Mobil versiya
Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.
Tarix: 09-03-2023 | Saat: 10:20
Bölmə:Özəl | çapa göndər

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.

Hələ qədim türklərin ana kitabı olan “Kitabi-Dədə Qorqud”da qadına həssas münasibət, yüksək ehtiram, onun cəmiyyətdə tutduğu ali mövqe, mərdliyi və fədakarlığı xüsusi vurğulanmışdır. Bu müqəddəs kitabın bilavasitə varisləri olan azərbaycanlılar həmin ənənəni, yazılmamış qanunu günümüzə qədər yaşatmış və bu gün daha da yüksək səviyyəyə çatdırmışlar. Qədim dövrlərdən əcdadlarımız ən mühüm mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, dilimizin saflığının qorunub saxlanmasını qadınlarımıza etibar etmişlər.
Müasir dövrdə də Azərbaycan qadınının bu özəl xüsusiyyəti xüsusi diqqət mərkəzindədir. Bu gün Azərbaycan qadını sivil dünya qurucularının təmsilçisi, sülh və əmin-amanlığa köklənmiş, cəmiyyətin ictimai-siyasi həyatında öz rolunu yaxşı başa düşən və bu missiyasını tam məsuliyyətlə həyata keçirən müstəqil bir insandır.
Bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır. Və çox xoş bir qismətdir ki, onları ürəkdən dəstəkləyən, qayğılarını çəkən, ən əsası isə həqiqi qiymətini verə bilən dövlət başçımız olmuşdur. Yaxşı bilirik ki, hər hansı bir dövrdə qadına münasibət ilk növbədə ölkə başçısının qadın siyasətindən asılıdır. Bu sahədə bizim qadınları bəxti gətirmiş hesab etmək olar. Çünki uzun müddət bizim müstəqil dövlətimizin başında bəşər tarixinin XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət, ən böyük dövlət xadimi, fitri istedada malik siyasi lider, Azərbaycan xalqının əvəzedilməz oğlu Heydər Əliyev dururdu. Tarixi şəxsiyyətlər tarixin məhək daşına çevrilərək zaman keçdikcə, yaddaşlara həkk olur, əsrlər boyu əbədiyaşar bir varlığa dönürlər. Dünyanın siyasət nəhənglərinin belə həsəd apardıqları Heydər Əliyev cənabları məhz belə şəxsiyyətlərdəndir. Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dəvlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.
Geniş dünyagörüşlü insanların həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün gənclərimizə əsl nümunədir. Belə insanların məhşur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır.
Heydər Əliyev ölkənin, xalqın taleyi barəsində qərar qəbul edəndə bunu həmişə uzaqgörənliklə, gələcəyə hesablanmış şəkildə edirdi. Çünki xalqın nə istədiyini yaxşı bilirdi və buna uyğun istiqamətlərdə də addımlar atırdı. O, insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm vermiş və bu hüquqların qorunması yolunda mühüm addımlar atmışdır. 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Bu, vətəndaşların hüquqlarının müdafəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırmasındakı rolu danılmazdır. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər.
Bu gün Azərbaycan Respublikasının bütün qanunları (Cinayət Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır ki, bunlar bütövlükdə konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlarda qadınlara qarşı ayrıseçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanlar cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab verir.
Qloballaşma şəraitində dünyaya inteqrasiya edən Azərbaycan 27 beynəlxalq Konvensiyaya qoşulub. Onların içərisində “qadınlara münasibətlərdə ayrı-seçkiliyin hər cür formalarının ləğv edilməsi haqqında” (1979), “Əsirlikdə olan qadınların vətəndaşlığı haqqında” (1952), “Nikaha daxil olmağa razılıq, nigah üçün minimal yaş həddi və nikahların qeydiyyatı haqqında” (1962) Beynəlxalq Konvensiyalara və digər sənədlərə Azərbaycan Heydər Əliyevin hakimiyyəti dövründə qoşulmaq imkanı əldə etmişdir.
Bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictima-siyasi həyatında qadın nümayəndəliklərinin genişlənməsinə çox böyük diqqət yetirir. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülüblər. Qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi və onlar üçün zəruri şəraitin yaradılması üçün ciddi işlər görülür. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq ölkə rəhbəri İlham Əliyev tərəfindən aparaılan islahatlar nəticəsində Azərbaycan Respublikasının Birinci vitse-presidenti və Ali Qanunverici orqana xanımlar rəhbərlik edir.

Nəsimi rayon sakini Hüseynli Billurə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024