Mobil versiya
Eltun Süleymmanov: “Qalib sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni tarix yazır: Qarabağın quruculuq və abadlıq tarixi”
Tarix: 19-12-2022 | Saat: 09:50
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymmanov: “Qalib sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni tarix yazır: Qarabağın quruculuq və abadlıq tarixi”

“Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. 44 günlük müharibədə qazanılan qələbədən sonra dərhal bu prosesə start verilməsi, xüsusi planın hazırlanması dövlət olaraq Azərbaycanın əzmindən, xalq olaraq bu torpaqların əzəli sahibi olmağımızdan xəbər verir.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Çox mühüm tarixi sənədin operativ şəkildə hazırlanması və təsdiq edilməsi, dərhal da icrasına başlanması bu sahədə Azərbaycanın bir dövlət kimi dayanıqlı inkişafa meylli olmasını və vətəndaşlarının illərlə çəkdiyi əzabdan tez bir zamanda qurtarılması üçün bütün qüvvələrin səfərbər edilməsi dünya tərəfindən də rəğbətlə qarşılanmışdır.”

Bunu aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Eltun Süleymanov bildirib ki, “Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında prioritet istiqamətlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.Ən əsası isə Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində işlər uğurla gedir. Qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan bəllidir ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.”

Müsahibimiz əlavə edib ki, “işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır. Bu da həmin ərazilərdə işlərin vahid mərkəzdən idarə edilməsinə və dha çevik fəaliyyətə imkan vermişdir. Bu Proqramaın özəlliyindən biri də işğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqinin nəzərdə tutulmasıdır. Zəngilanın  Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Və bu qədəmlər çox uğurla atılmış oldu. Ağalı kəndində “Ağıllı kənd” layihəsi də bunu təsdiqləyir. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin hədəf və məqsədlərini görə bilər.”
“İndi bütövlükdə Qarabağ və Şərqi Zəngəzur böyük quruculuq meydanını xatırladır. Qarabağ və Şərqi Zəngəzurda coşqunluq yaşanır, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.Bütün layihələrin icra prosesi ilə mütəmadi olaraq yerində maraqlanan quruculuğun baş memarı İlham Əliyev həm də reallığa çevrilən yeniliklərlə bağlı xalqı məlumatlandırır. Ümumiyyətlə, Prezidentin hər çıxışı, müsahibəsi, müşavirəsi digər sahələr kimi, işğaldan azad edilən torpaqlarımızdakı bərpa və quruculuq  istiqamətində də görülən işlərin təqdimatıdır. Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Tezliklə işlər sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında, sözün əsl mənasında, yeni mərhələ başlayacaq.Qarabağın toy-büsatlı, çal çağırlı günləri qarşıdadır. Bu cənnət məkan düşmən tapdağından azad olunduqdan sonra özünün ikinci həyatını yaşayır. Qalib sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə yeni tarix yazır: quruculuq və abadlıq tarixi”-deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024