Mobil versiya
Cənub Qaz Dəhlizi müdrik və uzaqgörən siyasətin məhsulu omaqla bərabər, həmrəylik, dostluq və bəşəri dəyərlərə söykənən layihədir
Tarix: 11-02-2023 | Saat: 10:29
Bölmə:Ölkə | çapa göndər

Cənub Qaz Dəhlizi müdrik və uzaqgörən siyasətin məhsulu omaqla bərabər, həmrəylik, dostluq və bəşəri dəyərlərə söykənən layihədir

Hazırda dünyada yaşanan gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Rusiya-Ukrayna müharibəsinin doğurduğu çətinliklər Avropanı enerji böhranı ilə üz-üzə qoyub. Məlumdur ki, bəzi dövlətlər enerjidən siyasi məqsədlərlə istifadə etməyə, təzyiq vasitəsinə çevirməyə çalışır. Belə bir siyasətin qəti əleyhinə olan Azərbaycanın fərqli mövqeyi dünyada müsbət qarşılanan bir mövqedir. Qoca qitə cənab İlham Əliyevin bu məntiqli və uzaqgörən siyasətindən məmnundur. Çünki ölkəmizin başçısı Azərbaycanın qəti mövqeyini ifadə edib və indiyə qədər bədxahlarımızın ölkəmiz, xalqımız haqqında formalaşdırdığı fikri darmadağın edib.
Azərbaycanın enerji siyasətində Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xidmət edən yeni layihə kifayət qədər geniş bir coğrafiyada enerji xəritəsini dəyişərək tərəfdaş ölkələrə böyük fayda gətirəcək. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Hələlik “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bununla belə, respublikamız toplantıda bildirildiyi kimi, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyir. Ölkəmiz “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı xarici şirkətlərlə fəal danışıqlar aparır. Azərbaycanın tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyi başqa bir yataq “Qarabağ” adlanır. Respublikamız həmçinin böyük qaz potensialı olan daha iki yatağa - “Dan ulduzu” və “Əşrəfi” yataqlarına malikdir. Perspektivdə bu yataqların işlənməsi sayəsində hasil ediləcək qaz da Cənub Qaz Dəhlizi vasitəsilə Avropadakı istehlakçılara çatdırılacaq.
Bu günlərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak və çıxış edən cənab İlham Əliyev bu mövqeni bir daha vurğulayaraq dünyanı böhrandan çıxarmaq üçün əməkdaşlıq və həmrəyliyin vacib olduğunu bildirmişdir: “ Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu, mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur. Xüsusən indi, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində, biz ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasını keçirəcəyik.”
Eyni zamanda bildirək ki. Azərbaycan təkcə qaz ixracı ilə işini yekunlaşdırmır. Bu yaxınlarda BƏƏ-də fəaliyyət göstərən “Masdar” şirkəti ilə imzalanmış saziş ölkəmizin resurslarından səmərəli istifadəyə imkan verməklə yanaşı “yaşıl” enerji istehsalında, o cümlədən bərpa olunan digər enerji növlərinin istehsalçısı və ixravcatçısı rolunda çıxış etməsinə imkan verəcəkdir. Bunu xxüsusi olaraq vurğulayan cənab Prezident demişdir:” Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçiririk. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.
Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, artıq qeyd etdiklərimə əlavə olaraq deyə bilərəm ki, hələ ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır.”
Göründüyü kimi, müdrik və uzaqgörən siyasət istənilən məqamda öz bəhrəsini verir. Bu mənada cənab İlham Əliyevin siyasəti mahiyyət etibarilə bəşəridir. Çünki o siyasət həmrəyliyə, ədalətə və dostluğa söykənir. Bu siyasət onu həyata keçirəni və rəhbəri olduğu ölkəni etibarlı tərəfdaşa çevirir. Bir vətəndaş olaraq bununla fəxr edirik. İnanırıq ki, müdrik rəhbərimiz bundan sonra da Azərbaycanın bəşəriyyətin rifahına və əmin-amanlığına əsaslanan siyasi mövqeyini dünyada nümayiş etdirəcək, ölkəmizin çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024