Mobil versiya
Eltun Süleymanov: Misirlə münasibətlərin inkişafı yeni hədəfləri müəyyən edir
Tarix: 30-01-2023 | Saat: 12:59
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: Misirlə münasibətlərin inkişafı yeni hədəfləri  müəyyən edir

Ərəb dünyasının önəmli dövlətlərindən biri olan Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə tanıyıb. 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında protokol imzalanıb. 1993-cü ilin aprelindən Misirin Bakıda və 1994-cü ilin yanvarından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyi hesab olunur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən olub. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan Misir nümayəndələrinin dəstəyini qazanıb. Bu mənada Misir Prezidenti Sisinin Azərbaycana ilk səfəri mühüm önəm daşıyır. Belə ki, Türkiyə-Misir münasibətlərindəki gəlişmələrdən Misirin regiondakı ölkələrdə baş verən hadisələrdə ciddi mövqe sərgiləyəcəyi müşahidə olunmaqdadır.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərində neytral mövqe tutan Misirlə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün önəmlidir. Bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanla Misirin eyni mövqedən çıxış etməsi bu münasibətlərin daha da yaxşılaşmasına imkan verəcəkdir.
Misir Prezidentini qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ probleminin birdəfəlik həll olunduğunu, bu torpaqların Azərbaycana əbədi məxsusluğunu ifadə edərək bundan sonra regionda sülhün, əmin-amanlığın vacibliyini vurğuladı. Cənab Prezident mətbuata bəyanatla etdiyi çıxışında dedi: “Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi. BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq.”
Azərbaycanla Misir arasında ticari-iqtisadi məsələlərə toxunan cənab prezident bu yöndə atılan addımların və imzalanmış müqavilələrin əhəmiyyətini qeyd edərək bildirdi: “Sahələr də müəyyən edilmişdir - əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi. Burada da böyük imkanlar var.”

Müsahibimiz sonda bildirmişdir ki, yerləşdiyi bölgədə sabitləşdirici rol oynayan Misirlə münasibətlərin inkişafı vacibdir: “Ölkə başçısının bu istiqamətə ciddi önəm verməsi uzaq məqsədlərə yönəlmiş siyasətdir. Yaxın və Orta Şərqdə aparıcı dövlət olan Misirlə həm ticari, həm də siyasi əlaqələrin qurulması Azərbaycan üçün önəmlidir. Bu aspektdən yanaşdıqda cənab Prezidentin həyata keçirdiyi siyasətin mahiyyəti daha yaxşı anlaşılır. Qarşıda daha böyük hədəflər var. Hər bir azərbaycanlı çox gözəl başa düşür ki, bu hədəflərə yalnız Prezident İlham Əliyevlə birgə nail olmaq olar. Bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar artıq hər kəs tərəfindən qəbul olunur, hörmətlə qarşılanır. Azərbaycan xalqı əmindir ki, Azərbaycanın uğurlu gələcəyi məhz Prezident İlham Əliyevlə bağlıdır. Ona görə də xalqımız hər zaman onun ətrafında dəmir yumruq kimi birləşməyə və həyata keçirdiyi siyasəti dəstəkləməyə davam edəcək.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024