Mobil versiya
Yeni İstilik Elektrik Stansiyasının tikilməsi ölkənin enerji dayanıqlılığının təmin olunmasında mühüm rol oynayacaqdır
Tarix: 19-02-2023 | Saat: 15:41
Bölmə:Ölkə | çapa göndər

Yeni İstilik Elektrik Stansiyasının  tikilməsi ölkənin enerji dayanıqlılığının təmin olunmasında mühüm rol oynayacaqdır

Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Son illərdə dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti ölkəmizin bu sahədə mühüm tərəfdaşa çevrilməsində mühüm rol oynamışdır.
Fevralın 13-də “Gülüstan” sarayında keçirilən təməlqoyma mərasimi də bu qəbildən olna tədbirlərdən biridir. Müstəqillik dövründə inşa ediləcək ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edən cənab İlham Əliyev enerji sahəsində həyata keçirilən siyasətin hə ölkəmiz, həm də dünya üçün əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan enerji sahəsində əldə etdiyi uğurlara görə qabaqcıl yerlərdən birini tututr. Həm də bu enerji Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Öz enerji potensialından səmərəli istifadə edən ölkəmizdə yeni elektrik stansiyalarının işə salınması, mövcud infrastrukturun təzələnməsi nəticəsində Azərbaycanı enerji ixrac edən ölkəyə çevirmişdir. Cənab prezident qeyd etmişdir ki, 1280 Mvt gücündə yeni İES-in tikilməsi “nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.”
Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. İş əmsalının yüksək olması nəticəsində təbii qaza böyük qənaət olunacaq, bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq.
Enerji sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlığa üstünlük verməsi də xüsusi önəm daşıyır. Ölkə başçısı bunu öz çıxışında belə ifadə etmişdir:” İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir: “Mövcud potensialdan səmərəli istifadə etməklə nəhəng enerji layihələrinin həyata keçirilməsi, təmiz enerji əldə olunması üzrə işlərin qlobal səviyyədə genişləndirilməsi bugünkü Azərbaycanın prioritet sahələrindən biri və birincisi olaraq qalır. Cənab Prezidentin çıxışında ifadə etdiyi fikirlər və səsləndirdiyi rəqəmlər müstəqillik dövründə həyata keçirilən enerji siyasətinin nəticəsini təsəvvür etməyə imkan verir: “ Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Sadəcə olaraq, müqayisə üçün deyə bilərəm ki, hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı. Bugünkü mərasim və 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var. Biz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya inşa edilmişdir, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Yəni, biz ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır.”
Bu gün Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkə başçısının həyata keçirdiyi siyasətə görə enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır.
Həm ölkəmiz, həm də dünya üçün kifayət qədər önəmli olan enerji mənbələrinin yaradılması istiqamətində atılan hər bir addım yeni bir uğurdur. Yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlılığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, yüksələn enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024