Mobil versiya
Azərbaycan-Almaniya münasibətləri yeni mərhələdə
Tarix: 19-03-2023 | Saat: 11:43
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan-Almaniya münasibətləri yeni mərhələdə

Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Növbəti inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humantiar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini əhatə edərək əməkdaşlığın dinamizmini daha da sürətləndirib. Tərəflər arasında sıx təmasların geniş xarakter alması ikitərəfli əlaqələrlə bərabər, Avropa strukturları çərçivəsində əməkdaşlığın miqyasına da öz müsbət təsirini göstərib.
Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.
Prezident İlham Əliyevin Almaniyaya səfəri də özündə bir sıra mühüm faktorları ehtiva etməkdədir. Eyni zamanda, daha bir fakt da budur ki, Azərbaycandakı münbit biznes mühiti alman şirkətlərinin ölkəmizdə fəaliyyətlərini daha da genişləndirməsinə imkan verir. Qarşılıqlı ticarət dövriyyəsinin getdikcə artması onu deməyə əsas verir ki, artıq Azərbaycan Almaniyanın etibarlı ticarət tərəfdaşlarından birinə çevrilib.
Bir sözlə, Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının
inkişafı baxımından Azərbaycan Prezidentinin Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə üç saata yaxın davam edən uğurlu görüşləri bir
daha dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada
nümayiş etdirmiş oldu.

Martın 14-də Berlində Kansler Olaf Şoltsla birgə keçirilən mətbuat
konfransındakı çıxışında Prezident İlham Əliyev bildirib ki, "Səfər zamanı
apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya ilə Azərbaycan
arasında əlaqələr yüksək səviyyədədir, siyasi dialoq müntəzəm olaraq
aparılır".
Qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu
sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük
diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda,
Azərbaycanın enerji resurslarının Avropaüçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdaşa çevirib. Dövlət başçımızın dəfələrlə söylədiyi kimi, bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.
Berlində keçirdiyi görüşlərdə Dövlət başçısı bildirib ki, bir çox ölkələr
artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa
başlayıb: "Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın
artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi
planlaşdırırıq".
Prezident İlham Əliyev almaniyalı həmkarı və kanslerlə görüşündə Cənubi Qafqazdakı vəziyyət haqqında da müzakirələr aparıb, dövlətimizin Ermənistanla sülh sazişi imzalamaq təşəbbü ilə çıxış etdiyini vurğulayıb. Dövlətimizin başçısı Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında vurğulayıb: “Onu da bildirməliyəm, əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq. İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”.
Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə bağlı Almaniya hökumətinin Azərbaycanın ədalətli mövqeyinə adekvat münasibəti və ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsi də diqqətəlayiqdir və bu dəstək Kansler Olaf Şolts tərəfindən verilən bəyanatlarda bir daha öz əksini tapıb. Almaniya hökumətinin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib. Həmçinin Almaniya Kansleri ilə birgə mətbuat konfransında Ermənistan–Azərbaycan münaqişəsinin tarixi və hərbi-siyasi yolla həlli barədə ətraflı məlumat verən Prezident İlham Əliyev iki ölkə arasında sülhün yaradılması üçün dövlətimizin atdığı addımlardan danışıb və jurnalistləri bölgədəki real vəziyyətlə, eləcə də Ermənistan rəhbərliyinin qeyri-konstruktiv yanaşması ilə bağlı ətraflı məlumatlandırıb.
Göründüyü kimi, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts bu fikri də xüsusi vurğulayıb ki, beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Bununla da öz mövqeyini bildirmiş oldu.
Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Azər İsmayılov
“Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024