Mobil versiya
Şanlı zəfərimizin yaratdığı reallıqlar
Tarix: 21-12-2022 | Saat: 11:38
Bölmə:Seçki 2024 | çapa göndər

Şanlı zəfərimizin yaratdığı reallıqlar

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra qalib ölkə kimi Azərbaycanın qarşısına qoyduğu əsas prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə, Qarabağ və Şərqi Zəngəzuru yenidən cənnətməkana çevirməkdir.  Artıq iki ildən çoxdur ki, dövlət öz iqtisadi qüdrəti hesabına işğaldan azad edilən ərazilərimizdə möhtəşəm layihələr reallaşdırır. Yeni yolların, körpülərin, tunellərin, sosial-iqtisadi obyektlərin, yaşayış yerləri və müxtəlif digər infrastrukturların inşası sürətlə davam etdirilir. 
Yeri gəlmişkən, Şanlı zəfərimizin yaratdığı reallıqlardan biri də işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi prosesində yeni iqtisadi rayonların yaradılması zərurəti oldu. Yəni işğaldan azad edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi.
Məhz buna görə də Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmana əsasən iki yeni rayon - Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) iqtisadi rayonları yaradıldı. 
Əlavə edək ki, buna qədər Azərbaycanda 10 iqtisadi rayon (Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Lənkəran, Naxçıvan) mövcud idi. Fərmanla əlavə daha iki rayon da yaradıldı - Bakı şəhəri Abşerondan ayrıldı və Mil-Muğan rayonu formalaşdı. Beləliklə də iqtisadi rayonların sayı 14-ə çatdırıldı.  Bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 2 ildə reallaşdırıb. Hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir.  Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Elə bu məqsədlə də Prezident İlham Əliyev noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə göstərilir ki, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, proqramın prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Xüsusilə qeyd edək ki, Dövlət proqramında nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək. Sənədin əsas məqsədləri "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışla bağlı təsbit olunmuş 2 məqsəd: əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib. Bu məqsədlər ilk növbədə ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etməkdir. Qoyulan hədəflər nəzərə alınmaqla dövlət proqramının icrası üzrə monitorinqlər keçiriləcək. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr dövlət proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edəcək. Sözügedən dövlət proqramı üzrə monitorinq və qiymətləndirmə Prezidentin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi" qaydasına əsasən həyata keçiriləcək. Bu gün mühüm hədəflərdən biri işğaldan azad edilmiş torpaqlarımızda bərpa - quruculuq işlərinin sistemli şəkildə reallaşması və yüksəliş dövrünün başlanmasıdır. Burada məqsəd Böyük qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında xüsusi mərhələyə qədəm qoymaq deməkdir.  Çünki 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək. Azərbaycan dövlətinin əsas hədəflərindən biri də işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşma səviyyəsini işğala qədərki səviyyəyə çatdırmaqdır. Əlbəttə ki, buna nail olmaq üçün bütün imkanlar, o cümlədən iqtisadi potensial və insan resursları mövcuddur. 
Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində rolunu daha da gücləndirəcək.
Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahid olacaq ki, İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir.
Ən əsası, bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.

Gülər Əmiraslanova,
YAP Göygöl rayon təşkilatı üzrə Quşqara kənd ərazi partiya təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024