Mobil versiya
Eltun Süleymanov: "Azərbaycan Türkiyənin yanındadır və bu əbədi olacaqdır"
Tarix: 10-02-2023 | Saat: 12:02
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: "Azərbaycan Türkiyənin yanındadır və bu əbədi olacaqdır"

“Fevralın 6-da son 100 ilin fəlakəti ilə üz-üzə dayanan qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”. Bu onu göstərir ki, xalq olaraq, dövlət olaraq biz Türkiyənin dərdinə şərik çıxır, bütün varlığımızla bu acılı günlərdə qardaş xalqın yanında olmağa, onun yaralarını sarımağa hazırıq.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd edib ki, “zəlzələ xəbəri eşidilən andan xalqımız ayaq üstədir. Hamı fərd olaraq yardıma tələsir. Kimin nəyə gücü çatırsa zərərçəkmiş qardaş-bacılarımız üçün göndərməyə hazırdır. Bakı küçələrində yardıma tələsən, kədərli insanlar bu ağrını türkiyəli qardaşlarımızla birlikdə yaşayır. Bütün televiziyalar verilişlərini bu hadisəyə həsr edib. Bütün tədbirlər təxirə salınıb. Bir millət olaraq faciədən sarsılmışıq, amma yıxılmamışıq. Qardaşlarımızın harayına çatmaq üçün bütün səviyyələrdə hərəkətə keçməyi bacarmışıq. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.”
İlk olaraq 6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. FHN-nin xilasetmə dəstələri artıq xilasetmə işlərinə başlayıb, dağıntılar altında qalan soydaşlarmız xilas edilir, tibbi yardımlar göstərilir. 750 nəfərlik şəxsi heyət gecə-gündüz demədən çalışır.
İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır.
Göründüyü kimi, biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük.
İndi isə ağır təbii fəlakətlə qarşılaşan, çoxlu insanın tələfinə səbəb olan zəlzələnin doğurduğu nəticələrlə üz-üzə qalan qardaşlarımıza dəstək vermək, onların yanında olmaq bizim borcumuzdur.”

Eltun Süleymanov son olaraq bildirdi ki, “həyat bəzən bir insanı ,bir milləti, bir dövləti, bəzən də daha çoxlarını sınağa çəkir. Bu zaman dostluq da, qardaşlıq da, insanlıq da sınağa çəkilir. Bu təbii fəlakət də bir sınaqdır. İnanırıq ki, tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq. Bir millət olaraq Azərbaycan xalqı öz qardaşının yaralarının sarınmasında əlindən gələni əsirgəməyəcəkdir. Çünki Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024