Mobil versiya
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri dövlət qayğısı ilə tam əhatə olunub”
Tarix: 19-01-2023 | Saat: 10:39
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri dövlət qayğısı ilə tam əhatə olunub”

“Hər bir xalq öz tarixini yaradır və bu tarix onun kimliyinin göstəricisidir. Azərbaycan xalqının tarixini vərəqlədikdə, hər səhifəsinə nəzər saldıqda kamil bir xalqın sahib olduğu zəngin bir tarixi görürük. Məlumdur ki, Azərbaycan xalqı qəhrəmanlıqları, mübarizliyi, əzmkarlığı, müdrikliyi ilə dünya tarixində dərin iz qoyub. Yaratdığı dövlətlər daha çox sülhsevərliyi, hümanistliyi ilə tarixin yaddaşında qalıb. Xalqımız sərt sınaqlarla üzləşərək təcavüzə məruz qaldıqda buna qarşı cəsarətlə mübarizə aparıb, işğala boyun əyməyib. Yetirdiyi qəhrəman oğllarının ətrafında sıx birləşərək yenidən öz müstəqilliyinə qovuşub, suveren dövlətinə sahib olub. Azərbaycan xalqının milli azadlıq mücadiləsinin ən şanlı dövrü sovet hakimiyyətinə qarşı apardığı mübarizədir. Uzun illər sovet imperiyasının tərkibində olsa da, öz mənliyini unutmadı, müstəqillik arzusu ilə yaşadı, bu yolda yorulmadan mübarizə apardı. Göstərilən təzyiqlər, represiyalar xalqımızın mübarizə əzmini sındıra bilmədi, öz ali məqsədinə doğru inamla irəlilədi. Həmçinin xalqımız ayrı-ayrı vaxtlarda sovet hakimiyyətinin respublikamıza qarşı ikiüzlü, riyakar planlarına qətiyyətlə etiraz edərək öz ləyaqətini şərəflə qoruyub”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda sovet hakimiyyətinin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək kimi çirkin planına qarşı etiraz edən, həmçinin özünün müstəqilliyini tələb edən əliyalın xalqımıza qanlı divan tutuldu: “Bu hadisə daim demokratiyadan bəhs edən, əslində isə totalitar təməllər üzərində qurulan və yaşayan imperiyanın iç üzünü açaraq bütün dünyaya göstərdi. Sübut etdi ki, sovet dövləti irticaçı bir imperiyadır və əsarət altında saxladığı xalqların hər bir etirazına silahlı müdaxilə edir, qanlı insidentlər törədir. Bakı ilə yanaşı, rayonlarda da dinc əhali atəşə tutuldu, qətlə yetirildi. Həmin günlərdə ümumilikdə Respublikada 147 nəfər həlak oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5 63 286 rubl miqdarında maddi ziyan vuruldu. İnsanlığa, bəşəriyyətə qarşı yönəlmiş bu qanlı hadisə xalqımızı qətiyyən qorxutmadı, daha da mətinləşdirdi, birliyini möhkəmləndirdi, azadlıq ruhunu alovlandırdı. 20 Yanvar hadisəsi həmçinin Azərbaycan tarixinə istiqlal və hürriyyət uğrunda mübarizənin zirvəsi kimi düşdü. Dünyaya nümayiş etdirdi ki, xalqımızın oğul və qızları azad, suveren yaşamaq uğrunda, Vətən naminə hətta canlarından belə keçməyə hazırdır. Bu, bizim şərəf tariximizdir, gələcək nəsillərə ibrət dərsi və böyük bir örnəkdir”.

S.Möhbalıyev bildirib ki, baş verən qırğından sonra sovet imperiyası Respublikamızda nüfuzunu tamamilə itirdi, sosial dayaqları zəiflədi: “Göstərilən müqavimətlə imperiya anladı ki, müdrik bir xalqın azadlığını məhdudlaşdırmaq, dövlətini əlindən almaq mümükün deyil. Həmişə olduğu kimi, həmin ağır dönəmlərdə də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yanında oldu. Hadisənin ertəsi gün - yanvarın 21-də sovet rejiminin qadağalarına, yaratdığı əngəllərə baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını beynəlxalq ictimaiyyət qarşısında ittiham etdi. Cəsarətli sözləri ilə törədilən faciəni hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Bu, həmin vaxt son dərəcə cəsarətli addım idi. Ulu Öndər bir daha göstərdi ki, o, hər zaman xalqı ilə birlikdədir, onunla həmrəydir, dar gündə də, şad gündə də öz xalqının yanındadır. Sonralar müasir müstəqil Azərbaycan dövlətini yaradan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verildi”.
AHİK sədri qeyd edib ki, dövlətimiz hər zaman 20 Yanvar şəhidlərinin ailələrinin yanında olub, onları öz diqqətində saxlayıb: “Prezident İlham Əliyev onların sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlətimizin başçısının təşəbbüsləri ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Belə ki, “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanla şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Hazırda bu məbləğ 600 manat təşkil edir”.
Milli Məclisin deputatı əlavə edib ki, müzəffər xalqımız daim 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla anır, hər ilin 20 yanvar tarixində Şəhidlər xiyabanını ziyarət edərək onların ruhlarına dualar oxuyur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024