Mobil versiya
Novruzəli Aslanov: “Prezident İlham Əliyevin açıqlamaları Forumda müzakirə olunan mövzulara dair Azərbaycanın prinsipial mövqelərini nümayiş etdirib”
Tarix: 11-03-2023 | Saat: 12:27
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Prezident İlham Əliyevin açıqlamaları Forumda müzakirə olunan mövzulara dair Azərbaycanın prinsipial mövqelərini nümayiş etdirib”

“Bu gün Azərbaycanın dünyada getdikcə artan nüfuz göstəricilərindən biri də ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da keçirilmiş “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu da məhz belə ənənəvi beynəlxalq tədbirlərdən biridir. Son bir neçə il ərzində Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib. Tədbirin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Bakı Forumunu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı ilə müqayisə edərək birmənalı olaraq bildirmişdir ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə 60 ölkədən 350 nəfər təmsilçinin, o cümlədən 50-dən artıq hazırkı və sabiq prezident və baş nazirin iştirakı bunu deməyə əsas verir ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.


Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında yer alan açıqlamalar Forumda müzakirə olunan mövzuların mahiyyətinə aydınlıq gətirilməsi və həmin məsələlərə münasibətdə Azərbaycanın prinsipial mövqelərinin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib: “Forumda panel müzakirələrindən biri üçün multilateralizm mövzusu seçilmişdir. Məlum olduğu kimi, multilateralizm termini daha böyük güclərə qarşı dura bilmək üçün nisbətən kiçik güclərin bir araya gəlməsini nəzərdə tutur. Əlbəttə ki, müasir dünyamızda multilateralizmin ən bariz təzahürlərindən biri kimi Qoşulmama Hərəkatını göstərmək olar. Azərbaycan bu il Qoşulmama Hərəkatında 2019-cu ildən öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə 2023-cü ilin sonunadək uzadılmış sədrliyini başa çatdırır. Qeyd olunmalıdır ki, əvvəlki illərdə Qoşulmama Hərəkatı əslində sahib olduğu potensialın verdiyi imkanlardan heç də tam istifadə etmir və əksər hallarda daha çox passivlik nümayiş etdirərək dünyada gedən prosesləri daha çox müşahidəçi qismində izləməklə kifayətlənirdi. Lakin bu vəziyyət 2019-cu idən dəyişməyə başladı. Azərbaycan Təşkilatın sədrliyini üzərinə götürdüyü ilk günlərdən beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması istiqamətində effektiv əməli addımlar atıb. O cümlədən Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Cənab Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və onu həyata keçirib. Bundan əlavə, Zirvə Toplantısında möhtərəm dövlət başçımızın təklifinə əsasən 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdur. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Həmçinin Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib və təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.”

N.Aslanov həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verdiyini vurğulayıb: “Ölkəmiz Qoşulmama Hərəkatının institusional inkişafının təmin olunması məqsədilə mütəmadi olaraq önəmli təşəbbüslərlə çıxış edib. O cümlədən Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi yaradıldı və ilk dəfə bu təsisatın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransı 2022-ci ilin iyun ayının 30-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyinin də Bakıda yerləşəcəyinə dair qərar qəbul olundu. Hər iki tədbir təşkilatın institusional inkişafı üçün vaxtında atılmış məqsədyönlü addımlardır. Azərbaycanın irəli sürdüyü və təşkilata üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs də ABŞ-da, Nyu-York şəhərində Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bütün bu təşəbbüslər Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha da artmasına xidmət etmişdir. Dövlət başçımızın dediyi kimi, Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır.”

Daha sonra deputat bildirib ki, Azərbaycanın Cənubi Qafqazda sülh, sabitlik və inkişafın bərqərar olması naminə Ermənistanla ədavət səhifəsini çevirməyə hazır olduğunu bəyan etməklə, Prezident İlham Əliyev bir daha ümumi regionl maraqlardan çıxış etdiyini hər kəsə nümayiş etdirdi: “Forumun açılış mərasimində çıxış edən dövlətimizin başçısı münaqişələrin həlli mövzusunda fikirlərini bölüşərək bildirdi ki, Azərbaycan 30 ilə yaxın müddət ərzinsdə Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışdı. Halbuki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. Bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş vermiş, lakin dünya birliyi Ermənistana qarşı heç bir təsirli tədbir görməmişdir. Nəticədə, cəzasızlıq mühitindən və himayədarlarının dəstəyindən azğınlaşan Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. Artıq bundan sonra Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, BMT Xartiyasının 51-ci maddəsindən istifadə edərək güc tətbiq etdi və öz ərazilərini azad etdi. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi. Bu, bəlkə də Ermənistana öz gələcəyini qurmaq üçün verilmiş sonuncu şans ola bilər. Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev öz çıxışında bu məqamı da xüsusi olaraq vurğuladı ki, ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bu iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəklərinə dair razılığın əldə olunması əslində sülhə nail olmaqda heç bir maneə olmadığını göstərir. Sadəcə olaraq sülh sazişinin imzalanması və sonrakı proseslərin artıq sivil məcraya yönəldilməsi üçün Ermənistan tərəfinin konstruktiv yanaşma və siyasi iradə nümayiş etdirməyi tələb olunur”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024