Mobil versiya
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib -Fotolar
Tarix: 24-05-2023 | Saat: 17:54
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib

Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib. Xəstəxana fəaliyyəti dayandırılmış Saray Modul tipli Xəstəxana kompleksinin bazasında formalaşdırılıb.

Xəstəxana vərəmə effektiv nəzarət üçün əlverişli şərtlər və sistemlər yaratmaq, vərəmin bütün formalarının erkən və keyfiyyətli diaqnostikasının hər kəs üçün əlçatan olmasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sistemli şəkildə apardığı işlərin tərkib hissəsi olaraq fəaliyyətə başlayıb.

Açılış mərasimində TƏBİB-in Müşahidə Şurasının sədri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, departament rəhbərləri, Qlobal Fondun HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramın Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın direktorları, əməkdaşları və b. iştirak ediblər.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov xəstəxananın fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxana inzibati hissə, infeksion xəstəliklər korpuslarından (Modul) və köməkçi sahələrdən (qazanxana, yeməkxana, camaşırxana, oksigen anbarı) ibarətdir.

Sahəsi 3 min kvadratmetr olan üç infeksion xəstəliklər korpusu 100 palata və 200 çarpayı yerindən ibarətdir. Xəstəxana daxilində basil ifraz edən xəstələrin digər xəstələrlə, tibb heyəti və əməkdaşlarla, o cümlədən ziyarətçilərlə kontaktlarının azaldılması üçün rekonstruktiv dəyişikliklər aparılıb, vərəm şöbələri və xidməti otaqlar arakəsmələrlə ayrılıb. Bu korpuslarda xüsusi havalandırma sistemi çirkli havanı ventilyasiya qurğusu ilə filtrlərdən keçirərək zərərsizləşdirib, təmizlədikdən sonra palatalara ötürür. Hər korpusun özünün ventilyasiya qurğusu var.

Xəstəxananın Poliklinika şöbəsində ixtisaslı həkim müayinə otaqları, qanalma otağı, prosedur otağı, laborator xidmətlər otaqları müayinə və müalicənin monitorinqi məqsədilə xidmət göstərir. Bu şöbə ultrasəs müayinə aparatı, hərəkətli rentgen aparatı, bronxoskop, elektrokardioqrafiya, otorinolorinqoloji avadanlıqlar, molekulyar genetik diaqnostik laborator müayinə üçün avadanlıqlar və digər yardımçı cihaz və alətlərlə təchiz olunub.

Ağciyər vərəmi diaqnozlu xəstələrin müalicəsi 1, 2 və 3-cü vərəm şöbələrində təşkil olunub. Yoluxucu vərəmli xəstələr 50 çarpayılıq 3-cü vərəm şöbəsində, yoluxucu olmayan xəstələr isə xəstəlik hallarına uyğun olaraq hərəsi 60 çarpayılıq olan 2-ci və 3-cü vərəm şöbələrində müalicə alırlar.

Ağciyərdən kənar orqanların vərəminin müalicəsi 25 çarpayılıq ağciyərdən kənar vərəm şöbəsində təşkil olunub. Bu şöbədə həkim-ftiziatrlarla yanaşı, həkim-ümumi cərrah və ağciyərdən kənar vərəm üzrə ixtisaslı həkim-ftiziatrlar da fəaliyyət göstərir.

Həyati göstəriciləri pozulmuş və yaşaması risk altında olan, süni tənəffüs aparatına ehtiyacı olan, xüsusi baxım tələb edən xəstələrə reanimasiya və intensiv terapiya şöbəsində 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərilir. Şöbədə müasir tibbi avadanlıqlarla təchiz edilən əməliyyat və prosedur otaqları, 10 çarpayıdan ibarət 5 palata var. Yataq yaralarının profilaktikası məqsədilə hər bir yataq havalı döşəklə təmin edilib.

Bütün reanimasion otaq və palatalar süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunub. Reanimasiya şöbəsində müalicə alan xəstələrə günün istənilən saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılıb.

Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Otaqlardan birində vərəmli xəstələrin müalicəsində xüsusi rolu olan oksigen kompressoru yerləşir və palatalara oksigen ötürülür.

Müalicə alan xəstələrə həkim-diyetoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri veriləcək.

Xəstəxana bütün lazımi şərait, təminat-təchizat və kadr potensialı ilə təmin edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024