Mobil versiya
 Novruz sülhü və tolerantlığı tərənnüm edir.
Tarix: 19-03-2023 | Saat: 19:25
Bölmə:Cəmiyyət | çapa göndər

 Novruz sülhü və tolerantlığı tərənnüm edir.

Azərbaycan xalqının milli adət ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.

Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur.

• İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.
İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir  şam yandırırlar.
Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.

Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Qulaq falı, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.

Tonqaldan tullanmaq, bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.

Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.

Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər

Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. 

Bu bayramın “yeni ruzi”, “yeni zəhmət” mövsümü kimi qəbul olunması xalqımızın əməksevərliyindən, halal zəhmətə bağlılığından irəli gəlir. Düşüncəyə görə, Novruzda təbiət oyanır. Torpaq Günəşin şüası ilə isinir. Bol bəhrəli yeni bir mövsümə hazırlaşır. Həyat yenilənir. İnsanın ruhu təzələnir. Hər kəs bu bayramda, Novruz çərşənbələrində gələcəklə bağlı arzular tutur. Onların həyata keçəcəyinə qəlbən inanır.

Novruzla bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq inancı ilə bilavasitə əlaqədardır. Bu, törəniş düşüncəsidir. Belə bir düşüncə Novruzla bağlı mərasim folklorunda aydın şəkildə öz əksini tapıb. Törəniş düşüncəsini formalaşdıran ünsürlərin çoxuna Novruzun silsilə miflərində, nəğmələrində təsadüf edə bilərik. Novruz çərşənbələrinin hər birində insana uğur və xoşbəxtlik gətirən rəmzləri, ümid və inamı görürük. Bu mənada Novruz insanın öz başlanğıcına qayıdışıdır. O, qəlbən inanır ki, öz xoşbəxtliyini, uğura doğru yolun başlanğıcını həyatı əmələ gətirmiş dörd ünsürdə tapa bilər. Buna görə Novruzun dörd çərşənbəsinin hər biri bu ünsürlərlə bağlıdır.

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. 

Quliyeva Minarə
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024