Mobil versiya
Eltun Süleymanov: “ Hədəfi də, yolu da bəlli olan bir liderin arxasınca getmək və qazanılan hər qələbədə iştirak etmək isə Azərbaycan vətəndaşı üçün şərəf məsələsidir.”
Tarix: 08-03-2023 | Saat: 12:00
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “ Hədəfi də, yolu da bəlli olan bir liderin arxasınca getmək və qazanılan hər qələbədə iştirak etmək isə Azərbaycan vətəndaşı üçün şərəf məsələsidir.”

“Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmiş, ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdir: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.
Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşmişdir. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılmış, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqlənmiş, ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılmışdır. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlirdi.
Qanunverici hakimiyyətin islahatlar kursu ilə ayaqlaşması bu islahatların uğurlu olmasının təminatı kimi vacib idi. Belə bir vaxtda vəziyyətin ciddiliyini nəzərə alan hakim Yeni Azərbaycan Partiyası Mili Məclisin buraxılaraq seçkilərin vaxtının qabağa çəkilməsi təşəbbüsü ilə çıxış etmiş, islahatlara yeni sürət qazandırmışdır. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm bir töhfə oldu. Həmin vaxt ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etdi. Ümumilikdə, seçkilərə qatılmış 1314 namizəddən 305 nəfəri siyasi partiya üzvü olmuşdur. Həmin 305 şəxsdən 244-nün namizədliyi mənsub olduğu siyasi partiya tərəfindən, 61-nin namizədliyi isə özü tərəfindən irəli sürülmüşdü. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf olmuşdur. Qeyd edilənlər göstərdi ki, müstəqillikdən bu yana Azərbaycanda çoxpartiyalı sistemin formalaşma prosesi başa çatmışdır. Beləliklə, deputat seçilmiş şəxslərin (121 nəfərin) ümumi tərkibinin təxminən 35,5 faizi yenilənmiş, cəmiyyətin daha geniş kəsimi parlament vasitəsilə dövlət idarəçiliyində təmsilçilik imkanı əldə etmişdir. Hakim siyasi partiya da deputat korpusunda yeni simalar çıxarmaqla yenilənməyə başlamışdır. Müstəqil Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq Milli Məclisin sədri postuna qadın seçilmişdir. Yeni daimi komitələr yaradılmış, parlament aparatında struktur və kadr dəyişiklikləri aparılmışdır. Mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərlə yanaşı mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olunmuşlar. Milli Cəbhə Partiyasının və Respublikaçı Alternativ Partiyasının dövlət qeydiyyatına alınması ilə Milli Məclisdə təmsil olunan partiyaların sayı 11-ə çatmışdır ki, bunlardan 10-u müxalif mövqelidir.”

Müsahibimiz əlavə edərək bildirmişdir ki, “2020-ci il martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində gələcəkdə çoxpartiyalı idarəçilik sisteminin oturuşması üçün iqtidar komandasının iradəsi olduğunu və parlamentin də bu istiqamətdə hüquqi baza yaratmalı olduğunu vurğulayaraq demişdir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
Zaman göstərdi ki, bu islahatlar və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi uzaqgörən siyasətin nəticəsidir. Əldə edilmiş milli birlik, siyasi sabitlik və milli maraqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazanılan qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun əhəmiyyətini göstərdi. Belə bir məqamda cəmiyyətimizin “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, - deyən Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməsi, bu inam, bu həmrəylik də Qələbəmizin əsas rəhnidir.
İqtisadi sahədə, diplomatiya sahəsində qazanılan uğurlar, Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi tanınması, yeni nəqliyyat dəhlizlərinin açılması, enerji təhlükəsizliyi sahəsində qazanılan uğurlar məhz 2018-ci ildə başlanmış və bu gün də davam edən islahatların nəticəsi kimi qiymətləndirilməlidir.”
Müsahibimz sonda bildirmişdir ki, “ cənab Prezident İlham Əliyev əzmi, iradəsi və milli maraqlara söykənən siyasəti ilə ölkəmizi bundan sonra da işıqlı gələcəyə aparmaq yolunda mübarizənin önündə gedir. Bu yolda onun qələbə qazanacağına əmin olan Azərbaycan xalqı öz liderinə inanır və dəstək verir. Hədəfi də, yolu da bəlli olan bir liderin arxasınca getmək və qazanılan hər qələbədə iştirak etmək isə Azərbaycan vətəndaşı üçün şərəf məsələsidir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024