Mobil versiya
İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri icra olunur.
Tarix: 20-12-2022 | Saat: 15:55
Bölmə:Seçki 2024 | çapa göndər

İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri icra olunur.

Məlum olduğu kimi, Azərbaycan dövlətinin milli ideyası Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq və keçmiş məcburi köçkünləri öz yurdlarına qovuşdurmaqdır. Prezident, cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi də sözügedən məqsədə nail olmaq üçün bu istiqamətdə atılan əhəmiyyətli addımdır. Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. 
   Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan zəfərlə bitən Vətən müharibəsindən ötən iki il müddətində Qarabağda və Şərqi Zəngəzurda quruculuq və bərpa işləri ilə əlaqədar mühüm layihələr gerçəkləşdirib. Artıq qələbədən sonra Böyük qayıdışa uğurlu start verilib və Zəngilan rayonunun Ağalı kəndinə sakinlər köçürülüb.  İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq.  Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. 2022-ci il martın 15-də Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su-elektrik stansiyasının açılışı olub. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjilərindən qaynaqlanacaq. 
Qeyd edək ki, ötən iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq, bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən bütövlükdə 5 milyard manata yaxın vəsait ayrılıb.  Gələn ilin büdcə siyasətinin qarşısında duran əsas çağırışlardan biri də Böyük qayıdışın tərkib hissəsi kimi Qarabağ və Şərqi Zəngəzurda əhalinin dayanıqlı məskunlaşması üçün ilkin şərtlərin yaradılmasıdır. Buna görə də işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha geniş həcmdə davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına mərhələli şəkildə qayıtması və məskunlaşması, bunun üçün sosial-məişət, təhlükəsizlik və məşğulluq şəraitinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi, həmin ərazilərdə dövlət idarəetmə qurumlarının təşkili və fəaliyyəti ilə bağlı 2023-cü ilin dövlət büdcəsinin layihəsində  müvafiq maliyyə təminatı yaradılıb. Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Prezident tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı hədəflənən bütün işlərin qısa zamanda və effektiv şəkildə həyata keçirilməsi üçün yol xəritəsi olacaq mühüm sənəddir. Əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edən dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, dövlət proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.  Nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq, 2026-cı ilədək həyata keçiriləcək. 
Xüsusilə qeyd edək ki, Proqramın strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək nəzərdə tutulur. Həmçinin əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək kimi məsələlər sənəddə öz əksini tapıb. Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək, turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq, ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək, təbii resurslardan səmərəli və effektiv istifadə etmək, "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının bölgədə tətbiqini təşviq etmək də nəzərdə tutulur.  
Göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbə Qarabağ və Şərqi Zəngəzurda quruculuq zəfəri ilə davam edir.

Ən əsası, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" nın icrası isə azad olunmuş ərazilərin bərpasına böyük töhfələr verəcək.

Elçin Əliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Hacıməlik qəsəbə ərazi partiya təşkilatının üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024