Mobil versiya
Kamaləddin Qafarov: “Azərbaycan türkdilli dövlətlərlə əlaqələrə xüsusi önəm verir”
Tarix: 16-12-2022 | Saat: 10:52
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “Azərbaycan türkdilli dövlətlərlə  əlaqələrə xüsusi önəm verir”

“ Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də türkdilli dövlətlərlə əlaqələrin daim genişləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Birliyi (TDB) çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq türkdilli ölkələrə etdiyi səfərlər də məhz bu məqsədə xidmət edir. Dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfər edib. Türkmənistanın Türk Dövlətləri Birliyinə hələlik yalnız müşahidəçi qismində üzv olduğu nəzərə alınarsa, bu sammitin əhəmiyyəti özünü daha qabarıq şəkildə göstərmiş olar. Sözsüz ki, bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər üzərində sıx bağlılığı olan bu üç ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi və güclənməsi nəticə etibarı ilə Türkmənistanın TDB-yə tam inteqrasiyasını daha da sürətləndirəcək.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulmuş olması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biridir: “Dövlətimizin başçısının sammitdəki çıxışında qeyd etdiyi kimi, hazırda Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Bunun təsdiqi olaraq 2021-ci ildə imzalanmış və Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş Şuşa Bəyannaməsini, eləcə də 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannaməni göstərmək olar. Ölkələrimiz arasında münasibətlərin səmimi dostluq əlaqələri əsasında formalaşdığını təsdiqləyən daha bir məqam da Türkiyə, Azərbaycan və Türkmənistanın bir-birilərinə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərmələri ilə bağlıdır. Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər. Xüsusilə iqtisadi sahədə əməkdaşlıq yüksək dinamikası ilə diqqəti cəlb edir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Ölkəmizin bu il Türkmənistanla ticarət dövriyyəsi isə 5 dəfə artmışdır.”

K.Qafarov Azərbaycan, Türkiyə və Türkmənistan arasında xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini və bu istiqamətin böyük perspektivlərə malik olduğunu vurğulayaraq deyib: “Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu günə qədər həm Azərbaycan, həm Türkiyə, həm də Türkmənistan tərəfindən bir çox irimiqyaslı infrastruktur layihələri icra edilmişdir ki, bunlar da öz növbəsində ölkələrimiz arasında nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da həm Cənubi Qafqazda, həm də Xəzər dənizi hövzəsində yeni, unikal əməkdaşlıq imkanları yaratmış oldu. Təbii ki, bu imkanların tam reallaşması üçün Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan bu layihənin öz ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizini, avtomobil yolu üzrə 70 faizini artıq icra edib. İşlərin qalan hissəsi isə 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Bu dəhliz həm də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində olan digər ölkələrin də tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə mühüm töhfə olacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024