdiyi çıxışında belə demişdir: “Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir.” SSRİ dönəmində 70-ci illərə qədər Bakıda müasir tələblərə cavab verən bircə dənə belə olsun sərgi salonu yox idi. Bu vəziyyət Heydər Əliyevi çox narahat edirdi. Buna görə də, respublikada rəhbərliyə gəldikdən az müddət sonra Ulu Öndər belə bir mədəniyyət mərkəzinin yaradılmasına qərar verdi. Paytaxtın mərkəzində çoxmərtəbəli yeni binanın iki mərtəbəsində geniş və işıqlı sərgi salonu açıldı. 1978-ci ildə Əhmədli yaşayış massivində, 1990-cı ildə isə 4-cü mikrorayonda iki böyük emalatxana - bina inşa olunub rəssamların ixtiyarına verildi. Artıq müstəqillik illərində, köhnə iqtisadi sistemin dağılmasından sonra rəssamların maddi vəziyyətinin çətinləşməsini həssaslıqla duyan Ulu Öndər onlar üçün xüsusi Prezident təqaüdü təyin etdi, əsərlərin satın alınmasına görə müəyyən olunmuş qonorarların həcmini artırdı, yaradıcılıq ezamiyyətlərinin, xarici ölkələrdə sərgilərin sayının çoxalması üçün məqsədyönlü addımlar atdı. Heydər Əliyev hər zaman yaradıcı insanların Azərbaycan incəsənətinə verdiyi bədii töhfələri dəyərləndirməyi çox önəmli hesab edirdi. Buna görə də Ulu Öndərimizin ölkəyə rəhbərlik etdiyi dövrlərdə yüzlərlə fırça ustasına fəxri adlar verilmiş, Dövlət mükafatlarına layiq görülmüşdür. Bu gün də ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş mədəniyyət siyasəti Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlət başçımızın istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəniyyət mərkəzlərinin açılışında iştirakı, sənət xadimlərimizə göstərilən böyük qayğı, teatr və kino sənətinin inkişafı üçün imzalanan sərəncamlar, teatrlarımızın bərpa və yenidənqurma işlərinin müntəzəm olaraq nəzarətdə saxlaması, mədəniyyət xadimlərinə yüksək fəxri adların verilməsi və digər bu kimi tədbirlərin həyata keçirilməsi Heydər Əliyev ideyalarının ölməzliyinin və əbədiliyinin daha bir təsdiqidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024