Mobil versiya
Azərbaycan və Türkiyə bu ağır sınaqdan da birlikdə çıxacaq
Tarix: 09-02-2023 | Saat: 12:29
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Azərbaycan və Türkiyə bu ağır sınaqdan da birlikdə çıxacaq

Azərbaycan-Türkiyə qardaşlığı illərin sınağından çıxmış, sarsılmazlığını və dönməzliyini ən mürəkkəb vəziyyətlərdə, ən çətin zamanlarda isbat etmiş münasibətlərdir. Bu gün tarix bu qardaşlığı bir daha sınadı. Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ qardaş ölkədə olduğu kimi, Azərbaycanda da xalqın sonsuz kədər və sarsıntısına səbəb oldu. Lakin bu sarsıntı xalqımızın və dövlətimizin qardaş Türkiyəyə bu fəlakətin dəhşətli fəsadlarını aradan qaldırmaqda dəstək vermək, zəlzələdən zərərçəkmiş inanların zəruri ehtiyaclarını ödəmək üçün yardım etmək məqsədilə lazım olan addımları atmağa mane ola bilməz.

Zəlzələnin baş verdiyi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ zamanı həlak olanlarla bağlı onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Artıq həmin gün FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərilərək Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlamışlar. Bunun ardınca Türkiyəyə yola salınmış daha iki təyyarədə FHN-in tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı olub. Ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunmuş hospitalda FHN-in peşəkar tibbi heyəti xidmət aparır. Ümumilikdə indiyədək Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.

Əlbəttə ki, Türk qardaşlarımıza yardım kampaniyasının ən fəal iştitakçılarından biri də Heydər Əliyev Fondudur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən qardaş ölkəyə göndərilən humanitar yardıma dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək, digər tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxil olub. Bundan başqa yenə də Mehriban xanım Əliyevanın göstərişinə əsasən və Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Bakı şəhərində yardım kampanyasına start vermişdir. Eyni nzamanda da paytaxt Bakı ilə yanaşı ölkənin bütün regionlarının sakinləri də qardaş Türkiyəyə dəstək vermək üçün yardım aksiyasına qoşulublar. Bu gün bütün Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkən qardaşlarına kömək üçün sözün əsil mənasında səfərbər olub. Bu məqsədlə yardım toplama məntəqələrinə axın edən insan izdihamı həqiqi qardaşlığın ən möhtəşəm nümunəsidir.

Türkiyədə baş vermiş zəlzələ təkcə qardaş ölkənin deyil, həm də Azərbaycanın, bütün Türk dünyasının faciəsidir. Azərbaycan-Türkiyə qardaşlığı bu ağır sınaqdan da birlikdə və ləyaqətlə çıxacaq. Allah zəlzələ nəticəsində dünyasını dəyişmiş bütün bacı və qardaşlarımıza rəhmət eləsin, yaralılara tezliklə şəfa versin.

Aqiyə Naxçıvanlı,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024