Mobil versiya
Qlobal dəyişikliklərin mərkəzində Azərbaycanın yeni rolu
Tarix: 21-07-2025 | Saat: 22:55
Bölmə:Siyasət | çapa göndər

Qlobal dəyişikliklərin mərkəzində Azərbaycanın yeni rolu

2025-ci ilin iyulunda Azərbaycanın tarixi və strateji şəhəri Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu həm mahiyyəti, həm də formatı baxımından regional media tədbiri olmaqdan çıxaraq qlobal dialoq platformasına çevrildi. Cənab Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi və birbaşa suallara cavab verdiyi Forum, 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndəsinin iştirakı ilə dünyanın diqqətini bir daha Qarabağa yönəltdi. Bu ilki Forumun əsas mövzusu — “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” — həm müasir dövrün çağırışlarına cavab verir, həm də medianın dəyişən dünya düzənindəki rolunu yenidən düşünməyə çağırırdı. Forumun moderatoru – “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspunun sözləri ilə desək, bu tədbir “fikri formalaşdıran rəhbərləri, media peşəkarlarını və dünyanın müxtəlif yerlərindən gəlmiş insanları dialoq və şəffaflıq prinsipləri əsasında bir araya gətirməyi hədəfləyib.” Əslində bu həm də media diplomatiyası və strateji yumuşaq güc kimi də önəmlidir. Artıq üçüncü ildir ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc alətlərindən biri kimi, həm informasiya müharibəsində, həm postmünaqişə reallıqlarının tanıdılmasında, həm də media diplomatiyasının inkişafında mühüm rol oynayır. III Şuşa Qlobal Media Forumunda verilən ilk suallardan biri Prezident İlham Əliyevin ev sahibliyi etdiyi COP29 tədbirinin nəticələri ilə bağlı oldu. Forum iştirakçısı Klaus Piter Ralf Yurgensin verdiyi bu sual, əslində Azərbaycanın iqlim diplomatiyasında artan roluna verilən beynəlxalq qiymətin ifadəsi idi. Cənab Prezident İlham Əliyevin cavabında diqqətçəkən məqamlar çox idi. Onun “Azərbaycan ekoloji məsuliyyətə sadiq ölkədir” fikri, “su və təbii qaz əsas enerji mənbəyimizdir”, “2030-cu ilə qədər 6 giqavatlıq yaşıl enerji istehsalı hədəflənir” və “biz COP29-un mirasını praqmatik və realist yanaşmalarla irəli apardıq” cümlələri təkcə hesabat yox, həm də yaşıl inkişafın siyasi fəlsəfəsini əks etdirir. Bununla yanaşı, Azərbaycanın karbon bazarları ilə bağlı 6-cı maddə üzrə razılaşmanı təmin etməsi, 100 milyard dollarlıq ilkin maliyyə vədinin 300 milyard dollara çatdırılmasına nail olması ölkəmizin qlobal iqlim dialoqunda yalnız ev sahibi deyil, qərarverici mərkəzlərdən birinə çevrildiyini göstərdi. Sətiraltı mənası isə budur: Azərbaycan, ən böyük çirkləndiricilərdən biri olmamasına baxmayaraq, qlobal məsuliyyəti üzərinə götürür və Qlobal Cənubun səsi olmağı bacarır. Bu yanaşma həm də ölkənin post-neft strategiyasının uğurla davam etdiyini nümayiş etdirir. Forumda Özbəkistan nümayəndəsi Şerzodxon Kudratxucanın verdiyi sual Zəngəzur dəhlizinə və onun türkdilli ölkələri birləşdirən qlobal tranzit yoluna çevrilməsi ilə bağlı idi. Prezident İlham Əliyev bu suala böyük geosiyasi baxış bucağı ilə cavab verdi. “Zəngəzur dəhlizi təkcə Azərbaycanla Naxçıvanı birləşdirmir. Bu, eyni zamanda Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin alternativ yoludur” – deyə Prezidentin vurğulaması, Azərbaycanın logistika diplomatiyasında yeni mərhələyə keçdiyini təsdiqləyir. Azərbaycan artıq regionun geoiqtisadi arteriyalarını dizayn edən ölkə kimi çıxış edir. Cənab Prezidentin “biz bir ildən az müddətdə dəmir yolumuzu Ermənistan sərhədinə qədər çatdırırıq”, “15 milyon tonluq yük keçidi gücü planlaşdırılır” və “bu dəhliz Körfəz ölkələri üçün də mühüm tranzit marşrut olacaq” fikirləri Azərbaycanın geopolitik təzyiq olmadan iqtisadi alətlərlə regional inteqrasiyaya verdiyi töhfəni açıq şəkildə nümayiş etdirir. Bu isə o deməkdir ki, Azərbaycanın regionda təzyiq yox, təşəbbüs və imkanlar siyasəti var. Bu yanaşma təkcə Ermənistanı deyil, Orta Asiya, Rusiya və Avropa ölkələrini də bu tranzit xəritəyə daxil olmağa sövq edir. III Şuşa Forumunun əsas mövzusu “Rəqəmsal keçidlər və süni intellekt dövründə media dayanıqlılığı” idi. Bu, sadəcə texnoloji bir məsələ deyil — məlumat təhlükəsizliyi, jurnalistika etikası və informasiya müharibələrinə qarşı müqavimət mexanizmlərinin gündəmə gətirilməsi demək idi. Süni intellektin medianı necə dəyişdirdiyinə dair forum boyunca səslənən çıxışlar göstərdi ki, ənənəvi xəbər istehsalı prosesi süni alqoritmlərin təsiri altına düşür. Prezident İlham Əliyevin forumun girişində “söhbət təkcə mediadan deyil, qlobal gündəlikdən gedir” deməsi də, məhz bu çoxşaxəli çağırışlara işarə idi. Süni intellektin məsuliyyətli tətbiqi, “deepfake” təhlükəsinə qarşı informasiya etikası, “ağıllı senzura” mexanizmləri və dezinformasiyaya qarşı qlobal media əməkdaşlığı — bütün bu məsələlər Şuşada ciddi şəkildə müzakirə olundu. Forum, əslində, medianın texnologiya qarşısında deyil, texnologiya ilə birgə tənzimlənməsi fikrinin möhkəmləndirildiyi mərkəz oldu. Yəni, Azərbaycan medianın gələcəyinə yalnız “redaktor və xəbər” münasibəti ilə baxmır. Texnoloji suverenlik və rəqəmsal təhlükəsizlik kimi anlayışlar artıq siyasi diskursun ayrılmaz hissəsidir. Forumda Rusiya ilə münasibətlərə birbaşa sual ünvanlanmasa da, cənab Prezident İlham Əliyevin verdiyi cavablar, qeyri-rəsmi siyasi xəttin də açıq şəkildə formalaşdığını göstərdi. Zəngəzur dəhlizi, Şimal-Cənub dəhlizi və regional əməkdaşlıq haqqında danışarkən Azərbaycanın Rusiyanı neytrallaşdıran, eyni zamanda onu proseslərə cəlb edən çoxformatlı siyasəti diqqət çəkdi. Burada Prezidentin COP29 zamanı ABŞ-ın mövqeyini tənqid etmədən, lakin aydın şəkildə qeyd etməsi, Azərbaycanın balans siyasətinin nə qədər peşəkar və strateji düşünülmüş olduğunu ortaya qoyur. Prezidentin dediyi kimi: “Biz körpü rolunu oynadıq. Qlobal Şimal və Qlobal Cənub arasında anlaşmanı təmin etdik.” Azərbaycan heç kimin siyasi sateliti olmadan, öz maraqlarını qorumağı və hər tərəflə bərabər hüquqlu tərəfdaş kimi danışmağı bacaran bir dövlətdir. Bu yanaşma, yeni dünya düzənində vasitəçi ölkələrin artan rolunu da təsdiqləyir. III Şuşa Qlobal Media Forumu təkcə jurnalistika və informasiya ilə bağlı müzakirə məkanı deyildi. Bu forum Azərbaycanın qlobal siyasi təşəbbüskar ölkəyə çevrildiyini, informasiya təhlükəsizliyində, texnoloji transformasiyada və regional diplomatiyada mərkəz olduğunu sübut etdi. Buradan verilən əsas mesaj budur: Azərbaycan nəinki öz gerçəkliyini dünyaya izah edir, həm də yeni qlobal reallığın formalaşmasında iştirak edir.


Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2025