Mobil versiya
Novruzəli Aslanov: “Ermənistan beynəlxalq razılaşmalara əsasən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir”
Tarix: 17-03-2023 | Saat: 13:23
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ermənistan beynəlxalq razılaşmalara əsasən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşündə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul olunub. Bu baxımdan Türk İnvestisiya Fondunun yaradılmasına dair qərar xüsusi qeyd olunmalıdır. Heç şübhəsiz bu Fond Təşkilata üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfələr verəcək. Ankara Sammitinin gedişində Türk dünyası ölkələrinin Xəzər hövzəsində neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələrin birlikdə uğurla həyata keçirildiyi vurğulanıb, ölkəmizin təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə artıq 16 ildir ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan neftinin dünya bazarlarına fasiləsiz çatdırıldığı və əsas seqmenti TANAP olan Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətlərinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları qeyd olunub. Həmçinin Ankara Sammitində son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində sayı və miqyası artan dağıdıcı hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında Türk Dövlətləri Təşkilatının sistemli əməkdaşlıq platformasının, mülki müdafiə sisteminin yaradılmasının, qabaqcıl dünya təcrübəsinin tətbiqinin, ictimai məlumatlılığın artırılmasının, sıx əməkdaşlıq və dəstək mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Prezident İlham Əliyevin Fövqəladə Zirvə görüşündə etdiyi çıxışında toxunduğu məsələlərin vacibliyini qeyd edən deputat bildirib ki, dövlət başçımızın Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozması barədə dediklərini rəsmi İrəvan ciddi mesaj kimi dəyərləndirməlidir: “İlk növbədə belə bir məqamı qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyev Ankara Zirvə görüşündəki çıxışında qardaş Türkiyədə zəlzələdən zərərçəkmiş insalara yardım məqsədilə indiyədək Azərbaycandan AFAD və digər humanitar qurumların bank hesabına 45 milyon ABŞ dollarından artıq vəsait köçürüldüyünü və qardaş Türkiyəyə 5320 ton humanitar yardımın çatdırıldığını qeyd etməklə, həmçinin 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğunu və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın hərbi əməliyyatların ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xatırlatmaqla Azərbaycan və Türkiyə əlaqələrinin ən səmimi dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulamış oldu. Həmçinin dövlətimizin başçısı digər türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətlərinin yüksək qiymətləndirildiyini xüsusi qeyd etdi. Bir qardaşlıq jesti olaraq işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin tikildiyi və Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunduğu diqqətə çatdırıldı. Əməkdaşlıq əlaqələrinin getdikcə şaxələndiyini vurğulayan cənab Prezident ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradıldığını bildirdi. Bununla yanaşı dövlət başçımızın çıxışında Azərbaycanın öz dostlarını dar gündə tək buraxmayacağı kimi, düşmənlərinin də təxribatlarını heç bir halda cavabsız qoymayacağına dair aşkar mesajlar öz əksini tapmışdır. Cənab Prezident birmənalı olaraq bildirmişdir ki, bu gün Qarabağda hələ də qanunsuz erməni silahlı dəstələri və kriminal ünsürlər qalmaqdadır. 2022-ci ildə Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, Ermənistan hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Həmçinin Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınmaqla 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın şərtlərini kobudcasına pozur. Cənab Prezident İlham Əliyev bütün bunların yolverilməz olduğunu qeyd edib və bildirib ki, Ermənistan bunlara görə məsuliyyət daşımalıdır. Azərbaycan Prezidentinin heç zaman, heç bir sözü sadəcə danışıq xatirinə söyləmədiyini artıq bütün dünya və əlbəttə ki, hər kəsdən də daha yaxşı ermənilər bilirlər. Buna görə də yaxşı olardı ki, dövlət başçımızın verdiyi birmənalı mesajları rəsmi İrəvan tam ciddiliyi ilə qəbul etsin və özü üçün müvafiq nəticələr çıxararaq, beynəlxalq razılaşmalara əsasən üzərinə götürdüyü öhdəliklərin dərhal icrasına başlasın.”

Daha sonra N.Aslanov Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edərək bunları deyib: “Bu gün həqiqətən də Azərbaycan Ermənistan tərəfindən 30 illik işğal dövrü ərzində tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Dövlət başçımızın dediyi kimi, həmin ərazilərdə sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə salınır. Azad edilmiş torpaqlarda indiyədək heç yerdə görünməmiş yenidənqurma işləri aparılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına start verilib. Lakin bu gün Azərbaycan ictimaiyyətinin gündəmində artıq yeni bir Qayıdış konsepsiyası müzakirə olunmaqdadır. Məlumdur ki, Türk dünyasının coğrafiyasına müdaxilə məqsədilə 1920-ci ilin noyabr ayında tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzur sovet hökumətinin qərarı ilə respublikamızdan ayrılıb Ermənistana verilmişdir. Bu da Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar öz dədə-baba yurdlarından, indiki Ermənistan ərazisindən zorla qovulmuşlar. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və hələ də UNESCO-dan müsbət cavab gözləyir. Lakin Azərbaycan xalqı beynəlxalq təşkilatların bu kimi məsələlərdə selektiv yanaşma tərzini nümayiş etdirdiklərinin dəfələrlə, həm çox uzun müddət şahidi olub. Buna görə də öz haqlarını, hüquqlarının bərpasını daha təşkilatlanmış formada tələb etmək üçün Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar və bu məqsədə çatmaq üçün xüsusi konsepsiya işləyib hazırlayıblar. Bu barədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün iştirakçılarını məlumatlandıran cənab Prezident İlham Əliyev bildirib ki, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Dövlətimizin başçısı bu Konsepsiyanın məqsədəuyğunluğunu vurğulayaraq, Azərbaycan dövlətinin Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyi kimi, Ermənistanın da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməli olduğunu bildirib. Bu, tamamilə haqlı və ədalətli bir tələbdir və Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmalarına şərait yaratmağa borcludur”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024