Mobil versiya
Bakı Sağlamlıq Mərkəzi, yoxsa xəstəlik mərkəzi?.. - NARAZILIQ VAR...
Tarix: 21-06-2016 | Saat: 15:54
Bölmə:Seçilənlər | çapa göndər

Bakı Sağlamlıq Mərkəzi, yoxsa xəstəlik mərkəzi?..


...Dövlət müəssisəsi olan bu sağlamlıq ocağından “Təzadlar”a neçə dəfədir şikayətlər daxil olurdu. Ancaq çox vaxt şikayətçilər adlarının gizli qalmasını istəyirdilər. Bunu isə biz təbii ki, anonim olduğundan, qəbul edə bilməzdik.

Bu günlərdə isə, Suraxanı rayon sakini Zülfiyyə Həsənova konkret olaraq, öz adı və soyadı ilə şikayət ünvanlamışdı. Şikayət məktubunda göstərilən mobil telefona zəng edib, Z.Həsənova ilə söhbət etdim. Nədən narazı olduğunu və məktubda göstərdiyi korrupsiya hallarını telefonda bir daha mənə danışdı. Zülfiyyə xanım onu da vurğuladı ki, öz hüquqlarını qorumaq üçün axıra qədər mübarizə aparacaq ki, günahkarlar layiqli cəzasını alsınlar. Z.Həsənova telefonla söhbətimizdə dönə-dönə xahiş etdi ki, onun şikayətini qeyd etdiyi ünvanlara qəzet vasitəsilə çatdıraq. Qəzetimiz hər bir vətəndaş üçün açıq olduğundan, Z.Həsənovanın da şikayətini xeyli araşdırma aparandan sonra dərc etmək qərarına gəldik. Çünki səhiyyə naziri cənab O.Şirəliyevin belə hallara qarşı ciddi mübarizə apardığını, xəstəxanalarda müalicə və müayinənin yüksək səviyyədə təşkil olunmasına çalışdığını yaxşı bilirik. Bu səbəbdən şikayət məktubu hərtərəfli araşdırmanı zəruri edirdi. Bu, həm də “KİV haqqında” Qanunun tələbidir. Araşdırma zamanı isə Bakı Sağlamlıq Mərkəzi (BSM) haqqında olduqca maraqlı faktlar əldə etdik. Hətta axtarışlarımız zamanı digər şikayətçilər də üzə çıxdı və məlum oldu ki, bu sağlamlıq ocağı doğrudan da, korrupsiya yuvasına çevrilib... Araşdırma barədə Z.Həsənovanın şikayət məktubundan sonra məlumat verəcəyəm. İndi isə səhiyyə naziri cənab O.Şirəliyevə və Baş Prokuror yanında Korrpusiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab K.Əliyevə ünvanlanmış müraciət barədə. Şikayətçi-Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 54-də yaşayan Zülfiyyə Həsənova yazır: Hörmətli redaksiya!
Mənə sizin qəzet haqqında məlumat verdilər ki, bu qəzet bir çox haqqı tapdanan insanların haqqını obyektiv olaraq müdafiə edir. Ona görə də, başıma gələnlər barədə sizə müraciət edirəm ki, qəzetiniz vasitəsilə bunları səhiyyə naziri cənab O.Şirəliyevə və Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi K.Əliyevə çatdırasınız.
Nəzərinizə çatdırıram ki, mən Bakı Sağlamlıq Mərkəzində sanitar xidmətçisi işləyiridim. Əvvəllər hər şey qaydasında idi. Ancaq bu səhiyyə ocağına Hikmət Həsənov baş həkim gələndən sora hər şey dəyişdi. İşlədiyi 1 il müddətində sağlamlıq mərkəzini korrupsiya yuvasına çevirib. Heç bir əsas olmadan, necə ilin işçilərini işdən çıxarır, pulla yerdəyişmələr edir, dövlət tərəfindən xəstələrə verilən dərmanlar kənarda satılır. Xəstələr isə dərmanları elə həmin mərkəzdən pulla alırlar. Baş tibb bacısı Sevil sanitar işləyən Fatimənin əli ilə dərmanları satdırır. Üçüncü mərtəbədə Nevrologiya şöbəsi var. Burada bir nəfərlik xəstə üçün yerin qiyməti 20 manatdır. Xəstəyə yataq dəstləri imkanından asılı olaraq, 5-10 manata verilir. Bütün bunlar isə xəstələrdə haqlı olaraq, narazlıq yaradır.
Hörmətli redaksiya!
Baş həkim Hikmət Həsənovun gəlişindən sonra xəstələr hamısı pullu müalicə olunurlar. Deməli, 10-15 gün müalicə alan xəstənin 100-150 manat xərci çıxır. Axı bura dövlət xəstəxanasıdır və müalicələr də pulsuz olmalıdır. Amma baş həkim H.Həsənovun burada öz qanunları işləyir. Hətta iş o yerə çatıb ki, sağlamlıq mərkəzinin girişində dayanan mühafizəçilər gələnləri 3-5 manata içəri buraxırlar.
Rəhbərlik köhnə işçiləri bir bəhanə ilə işdən çıxartmaq üçün hədələyir. Nəticədə isə baş həkim H.Həsənov ondan pul alıb ya yerində saxlayır, ya da başqa şöbəyə keçirir. Məsələn, bufetdə işləyən Rənanı “işdən çıxardıram”la hədələyən H.Həsənov, sonra ondan 300 manat alaraq, başqa şöbəyə keçirdi. Mənim özümü də kiçik bir bəhanə ilə işdən çıxardıblar. Təbii ki, məndən də pul umurdu, lakin mən pul vermədim. Bəs bəhanə nə idi? Bir xəstənin evə buraxılandan sonra palatada 3 manatlıq çay termosu qalmışdı. Bir neçə gün termos həmin palatada qaldı. Sonra mən həmin xəstənin otaq yoldaşına dedim ki, bu termosu mən götürüb saxlayıram ki, it-bata düşməsin. Həmin adam nə vaxt gəlsə, deyərsiniz ki, termos məndədir. İki həftədən sonra həmin adam termosunun dalınca gəldi və mən də təbii ki, onu yiyəsinə qaytardım. Ancaq bu məsələ baş həkimin əlinə bəhanə verdi ki, guya mən oğurluq etmişəm.
Hörmətli redaksiya!
Özünüz fikirləşin, bu necə oğurluqdur ki, götürəndə xəbərdarlıq da edirəm ki, termos məndədir? Dediyim kimi də, yiyəsi gələndən sonra termosu özünə qaytarmışam. Əlbəttə, bunlar hamısı pul tələsidir. Baş həkim məndən pul ala bilmədiyinə görə neçə il işlədiyim yerdən məni uzaqlaşdırdı. Mən orda işləyəndə də həmişə xəstələrdən alınan pullara görə narazlıq edirdim. Bu isə, baş həkimə və onun əlaltılarına sərf etmirdi. Ona görə də, termosu bəhanə edib, məni işdən çıxartdılar. Mən hazırda işsizəm və böyük maddi ehtiyac içərisində yaşayıram. Amma baş həkim Hikmət Həsənov az müddətdə böyük var-dövlətə sahib olub. Axı kasıbların malını, pulunu necə yemək olar? Əgər Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakı Sağlamlıq Mərkəzində araşdırma aparsa, çox ciddi yeyinti faktları üzə çıxacaq. Mənim nazir kimi Oktay Şirəliyevə böyük hörmətim var. O, hər bir işçinin qədrini biləndir. Ancaq çox təəssüf ki, Hikmət Həsənovun baş həkim kimi Bakı Sağlamlıq Mərkəzində nə oyundan çıxdığından xəbərsizdir. H.Həsənov öz qanunsuz əməlləri ilə səhiyyəni və nazirliyi gözdən salır, nazirin də adına ləkə gətirir.
Hörmətli redaksiya!
Xahiş edirəm, mənim müraciətimi olduğu kimi dərc edəsiniz ki, həm cənab nazir O.Şirəliyev, həm də Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab K.Əliyev xəbərdar olsun. İstəyim odur ki, mənim pozulmuş hüququm bərpa olunsun və qanunsuzluqlara yol vermiş Hikmət Həsənov layiqli cəzasını alsın. Əvvəlcədən sizə dərin təşəkkürümü bildirirəm.
***
Müraciətdə göstərilənləri araşdırmaq qərarına gəldim. Əvvəlcə yazıda adı hallanan BSM-nin baş həkimi Hikmət Həsənovu axtardım. Bu məqsədlə xəstəxananın 440-74-57 saylı telefona zəng etdim. Köməkçi olduğunu bildirən Lalə xanım qeyd etdi ki, bu nömrə ilə baş həkimi birləşdirmək olmur. Ona görə də xahiş etdi ki, 440-94-53 saylı telefona zəng edək. Bu nömrədən cavab verən başqa bir xanıma şikayətin məzmununu danışıb məsul şəxsin mövqeyini öyrənmək istəyimi bildirdim... Xanım isə xeyli pauzadan sonra bildirdi ki, Hikmət doktor yerində yoxdur. Belə olan surətdə mobil telefonumun nömrəsini verdim ki, gələndə mümkünsə, əlaqə saxlasın, çünki əks tərəfin mövqeyni öyrənmək bizim peşə borcumuzdur. İki gün keçdi, telefonuma heç bir zəng gəlmədi. Yenə həmin nömrədəki xanımdan xahiş etdim ki, Hikmət Həsənovla məni calaşdırsın. Həmin xanım baş həkimin köməkçisi deyilən Lalə xanımla əlaqə saxlayandan sonra bir mobil nömrə verdi ki, onların mətbuat xidmətidir. Nə sualım olsa, o cavab verməyə hazırdır, adı da Şərafətdir və guya onların mətbuat xidmətidir. Təbii ki, xəstəxanada mətbuat xidmətinin olması məni xeyli təəccübləndirdi. Nəhayət, verilən nömrəyə zəng edərək Şərafət müəllimlə əlaqə saxlayıb, özümü təqdim etdim. Onun da özünü təqdim etməsini xahiş etdim ki, görüm mənimlə danışan hansı səlahiyyət sahibidir. Nə qədər xahiş etsəm də, Şərafət müəllim özünün BSM-də hansı vəzifə daşıdığını demədi... Hər dəfə də hirsli şəkildə təkrar edirdi ki, məni jurnalist olaraq, nə maraqlandırır? Lakin bir neçə cəhdimə baxmayaraq, Şərafət müəllim hansı vəzifədə işlədiyini demədi. Təbii ki, mən də kiminlə danışdığımı bilmədən lazımı sualları vermədim. Artıq baş həkimlə danışmağın mümkünsüz olduğunu görəndən sonra, Səhiyyə Nazirliyi Mətbuat Xidmtəinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladım. Rayonda tədbirdə olsa da, Liya xanım məni çox təmkinlə dinlədi. Məsələdən tam hali olandan sonra bildirdi ki, sabah baş həkim mənimlə əlaqə saxlayacaq və istədiyim sualları verə biləcəyəm.
Bir gün keçdi, ancaq baş həkim Hikmət Həsənovdan yenə səs-soraq çıxmadı. Yenə nazirliyin mətbuat xidmətinə zəng vurub, bu dəfə xidmətin əməkdaşı Şəfayət xanımla danışdım. Şəfayət xanım nədənsə, Hikmət Həsənovu ciddi-cəhdlə müdafiə etməyə çalışdı. Həm də qeyd etdi ki, şikayətçi niyə Səhiyyə Nazirliyinə yox, bizim qəzetə müraciət edib? Yəqin ki, Şəfayət xanıma xatırlatmağa ehtiyac yoxdur ki, vətəndaşın hara müraciət etməsi onun şəxsi hüququdur. Beləliklə, demək olar ki, Səhiyyə Nazirliyinin Mətbuat Xidməti Hikmət Həsənovu bizdən gizlətdi.
BSM haqqında araşdırmamız isə davam etdirdik. Bakı şəhər sakini və bir neçə dəfə BSM-də müayinə və müalicədə olmuş Samir Dadaşovun (ad və soyad hələki şərtidir) dedikləri:
“Qardaş, bu xəstəxanaya yaxın durmaq mümkün deyil. Heç mühafizəçilərdən keçib, hansısa həkimdən söz soruşmağın özü də problemdir. Pul verməsən mühafizəçi səni içəri buraxmaz. Axı tutaq ki, mən mühafizəçiyə pul verib içəri keçdim və həkim də dedi ki, xəstəliyin buralıq deyil. Belə olan surətdə mən mühafizəçiyə niyə pul verməliyəm? İmkan vermirlər ki, adi sözü həkimdən soruşum. İçəri isə tamam başqa aləmdir. Mən prostat, şəkər, qan təzyiqi və qan analizlərinin müayinəsi üçün 100 manata qədər pul xərclədim. Adamın üzünə dirənirlər ki, verməlisən. Axı bu dövlət xəstəxanasıdır. İmkanım olarsa, özüm gücüm çatan qədər hörmət edərəm. Daha mənə qiymət oxumasınlar. Əgər mənim pulum olsaydı, daha dövlət xəstəxanasına yox, özəl xəstəxanalara gedərdim. Vallah, belə biabırçılıq olmaz. Buranın bir yiyəsi var, yoxsa, yox?”
Bayıl sakini, 32 yaşlı Ruslan Nəzirovun Bakı Sağlamlıq Mərkəzində başına gələnlər isə lap dedektiv filmə bənzəyir. Deməli, iyunun 14-ü axşamı R.Nəzirovun ürəyində problem yaranır və təcili yardım çağırırlar. Gecə ikən R.Nəzirovu təcili yardım ilə BSM-ə gətirirlər və dərhal da üçüncü mərtəbədə olan reanimasiya şöbəsinə yerləşdirirlər. Burada ilkin tibbi yardım göstərilir, müəyyən prosedurlar həyata keçirilir, iynə vurulur, dərman verilir, ürəyin kardioqramması çıxarılır. R.Nəzirov özünə gəlir. Səhər isə atası Azad kişi oğlunun vəziyyəti ilə maraqlanmaq üçün BSM-ə yollanır. Burada qeydiyyat şöbəsində oğlunun qeydiyyata alınması üçün 25 manat tələb edirlər. O, isə bildirir ki, bura dövlət xəstəxanası olduğu üçün hazırlıqsız gəlib və ona görə də 10 manat verə bilər. Əlavə olaraq, qeyd edir ki, sabah gəlib nə qədər lazımsa, hamısını ödəyərəm. Elə həmin səhər isə özünə gələn R.Nəzirov ödəyəcəyi 200 manatı adını unutduğu reanimasiyanın kişi həkimindən (deyilənə görə adı Vahiddir) eşidəndə yenidən özündən gedir. Nəhayət, özünə gələn R.Nəzirov həkimdən soruşur ki, nəyə görə bir gecə üçün 200 manat ödəməliyəm? Həkimin cavabı: “Bizə dava-dərman vermirlər, bütün bunları cibimin pulu ilə almışam. Ona görə də bu məbləğ ödənməlidir”.
R.Nəzirovun mənə dedikləri: “Gecə mənə xidmət edən tibb bacılarına 5-5, 10-10 hörmət etdim. Yəni 40 manat xərclədim. Eşidəndən sonra dövlət xəstəxanasına 1 gecə üçün 200 manat pul ödəməliyəm, dəhşətə gəldim ki, axı bura bazar deyil, dövlət xəstəxanasıdır. Gördüm atamın gəlməyini gözləyirlər ki, həmin məbləği ondan alsınlar. Təcili atama zəng vurdum ki, bəs, buralarda görünmə, səni soyacaqlar, özüm də indi bir təhər aradan çıxacağam”.
R.Nəzirov belə də edir. Gizli şəkildə paltarlarını əldə edib, taksi ilə evlərinə qaçır. İndi fikir verin, bu, bir dedektiv filmə bənzəyir, ya yox? Dövlət xəstəxanasının kolxoz bazarına dönməsinin səbəbkarı isə baş həkim Hikmət Həsənovun fəaliyyəti deyilmi? Elə ona görə də, bizə müraciət edən şikayətçi Zülfiyyə Həsənova qeyd edirdi ki, Hikmət Həsənov baş həkim gələndən sonra BSM-də hər şey pisliyə doğru dəyişib. Mən BSM-in qarşısında bir az da artıq dayansaydım, yəqin ki, BSM-in bazara döndüyünü içəridə olmuş və “soyulmuş” çox xəstələr təsdiq edəcəkdir. Ancaq elə bu üç fakt təsdiq edir ki, Bakı Sağlamlıq Mərkəzində sağlam mühit yoxdur. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Şəfayət xanıma da tövsiyə edərdim ki, mənim kimi gəlib bir-iki saat BSM-in qarşısında dayansın, onda canı-dildən müdafiə etdiyi Hikmət Həsənovun “qəhrəmanlıqlarını” və vətəndaşları nazirdən, dövlətdən necə narazı saldığını öz gözləri ilə görəcək.
İnanırıq ki, səhiyyə naziri hörmətli O.Şirəliyev bu xəstəxanaya diqqəti artıracaq və BSM-i bazara döndərənlər layiqli cəzalarını alacaqlar. Haqqı tapdalanan Zülfiyyə Həsənovanın isə hüququnun bərpa olunacağına inamımı ifadə edirəm. Çünki nazir kimi cənab O.Şirəliyevin vətəndaşlara qarşı necə həssas və hümanist olduğunu yaxşı bilirik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024