Mobil versiya
Aqiyə Naxçıvanlı: “Bu cinayəti törədənlər də, onların arxasında durub terror aktını planlaşdıranlar da tezliklə müəyyən edilib öz layiqli cəzalarını almalıdırlar”
Tarix: 27-01-2023 | Saat: 15:32
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Bu cinayəti törədənlər də, onların arxasında durub terror aktını planlaşdıranlar da tezliklə müəyyən edilib öz layiqli cəzalarını almalıdırlar”

“Yanvarın 27-də səhər saatlarında Tehranda Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum əslində sadəcə ölkəmizə qarşı deyil, həm də bütün dünya azərbaycanlılarına, o cümlədən Cənubi Azərbaycanda yaşayan 35 milyon soydaşımıza qarşı törədilmiş növbəti qanlı terror aktıdır. Azərbaycan yenə şəhid verdi. Öz Vətəninin, öz dövlətinin müdafiəsində mərdliklə duran övladlarımızdan biri xain hücumun qarşısını almaq üçün öz canını fəda etdi. Allah Şəhidimizə rəhmət eləsin, düşmən gülləsinə tuş gəlmiş yaralılarımıza şəfa versin. Lakin bu qan da yerdə qalmamalıdır. Bu cinayəti törədənlər də, onların arxasında durub terror aktını planlaşdıranlar da tezliklə müəyyən edilib öz layiqli cəzalarını almalıdırlar. Bu, İran dövlətinin birbaşa borcudur və Azərbaycan xalqının bunu tələb etməyə haqqı var.”

Bu sözləri Tehranda baş vermiş terror aktını şərh edərkən mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Deputat qeyd edib ki, bu hücum ölkəmizin getdikcə güclənməsindən narahat olan qüvvələrin növbəti təxribat cəhdidir və bu kimi cəhdlərin həmin qüvvələri hansısa bir məqsədlərinə çatdıra bilməsi qeyr-mümkündür: “Azərbaycan artıq özü ilə təhdid dilində danışmağın istənilən halda heç bir nəticə verməyəcəyini döyüş meydanında isbatlayıb. 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizə dostlarımızın nə qədər sevindiyini gördüyümüz kimi, düşmənlərimizlə dostluq edənlərin də necə sıxıldıqlarını və məyus olduqlarını müşahidə etdik. Təəssüflər olsun ki, özünü Azərbaycanın dostu adlandıran İranı da biz daha çox qələbəmizdən məyus olanlar sırasında gördük. 2020-ci ildə Azərbaycanın öz haqqını geri almasını əngəlləyə bilməyən İran bu gün ölkəmizə və dövlətimizə qarşı apardığı düşmənçilik təbliğatı ilə bu gün şahidi olduğumuz terror aktı kimi qanlı təxribatlara yol açır. Əlbəttə ki, bu xaincəsinə hücum xalqımızın hiddətinə və qəzəbinə səbəb olmuşdur. Azərbaycan bütün dünyada tolerantlıq məkanı, sülhün və əmin-amanlığın carçısı, haqq və ədalətin tərəfdarı kimi tanınır, bütün digər ölkələrlə münasibətlərini hər zaman səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qurmağa üstünlük verir. Bu, Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət xarici siyasətinin mühüm baza prinsiplərindən biridir. Təəssüflər olsun ki, Azərbaycanın dünya, o cümlədən müsəlman ölkələri ilə əlaqələrini getdikcə möhkəmləndirməsi, İslam dünyasının birlik və həmrəyliyinə dəyərli töhfələr verməsi cənub qonşumuz olan İran tərəfindən qısqanclıqla qarşılanır. Daha böyük təəssüf doğuran bir hal da budur ki, sözdə, dövlət rəsmiləri səviyyəsində verilən bəyanatlarda özünü Azərbaycanın səmimi dostu kimi təqdim etməyə çalışan İran faktiki olaraq hər zaman ölkəmizi ideoloji hücumlarının hədəfinə alıb. Azərbaycan ərazisində dini-ekstremist qruplaşmaların yaradılması, dini zəmində iğtişaşların törədilməsinə cəhdlər göstərilməsi İranın müstəqil Azərbaycana qarşı əsl münasibətinin təzahürləridir. Lakin Azərbaycana təhdid və hücumlarla təzyiq göstərmək, bu kimi vəhşi üsullarla ölkəmizi öz haqq yolundan, dövlətimizi öz siyasətindən çəkindirmək mümkün deyil. Azərbaycan özünə qarşı bütün təhdidləri dərhal aradan qaldırmağa, istənilən terror ocağını məhv etməyə qadir ölkə olduğunu artıq sübut edib. Buna görə də nə İranın Azərbaycanla sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər, nə rəsmi Tehranın ölkəmizə qarşı əsassız bəyanatları, nə də heç bir terror aktı Azərbaycanı öz haqq yolundan döndərə bilməz”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024