Mobil versiya
Novruzəli Aslanov: “Azad edilmiş ərazilərdə əhalinin təhlükəsiz yaşayışının təmin edilməsi Dövlət Proqramının mahiyyətində duran əsas vəzifələrdəndir”
Tarix: 18-12-2022 | Saat: 10:30
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azad edilmiş ərazilərdə əhalinin təhlükəsiz yaşayışının təmin edilməsi Dövlət Proqramının mahiyyətində duran əsas vəzifələrdəndir”

“Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsində öz torpaqlarını işğaldan azad etdi. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlayan Azərbaycan bu torpaqların əsl sahiblərinin kim olduğuna dair dünyaya növbəti mesajını ünvanlamış oldu. Bu gün isə artıq həmin ərazilərə Azərbaycan xalqının Böyük qayıdışına start verilib. Otuz ilə yaxın erməni işğalı altında qalmış ərazilərdə əhalinin yenidən məskunlaşmasını planlı və sistemli şəkildə həyata keçirmək məqsədilə Ölkə Prezidenti cənab İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Məlum olduğu kimi, Dövlət Proqramının əsas məqsədləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı təsbit olunmuş əhalinin dayanıqlı məskunlaşmasını və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyasını təmin etməkdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Dövlət Proqramında qarşıya qoyulan prioritet məqsədləri şərh edən deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və dirçəldilməsi, regiona əhalinin geri qayıdışının və burada təhlükəsiz yaşayışının, eləcə də yüksək rifahının təmin edilməsi bu sənədin mahiyyətində duran əsas vəzifələrdir: “Aydındır ki, azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində ilk növbədə atılacaq ən zəruri addımlardan biri təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Bu məqsədlə Dövlət Proqramında yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması prioritet vəzifələr kimi müəyyən edilib. Bildiyimiz kimi, azad edilmiş ərazilərdə Azərbaycanın bu gün apardığı bərpa və yenidənqurma işlərini ləngidən bir nömrəli problem torpaqlarımızın işğal dövründə ermənilər tərəfindən basdırılmış minalardan təmizlənməsi ilə bağlıdır. Hazırda ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsi və bu sahədə humanitar minatəmizləmə fəaliyyəti üçün mövcud potensialın mərhələli şəkildə artırılması həyata keçirilir. Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanması, müvafiq xəritələrin tərtibi və elektron məlumat bazasına daxil edilməsi, eləcə də xəritələrin şəhər və rayon mərkəzlərində yerləşdirilməsi qeyd olunan istiqamətdə atılacaq zəruri addımlardır.
Həmçinin insanlarının əhalinin layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə Dövlət Proqramında yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə ərazilərin etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası da nəzərdə tutulub. Məlumdur ki, bu gün enerji təhlükəsizliyi məsələsi də ümumi təhlükəsizlik konsepsiyasının vacib tərkib hissəsi kimi çıxış edir. Bu baxımdan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonalarının yaradılmasına dair Dövlət Proqramında nəzərdə tutulan planlar xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, müasir dünyada insanların həyat səviyyəsinin göstəricisi kimi çıxış edən mühüm amillərdən biri də yüksək texnologiyalardır. Təsdiq olunmuş Dövlət Proqramında da azad edilmiş ərazilərdə yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması, həmçinin qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, onların əlçatanlığının təmin edilməsi nəzərdə tutulur.”
Daha sonra N.Aslanov azad edilmiş ərazilərin iqtisadiyyatının inkişafı və ölkənin ümumi iqtisadiyyatına sürətli reinteqrasiyası məqsədilə planlaşdırılan tədbirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas qayələrindən biri də əlbəttə ki, həmin regionların iqtisadi inkişafının təmin edilməsidir. Təbii ki, bu proses artıq özü-özlüyündə həm də regionların iqtisadiyyatlarının ölkənin ümumi iqtisadiyyatına sürətli reinteqrasiyasını nəzərdə tutur. Bu məqsədlə atılacaq mühüm addımlar kimi, işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məşğulluq imkanlarının artırılması, insan kapitalının inkişaf etdirilməsi və ərazilərdə sosial dəstək mexanizmlərinin geniş tətbiqini qeyd etmək lazımdır. Həmçinin ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində qarşıya qoyulan əsas vəzifələr hər bir rayonun ixtisaslaşma sahəsinə uyğun olaraq inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi və sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması və digər zəruri tədbirlər müəyyən edilib. Xüsusi olaraq qeyd edə bilərik ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə yüksəkixtisaslı mütəxəssislərin, daxili və xarici investorların cəlb edilməsi üçün həvəsləndirmə və güzəştlər nəzərdə tutulan sadələşdirilmiş iqtisadi modellərin tətbiqi, bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulub ki, bu da şübhəsiz inkişafın sürətlənməsinə böyük töhfələr verəcək amillərdir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024