Mobil versiya
Cənab İlham Əliyev dünya güclərinə əsas hədəfi göstərdi
Tarix: 25-01-2023 | Saat: 11:38
Bölmə:Siyasət | çapa göndər

Cənab İlham Əliyev dünya güclərinə əsas hədəfi göstərdi

İsveçrənin Davos şəhərində keçirilən illik İqtisadi Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına çox geniş və əhatəli müsahibə vermişdir. Cənab prezident müsahibəsində Azərbaycan-Çin münasibətlərindən, ölkəmizin enerji təhlükəsizliyi sahəsində gördüyü işlərdən və qazanılmış uğurlardan, habelə dünya ictimaiyyətini narahat edən bir sıra problemlərdən danışmış, onların həll yollarını göstərmişdir.
Azərbaycan-Çin münasibətlərinə dair sualı cavablandıran ölkə başçısı bildirmişdir ki, “Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik.”
Qeyd etmək lazımdır ki, Azərbaycan Çinin simasında idxalat və ixracat mallarına malik böyük bir bazarla əlaqə saxlamaqda olduqca maraqlıdır. Çin də eyni zamanda Azərbaycan bazarına can atır. Son zamanlar Azərbaycanın Çin bazarında geniş təmsil olunması müşahidə olunur. Təsadüfi deyil ki, hazırda Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri fəaliyyət göstərir. Həmçinin Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya layihələrində iştirakı iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsas meyardır. Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox Çin şirkəti fəaliyyət göstərir.
Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Son 20 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 34 dəfə artaraq, 2021-ci ildə təqribən 1,8 milyard dollara çatmışdır.
İki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur. Təqdirəlayiq haldır ki, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir.
Azərbaycan və Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək yolu birləşdirirdi. Bu gün isə iki ölkə arasında artıq yeni formatda bərpa olunmuş bu ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət həyata keçirilir. İnanırıq ki, Zəngəzur dəhlizi Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə "Orta Dəhliz" rolunu oynayacaq.
Əgər okean və dəniz yolu ilə yüklər Çindən Avropaya 30-35 günə çatdırılırsa, eyni yüklər quru yolla Azərbaycan üzərindən Avropaya 13-15 günə çatdırıla bilər. Bu isə kapitalın dövriyyəsinin sürətlənməsinə və nəticə etibarilə onun sahibinə 2-3 dəfə çox gəlirin gətirilməsinə şərait yaradılması deməkdir.
Siyasətin insanlara xidmət etməli olduğunu xatırladan cənab prezident ona ünvanlanmış suala belə cavab vermişdir:” Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür. Bu suala cavab verərkən sizin diqqətinizə çatdıra biləcəyim daha bir misal bizim Qoşulmama Hərəkatının sədri kimi səylərimizdir. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər.”
Çin tərəfindən təklif edilmiş “Vahid Gələcək Birliyi” ideyasına münasibət bildirən ölkə başçısı qeyd etmişdir ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Həmçinin o da vurğulanmışdır ki, Çin bunu qlobal miqyasda, Azərbaycan isə bunu daha çox regional miqyasda həyata keçirir: “Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz.”
Bu gün əsas qlobal layihələrdən olan “Orta Dəhliz layihəsinə toxunan cənab İlham əliyev əminliklə bildirmişdir ki, “...Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm - Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta Dəhlizin parlaq gələcəyi var.”

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024