Mobil versiya
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə verdiyi açıqlama Ermənistana ciddi mesajdır”
Tarix: 17-03-2023 | Saat: 10:13
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə verdiyi açıqlama Ermənistana ciddi mesajdır”

“Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə hər zaman bir-birinin yanında olmaları növbəti dəfə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali insansevərlik prinsiplərinə əsaslanan təşəbbüsündə öz təsdiqini tapdı. Martın 16-da dövlət başçımızın təşəbbüsü ilə qardaş Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar cənab Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri tərəfindən də bu təklifin qəbul olunması isə bir daha Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin nümayişi oldu. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər ən yüksək səviyyədə müzakirə olunublar. Zirvə görüşündə iştirak edən cənab Prezident İlham Əliyev qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan faciə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına bütün xalqımız adından bir daha dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin öz çıxışında qardaş Türkiyənin Vətən müharibəsinin gedişində ilk saatlardan Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bir daha qeyd etməsi ölkələrimiz və xalqlarımız arasında əsil qardaşlıq münasibətlərinin göstəricisidir: “Qardaş dəstəyinin xüsusilə ağır dönəmlərdə daha lazımlı, daha dəyərli olduğunu vurğulayan cənab Prezident İlham Əliyev buna bariz misal olaraq Türkiyə xalqının və şəxsən Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xatırlatdı və bu dəstəyin xalqımıza əlavə güc verdiyini qeyd etdi. Əlbəttə ki, tarixi dostluq münasibətlərinin öz əksini rəsmi əlaqələrdə də tapması tamamilə məntiqə uyğun bir haldır. Buna görə də 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və dövlətlərarası əlaqələr rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Öz çıxışında dövlətimizin başçısı həmçinin qardaş Türkiyənin müasir dünyada ən nüfuzlu, gücündən və siyasi mövqeyindən asılı olmayaraq bütün ölkələrin hesablaşmalı olduğu bir ölkəyə çevrilməsində Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətlərini xüsusi qeyd etmişdir. Cənab Prezident Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəsin gördüyünü vurğulamış, Türkiyədə davamlı sabitliyin təmin olunmasının, ölkənin inkişafının bütün Türk dünyası üçün önəmli şərt olduğunu bildirmişdir. Həmçinin dövlətimizin başçısı 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərinin etirafı kimi dəyərləndirmişdir.”

Daha sonra A.Naxçıvanlı Prezident İlham Əliyevin çıxışında Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası barədə verdiyi açıqlamaların Ermənistana ciddi mesaj olduğunu vurğulayaraq bunları deyib: “Möhtərəm dövlət başçımızın çıxışında hər zaman olduğu kimi, önəmli açıqlamalar yer almışdır. İlk növbədə 30 illik erməni işğalının fəsadlarından danışan cənab Prezident, daha sonra Ermənistanın 2022-ci ildə Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamasının yolverilməz hal olduğunu bildirmişdir. Eyni zamanda dövlət başçımız Ermənistanın həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını bir daha diqqət mərkəzinə çəkmiş və bildirmişdir ki, bununla Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın şərtlərini kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Dövlət başçımızın çıxışında ən çox diqqət çəkən məqamlardan biri isə əlbəttə ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı oldu. Cənab Prezident bildirdi ki, tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşlar. Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər və onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Dövlət başçısı bildirdi ki, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Sonda cənab Prezident İlham Əliyev son dərəcə haqlı və ədalətli bir tələb irəli sürərək bildirdi ki, Azərbaycan dövlətinin Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyi kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir. Möhtərəm dövlət başçımızın Ermənistana bu mesajı bir daha göstərir ki, Azərbaycan dövləti artıq bundan sonra öz qanuni hüquqlarının pozulmasına heç bir halda göz yummayacaq”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024