Mobil versiya
Novruzəli Aslanov: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən möhtəşəm qələbələrini əldə edib”
Tarix: 24-12-2022 | Saat: 09:04
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən möhtəşəm qələbələrini əldə edib”

“2003-cü ilin oktyabr ayının 15-də ölkəmizdə keçirilimiş Prezident seçkiləri Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinin daha bir möhtəşəm nümayişi idi. Həmin gün xalqımız Heydər Əliyev ideallarına sadiqliyini və Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirə biləcək yeganə şəxsə, Ümummilli Liderimizin siyasi varisi olan cənab İlham Əliyevə sonsuz etimadını bütün dünyaya bəyan etdi. Həmin gün cənab İlham Əliyev ilk dəfəf Azərbaycan Respublikasının Prezidenti seçildi. Etiraf olunmalıdır ki, Azərbaycan xalqının bu tarixi seçimi ölkəmizi və dövlətimizi bu günkü parlaq qələbələrə gətirib çaxara biləcək yeganə doğru yola yönəlmiş addım idi. Öz çıxışlarından birində möhtərəm dövlət başçımız belə demişdir: “2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.” Həqiqətən də son 19 il ərzində Azərbaycan öz tarixində ən böyük, ən möhtəşəm qələbələri əldə edib. Ölkə Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsünə çevrilib. Bütün bu illər ərzində dünyada tüğyan edən iqtisadi böhranlara, ölkəmizə qarı olan beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçımız xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru inamla aparıb. 2003-cü ildən bəri keçən dövr ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya arenasında sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul olunub. Təkcə son dörd ildə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının Azərbaycana, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bu mövqeyin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasət kursu Azərbaycanın milli maraqlarına xidmət etməklə, müstəqil fəaliyyəti, müstəqil xətti özündə əks etdirir və bütün uğurlarımızın əsasında durur. Məhz elə bu müstəqillik də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat xüsusi olaraq vurğulamışdır ki, Prezident İlham Əliyevin bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasəti ilk növbədə həm də Qarabağ probleminin həllinə yönəlmişdi: “Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş edərək müzəffər Orduya çevrildi. Əlbəttə ki, bu qələbəyə gətirən yol heç də rəvan olmamış, tarixi Zəfərimiz uzun illərin gərgin səyləri nəticəsində əldə edilmişdir. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb edir. Ölkənin iqtisadi qüdrəti güclü ordu quruculuğu üçün zəruri əlverişli şərait yaratdı. Qeyd etmək lazımdır ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu işi sonrakı illərdə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Məhz dövlət başçımızın ciddi səyləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutmuşdur. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və digər yüksək texnoloji vasitələrlə təchiz olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün oldu. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Dəfələrlə qeyd olunduğu kimi, hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Sonda Azərbaycan məhz bu hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün ərzində ermənilər 5 ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndikləri torpaqlardan qovulub çıxarıldılar. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı! Bununla da təcavüzkar erməni separatizmi öz layiqli cəzasını aldı və tarixi ədalət bərpa olundu. Birmənalı olaraq demək lazımdır ki, Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Zəfər zirvəsidir.”

Daha sonra N.Aslanov Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizinin reallığa çevrildiyini qeyd edərək, işğaldan azad olmuş ərazilərdə icra olunan irimiqyaslı infrastruktur layihələrdən bəhs edib: “Azərbaycan Zəngəzur dəhlizinin açılmasına doğru addım-addım yaxınlaşır. Əlbəttə ki, həm Ermənistan, həm də bəzi xarici qüvvələr bu layihəni əngəlləmək üçün əllərindən gələni edirlər. Çünki faktiki olaraq Türk dünyasını yenidən birləşdirəcək Zəngəzur dəhlizi iqtisadi önəmindən başqa həm də geo-siyasi və geo-strateji əhəmiyyət kəsb edir. Lakin dövlət başçımızın effektiv xarici siyasəti bütün bu cəhdlərin qarşısını qətiyyətlə alır və Zəngəzur dəhlizinin açılması artıq qaçınılmaz bir zərurətdir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir. Bununla yanaşı Azərbaycan hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə möhtəşəm infrastruktur layihələr reallaşdırmaqda davam edir. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ilin 20 oktyabr tarixində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi təşkil olunmuşdur. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu növbəti ildə istifadəyə veriləcək. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Lakin tarixi Qələbə nəticəsində yaranmış yeni regional reallıqların formatı təkcə Qarabağın bərpası və ölkəmizin inkişafı üçün əldə olunmuş yeni imkanlarla məhdudlaşmır. Qələbə bütün Cənubi Qafqaz regionuna sülh və davamlı inkişaf imkanları qazandıran yeni perspektivlər ortaya çıxarıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni istiqamətlər müəyyənləşmişdir. Münaqişənin həlli bütün Cənubi Qafqazın təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyət kəsb edir. Təbii ki, yeni reallıqların müəllifi olaraq, yaranmış imkanlardan da ən çox bəhrələnən məhz Azərbaycan olmalıdır. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Azərbaycan bundan sonra da Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafına davam edəcək və artıq çox yaxın gələcəkdə dünyanın ən zəngin, güclü və inkişaf etmiş dövlətləri sırasında öz layiqli yerini tutacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024