Mobil versiya
Kamaləddin Qafarov: “ Qarabağ ermənilərinin gələcəyi Azərbaycan cəmiyyətinə inteqrasiyadan asılıdır ”
Tarix: 14-03-2023 | Saat: 11:55
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “ Qarabağ ermənilərinin  gələcəyi   Azərbaycan cəmiyyətinə inteqrasiyadan asılıdır ”

“Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işini baş vurdu. Bakı Forumunda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik 60 ölkədən 350 nəfər nümayəndə iştirak edirdi. Dövlətimizin başçısı tədbirin açılış mərasimində etdiyi çıxışında Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsinin və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun olduğunu vurğuladı. Forumun proqramı Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edirdi. Bununla yanaşı, bu gün dünya gündəminin bir çox digər aktual məsələləri də müzakirələrin gündəliyinə daxil edilmişdi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: “Öz çıxışında Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında 2019-cu ildən öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə 2023-cü ilədək uzadılmış sədrliyinin bu ilin sonunda başa çatacağını bildirdi. Azərbaycan təşkilata üzv olduğu bütün müddət ərzində və əlbəttə ki, həm də sədrliyi dövründə Qoşulmama Hərəkatını daha da aktivləşdirmək, onun dünyada gedən proseslərə müdaxilə və təsir imkanlarını artırmaq üçün fəal şəkildə və yüksək effektivliklə çalışıb. Bu məqsədlə beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil edilib. Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı oldu. Zirvə toplantılarından biri pandemiya ilə mübarizəyə həsr edildi. Təşkilatın 60 illik tarixində ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı, Hərəkatın Gənclər Şəbəkəsi təsis edildi. Dövlətimizin başçısı bəyan etdi ki, bu ilin sonunda Azərbaycanın sədrliyi başa çatdıqdan sonra da ölkəmiz öz səylərini davam etdirəcək. Çünki Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır.”

K.Qafarov münaqişələrin həlli mövzusunda fikirlərini bölüşən Prezident İlham Əliyevin öz çıxışında irəli sürdüyü konstruktiv təkliflərdə, əslində, Ermənistana da öz gələcəyini qura bilməsi üçün daha bir şansın verildiyini vurğulayıb: “Dövlətimizin başçısı Forumun açılış mərasimində etdiyi çıxışında Azərbaycanın Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün uzun illər ciddi səylər göstərdiyini bir daha bütün iştirakçıların diqqətinə çatdırdı. İşğal nəticəsində Azərbaycanda humanitar fəlakətə yol açmış, bir milyondan artıq azərbaycanlını yurdsuz qoymuş, qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış Ermənistan münaqişəni dinc yolla həll etmək istəmədi və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı. Bununla da Ermənistan beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə açıq-aşkar hörmətsizlik göstərdi. Lakin Azərbaycan BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək öz ərazilərini güc tətbiq etməklə azad etdi. Bu, Azərbaycanın legitim hüququ idi. Azərbaycan 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq təşəbbüsü irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi. Yaxşı olardı ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı bu şansı əldən buraxmağın böyük səhv olacağına inandıra bilsinlər. Bu, Ermənistanın həqiqətən də sonuncu şansı ola bilər. Çünki, Ermənistan ölkəmizə qarşı təcavüz səbəbindən, faktiki olaraq müstəqil gələcəyini qurmaq fürsətini əldən buraxıb. Bu gün isə, Prezident İlham Əliyev öz konstruktiv və ədalətli təklifləri ilə onlara öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaradır. Dövlətimizin başçısı Azərbaycandakı erməni azlığına dair konkret mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli ölkə olduğunu və bütün azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunduğunu bir daha vurğuladı. Artıq həmin insanlar da anlamalıdırlar ki, onların gələcəyi yalnız Azərbaycan cəmiyyətinə inteqrasiya ilə bağlıdır. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların taleyini, onların gələcək həyatını dövlətimiz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024