Mobil versiya
Tarixi və mədəni abidələrin qorunması
Tarix: 20-12-2022 | Saat: 10:28
Bölmə:Seçki 2024 | çapa göndər

Tarixi və mədəni abidələrin qorunması

Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurdu.
İşğalçılar bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar. Erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. 30 il müddətində işğal altında saxladıqları Qarabağda dünyada misligörünməmiş talançılıqla məşğul olub, bütün tarixi, dini abidələrimizi məhv ediblər.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tarixi mədəni-dini abidələrin bərpasında da özünün multikulturalizm ənənələrinə sadiqlik nümayiş etdirir. Faktlar təsdiqləyir ki, otuz illik işğal dövründə erməni vandalizmi yalnız azərbaycanlıların tarixi mədəni-dini irsinə deyil, həm də xristianların dini ziyarətgahlarına qarşı tətbiq olunub. Məsələn, 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav kilsəsi belə acı aqibətlə üzləşib. Bundan başqa, ermənilər işğal dövründə Xocavənd rayonunun Tuğ kəndindəki İohann kilsəsində saxtakarlıq etməklə bəzi dəyişikliklərlə buranı özünküləşdirməyə çalışıblar.
Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalanı islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur.
Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətləri ilə oynayıblar.
Mütəxəssislər, işğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid olan tarixi abidələrin ermənilər tərəfindən xüsusi amansızlıqla dağıdılmasının əsas səbəbini onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olması ilə izah edirlər. Bildirirlər ki, bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün olmadığı üçün onlar bu cür vəhşiliyə əl atıblar.
İşğaldan azad edilmiş ərazilərdə tarixi dini-mədəni abidələrin bərpası proqramı çərçivəsində Xocavənd rayonunun Tuğ kəndindəki qədim Alban məbədi uzun illərdən sonra əsl sahibləri olan udilər tərəfindən ziyarət edilib. Belə ki, Azərbaycan Alban-Udi Xristian Dini İcmasının üzvləri öz ata-babalarından miras qalan Müqəddəs İohann kilsəsində olublar. Onlar burada dini ayin icra edərək şamlar yandırıb, dualar oxuyublar. Yuxarıda bəhs etdiyimiz Laçın rayonundakı “Ağoğlan” monastrı da hazırda əsl sahiblərinin ixtiyarındadır. Artıq Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri “Ağoğlan” monastırını da ziyarət ediblər. Ziyarətə dini icmanın təmsilçiləri ilə yanaşı, Vətən müharibəsinin iştirakçıları olan udi gəncləri də qatılıblar.
Bütün bunlar bir daha təsdiqləyir ki, Qarabağın hər abidəsi milli-dini mənsubiyyətindən asılı olmayaraq bizim qədim, zəngin mədəni irsimizin ayrılmaz bir hissəsini təşkil edir və Azərbaycan dövləti onları dirçəltmək, qoruyub-saxlayaraq gələcək nəsillərə ötürmək üçün bütün zəruri işləri görəcək.

Əfsanə Allahverdiyeva,
Bakı Slavyan Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024