Mobil versiya
Kamaləddin Qafarov: “Azərbaycan - Serbiya əməkdaşlığı getdikcə genişlənir”
Tarix: 26-12-2022 | Saat: 11:10
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “Azərbaycan - Serbiya əməkdaşlığı getdikcə genişlənir”

“Bu gün Azərbaycanın səmimi dostluq və strateji tərəfdaşlıq əlaqələrini sürətlə inkişaf etdirdiyi ölkələrdən biri də Serbiya Respublikasıdır. Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri, eləcə də dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycana işgüzar səfəri bunu deməyə əsas verir ki, ölkələrimiz arasında əlaqələr məhz dövlət başçıları arasında mövcud olan səmimi dostluq münasibətləri əsasında formalaşır və inkişaf edir. Azərbaycan və Serbiya Prezidentlərinin təkbətək görüşündən sonra dövlət başçıları bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, Serbiya və Azərbaycan öz resurslarına arxalanan və müstəqil siyasət aparan ölkələrdir. Əlaqələrin daha da möhkəmlənməsi və konkret əməli nəticələr verməsi məqsədilə ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsi istiqamətində iş aparılır. Hər iki ölkənin dövlət başçıları qəbul edilmiş qərarların vaxt itirilmədən icra olunması üçün müvafiq göstərişlərini veriblər.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, Azərbaycan və Serbiya arasında bir çox sahələr üzrə əməkdaşlığın kifayət qədər böyük tarixinin olması bugünkü əlaqələrin genişləndirilməsi prosesinə öz töhfələrini verməkdədir: “Bu gün Serbiya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair artıq bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndiyini göstərən amillərdən biri də budur ki, Azərbaycan və Serbiya hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Hər iki dövlətin xarici siyasətinin əsas prioritetlərindən biri bundan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır və bu sahədə dünyada müşahidə olunan ikili standartlar siyasətinin təzahürləri hər iki ölkəni çox narahat edir. Bu fikir və yanaşma eynilikləri, təbii ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma mühitini daha dayanıqlı edir və bir çox sahələrdə əməkdaşlıq əlaqələrinə yüksək dinamika vermiş olur. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələri tezliklə öz nəticəsini verəcəkdir. Həmçinin nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan və Serbiyanın ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi nəzərə alınmaqla, müvafiq qurumlar bu sahədə uzlaşma və bağlantıların yaradılması istiqamətində fəal işləməlidirlər.”

Kamaləddin Qafarov Azərbaycan və Serbiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinin əhəmiyyətini də qeyd edib: “Təbii ki, bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi sahəsində getdikcə artan rolu həm çoxtərəfli, həm də ikitərəfli əməkdaşlıq formatlarında əsas amil kimi çıxış edir. Serbiya ilə əməkdaşlığın mühüm bir hissəsi də məhz energetika sektorudur. Öz çıxışında cənab Prezident İlham Əliyev də qeyd etdi ki, xüsusilə son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb etməkdədir. Bu gün Azərbaycan öz təbii resurslarını ən müxtəlif istiqamətlərə, Avropa qitəsinə və o cümlədən Serbiyaya və onunla qonşu olan ölkələrə ixrac edir. Bu reallıqlar Azərbaycan və Serbiya arasında həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün geniş imkanlar açır və bu imkanların həyata keçirilməsi istiqamətində artıq müvafiq danışıqlar aparılmışdır. Gələn ildən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Bununla yanaşı qeyd olunmalıdır ki, ölkələrimiz arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biri də müdafiə sənayesi sahəsidir və bu, olduqca önəmli bir məqamdır. Bu sahədə hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılacağı gözlənilir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024