Mobil versiya
Novruzəli Aslanov: “Müstəqillik ideyalarının reallaşdırılması Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetlərindən olmuşdur”
Tarix: 02-03-2023 | Saat: 12:28
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Müstəqillik ideyalarının reallaşdırılması Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetlərindən olmuşdur”

“Azərbaycanda siyasi partiyaların yaranması 1988-ci ildən başlanan xalq hərəkatının bir təzahürü kimi özünü büruzə verməyə başladı. 1990-cı ildə artıq respublikada bir sıra siyasi təşkilatlar fəaliyyət göstərirdi. Lakin bu partiyaların fəaliyyəti əksər hallarda effektivsizliyi, bəzən isə ümumiyyətlə ümummilli maraqlarla ziddiyyəti ilə diqqəti cəlb edirdi. O cümlədən Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyətə gələn qüvvələrin yarıtmaz fəaliyyəti respublikada siyasi vəziyyətin daha da gərginləşməsinə yol açdı. 1991-92-ci illərdə hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsinin əsas cizgiləri idi. Məhz belə bir dövrdə xalqın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın tarixi VII qurultayında etdiyi çıxışında qeyd olunduğu kimi, milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Əlbəttə ki, ölkədə siyasi böhranın hər gün, hər saat daha da dərinləşdiyi bir dövrdə cəmiyyətin ən qabaqcıl ziyalılarının yeni partiya yaratmaq təklifi ilə məhz Heydər Əliyevə müraciət etmələri heç də təsadüfi deyildi. Ulu Öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Milli maraqlar və müstəqillik ideyalarının reallaşdırılması ümummilli liderimizin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və bundan sonra ölkənin böhrandan çıxma prosesi başladı.”

Bunu aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat YAP-ın Azərbaycanda ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında müstəsna rol oynayan aparıcı siyasi qüvvə olduğunu və ölkəmizdə aparılan siyasi dialoqda önəmli rolunu vurğulayaraq bunları deyib: “Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı bütün ölkə ictimaiyyəti üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. VII qurultayda etdiyi çıxışında Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev xüsusi olaraq vurğulamışdı ki, ölkədə siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün dialoq önəmli amildir. Bu baxımdan YAP həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna dəyərli töhfələr verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. 2022-ci il iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda, o cümlədən ölkədə fəaliyyət göstərən 34 siyasi partiyanın rəhbərləri iştirak etmişdir. Bunu da qeyd etmək lazımdır ki, son illər Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında yeni formatda, sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri və bu məsələnin öz müsbət həllini tapması da deyilənləri bir daha təsdiq etmiş oldu.”

N.Aslanov həmçinin hakim partiyanın humanitar fəaliyyətinin yüksək səviyyədə davam etdirildiyini qeyd edib: “Yeni Azərbaycan Partiyasının fəaliyyətində mühüm istiqamətlərdən birini də humanitar sahədə fəaliyyət təşkil edir. Buna nümunə olaraq 2020-2021-ci illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində Bərdə rayonunda zərərçəkmiş ailələrə YAP tərəfindən 1000 ədəd qatlanan çarpayı verilməsini, evləri dağılmış 28 ailəyə birdəfəlik maddi yardım göstərilməsini, bir ailəyə mənzillə təmin olunana qədər aylıq kirayə haqqı ayrılmasını göstərmək olar. Həmçinin “Qarabağ Dirçəliş Fondu”na 2021-ci ildə 500 000 manat məbləğində vəsait köçürülməsi, “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 2020-ci il ərzində ümumilikdə 500 000 manat vəsait köçürülməsi, tibb müəssisələrinə hər birindən 1000 ədəd olmaqla birdəfəlik kombinezon, maska-respirator və üz qoruyucu sipərlik təhvil verilməsi, 4000-dən artıq aztəminatlı ailəyə və kimsəsiz tənhalara ərzaq və şəxsi gigiyena vasitələri paylanılması da Partiyanın humanitar sahədə effektiv fəaliyyətini nümayiş etdirən faktlardır. Bundan başqa “Silahlı Qüvvələrə Yardım Fondu”na 2020-ci ildə 100 000 manat vəsait köçürülmüş, ön cəbhədə döyüşən əsgərlər üçün 14 700 manat məbləğində isti paltar və zəruri əşyalar alınmışdır. “YAŞAT” Fonduna isə 2020-ci ildə 100 000 manat vəsait köçürülmüşdür. Lakin YAP-ın humanitar fəaliyyəti təkcə ölkəmizin hüdudları ilə məhdudlaşmır. Partiyamız tərəfindən həmçinin qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq fəlakət zonasına göndərilməsi təmin edilib. Bütün bunlar bir daha YAP-ın sözün əsil mənasında ümumxalq partiyası olduğunu isbatlayan amillər kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024