Mobil versiya
E.Süleymanov: “ Azərbaycan -Latviya əməkdaşlığı hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir
Tarix: 10-03-2023 | Saat: 14:46
Bölmə:Manşet / Ölkə / Seçilənlər-9 | çapa göndər

E.Süleymanov: “ Azərbaycan -Latviya əməkdaşlığı hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir

“Latviya Azərbaycanın müstəqillikdən əvvəl də əlaqələrinin olduğu az sayda Avropa ölkələrindən biridir. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanla Latviya keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olublar. İki ölkə arasında iqtisadi, mədəni əlaqələrin əsası da məhz həmin dövrdə qoyulub. Azərbaycanla Latviya arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Latviya ilə münasibətlərin möhkəmlənməsinə böyük önəm verən Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti bu istiqamətdə çox uğurlu olub. Belə ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində ilk görüş 1997-ci il iyul ayının 8-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı baş tutub. Ümummilli liderimiz Heydər Əliyevlə Latviyanın o zamankı prezidenti G.Ulmanis arasında keçirilən görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanın və Latviyanın dövlət başçıları arasında növbəti görüş 1999-cu il sentyabrın 10-da Yaltada “Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda keçirilən beynəlxalq toplantıda gerçəkləşib. Ulu öndər Heydər Əliyevlə həmin vaxt Latviyanın yeni seçilmiş prezidenti V.Vike Frayberqa arasında keçirlən görüşdə iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsi və mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Martın 8-də Bakıda rəsmi səfərdə olan Latviya Prezidenti ilə birgə Bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq”-deyə qeyd etməsi bu ölkə ilə münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “cənab Prezident Bəyanatında Avropa İttifaqı ilə Strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq qeyd etmişdir ki: “Hesab edirəm ki, siyasi dialoq və iqtisadi əməkdaşlıq aramızda sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir. Həmçinin Latviya Avropa İttifaqı və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır. Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma Avropa İttifaqı Komissiyasının xanım sədrinin iştirakı ilə ötən ilin dekabr ayında Buxarestdə imzalandı. Bir sözlə, bu, Cənub Qaz Dəhlizi kimi meqalayihənin başa çatmasından dərhal sonra sözün əsl mənasında digər qlobal meqa layihədir.” Avropa İttifaqının və NATO-nun üzvü kimi Latviya bu və digər məsələlərdə Azərbaycanla əməkdaşlığa üstünlük verir və ölkəmizin mövqeyini dəstəkləyir.”

Eltun Süleymanov müsahibəsinin sonunda bildirmişdir ki, “ Latviyanın respublikamızla müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərməsi heç də təsadüfi xarakter daşımır. Bildiyimiz kimi, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Latviya ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024