Mobil versiya
Ərbəhim meşəsinin şahzadəsi
Tarix: 16-06-2016 | Saat: 14:20
Bölmə:Seçilənlər-5 | çapa göndər



Atam həmişə məni qucağına alıb axşamlar nağıl danışardı.Mən də gözümü yumub maraqla ona qulaq asardım.Nə qədər çalışırdım ki,nağıla sona qədər qulaq asım, amma yuxu məni aparırdı ,mən yuxuya gedirdim.Bu demək olar ki, bu hər gün təkrarlanırdı...

Biri var idi,biri yox idi.Ərbəhim adında gözəl bir meşə vardı.Bu meşədə hər şey gözəldi.Burada elə hündür,qoca ağaclar vardı ki,bəlkə də min illərin xatirəsini özündə yaşadırdı.Ağacların budaqları bir-birinə birləşmiş,sanki böyük bir çətirdi,meşəni günəşin yandırıcı istisindən qoruyur.Meşəyə girəndə başqa dünyaya düşmüş kimi olursan.Sonsuz, sakit ,təmiz bir dünya ilə qarşılaşırsan. Meşədə cürbəcür bitkilər :maralotu,xəzəz,ayıdöşəyi və s.sakitcə boylanırlar.Onlar sudan korluq çəkmədiklərinə görə həm hündür,həm də yamyaşıldı.Quşlar bütün günü mahnı oxuyurlar.Bu meşənin gecə sakinlərinin də öz maraqlı həyatları var.Gecələr cüyürlər mələyir,marallar böyürür,ayılar bağırır,canavarlar ulaşır,vaşaqlar ağacda gizlənib ov güdür,tülkülər isə tör-töküntü axtarırlar.Bir sözlə, əgər sən nağıllar aləminə düşmək istəyirsənsə, gərək Ərbəhim meşəsinə gedəsən.

Ərbəhim meşəsinin buz kimi bulaqları bu meşənin həyat rəmzidir.Meşənin içərilərinə uzanan cığır heyvanların bulağa su içməyə gəldiyini göstərir.Fındiq ağacları alaçığı xatırladır.Onlara sarmaşan cır üzümün budaqları ağacları bir az da yorğana oxçadır.Ərbəhim meşəsində azan hər kəs il boyu özünə qida tapar:cır alma,cır armud,quş üzümü,ayı gilası ,fındıq,qoz,zoğal, sanki meşənin sakinlərini yedizdirmək üçün növbəyə durmuşlar.Meşədə bitən ayıdöşəyi,ağacların üzərindəki mamırlar,şibyələr gözəlliyi ilə baxanları valeh edir.

Ərbəhim meşəsinin tən ortasında talada bir bağ vardı.Bağın ortasından göz yaşı kimi tərtəmiz suyu olan arx axırdı.Arxın hər iki tərəfində çoxlu alma ağacları vardı.Alma ağacları bir-birindən almalarının rənginə,dadına görə fərqlənmirdi. Bütün almalar al yanaqlı idi.Həm də bu almaların bir xüsusiyyəti də vardı ki,onları dərdikdə dərhal yerində yeniləri bitirdi.Ağacların altında yam- yaşıl atlasdan xalılar bitərdi .Bağı hər tərəfdən hündür ağaclar əhatə etmişdi.Sanki bu ağaclar bağı ətraf aləmdən qorumağa çalışırdı.Bu bağa iki cığır gəlirdi:biri meşənən dərinliklərindən,biri də uzaq Günqışlaq elindən.

Bağın ortasında uca bir qəsr vardı.Bu qəsrdə Selcan adında gözəl bir qız yaşayırdı.Qəsri ona atası Xanməmməd kişi tikdirmişdi.Ögey ananın əlindən bezən ata öz qızına bu qəsri tikdirmiş və ara-bir gəlib qızına baş çəkir,yemək gətirərdi.Qəsrin yerini Xanməmməd kişidən başqa heç kəs bilmirdi.Ata düşünürdü ki, kimsə qızının yerini bilər və zalım ögey anaya xəbər verər,o da yenidən Selcana zülm etməyə çalışar.Düşünməyin Selcan meşədə tək yaşamaqdan qorxurdu.Əsla,o, çox cəsarətli qız idi.Həm də onun qılıncı ,bir dənə atı və çox insanlardan sədaqətli vəhşi dostları vardı.

Onun dostları Xallı maral və Qonur ayı idi.Gündüzlər Xallı maral Selcanın yanına gələrdi,Selcan zərif barmaqları ilə onu sığallayardı,gecələr isə Qonur ayı qəsrin ətrafında fırlanıb qızı qoruyardı.Əslində Qonur ayı Selcanla bərabər böyümüşdü.Onun anasını ovçular öldürəndə o lap balaca idi,qoz boyda.Onda Selcan ayı balasını ovcuna alıb atasının gətirdiyi yeməklərdən ona da yedirmiş.böyütmüşdü.Qonur ayı da böyüyəndən sonra ondan ayrıla bilmirdi.Gündüzlər yatır,gecələr isə ov edir, Selcanı qoruyurdu.Bəzən ovladığı heyvanların ətindən gətirib,onun qabağına qoyardu.

Xallı maral çox uzaqlara getməzdi.Elə qəsrin ətrafındakı maralotu,xəzəz və s.otlarla qidalanardı,sonra da Ərbəhim meşəsinin buz kimi bulaqlarının suyundan içərdi.

Selcan gecələr qəsrin başına çıxıb ulduzları.ayı seyr etməyi çox sevirdi.Qapqara səmada par-par parıldayan ulduzlara ,aya baxmaqdan doymazdı.Aylı gecələrdə Ay sanki Selcanla oynayırdı.Hah göyün bu başında,gah da o başında görsənərdi.Bəzən isə sanki qızla gizlənqaç oynayaraq, səmada yoxa çıxardı.

Aylar ötdü,günlər keçdi. İllər qanadlı quşa döndü.Selcan böyüyüb gözəl bir qız oldu.O, elə gözəl idi ki,ona baxanda gözünü çəkə bilmirdin.Hündür boylu,incə belli,qara,uzun kiprikli,alma yanaqlı bir qız idi.Yanaqları Ərbəhim meşəsinin almalarının yanaqlarına oxşayırdı.Kürəyinin arasını dolduran qapqara saçları gecənin qaranlığına bənzəyirdi.Gözləri qaranlıqda parlayan ulduz kimi idi. Sanki,Ərbəhim meşəsi bütün təbii gözəlliklərini Selcana bağışlamışdı.

Hərəkətləri cəld,baxışı iti idi.Bir göz qırpımında ağaca çıxardı.Ərbəhim meşəsində bitən çiyələyi,yemliyi,ayıgilasını,və s.giləmeyvələri çox sevirdi.Selcan bu meşəni çox sevirdi. Meşənin bütün künc-bucağını gəzərdi..Haçansa buranı tərk etməyi heç düşünmək belə istəmirdi.Lakin...

Bir gün ,təkcə bircə dəfə Xallı maral bütün meşəni gəzib dolanmaq fikrinə düşdü.Başı buranın gözəlliklərinə elə qarışdı ki,çox uzaqlara getdiyindən xəbəri olmadı.Elə bu vaxt ölkənin şahzadəsi ova çıxmışdı.O,Xallı maralı gördü və onun izinə düşdü.Lakin maralı ovlamaq mümkün olmurdu.Bunu görən şahzadə adamlarının yanında pərt oldu.Onlara əmr etdi ki,saraya dönsünlər.O,maralı tək ovlamaq istəyir.Şahzadənin adamları onun sözündən çıxmayıb geri döndülər.Maral lap meşənin dərinliklərinə doğru qaçırdı.Şahzadə onu bir an da gözündən qoymurdu.Maral qaça-qaça meşənin dərinliyindəki bir talaya girdi.Şahzadə də onun dalınca.

Birdən şahzadəni heyrət bürüdü.O,gözlərinə inanmadı.Qarşısında gözəl bir bağ və bağın ortasında par-par parıldayan əzəmətli bir qəsr dayanmısdı.Bir xeyli dayanıb qəsrə baxdı. Şahzadə bir az da təəccübləndi.Necə olub ki,indiyə kimi bu gözəllikləri görməyib.Sonra maraq onu bürüdü.O, nə olursa olsun qəsrin içini görmək istədi.Lakin nə qədər fırlandı,içəriyə yol tapa bilmədi.

Şahzadənin atı ayaqlarını yerə döydü.Arxaya döndükdə az qala huşunu itirəcəkdi.Qarşısında at belində elə gözəl bir qız dayanmışdı ki,on dörd gecəlik aya bənzəyirdi.Qızın sağ tərəfində qonur bir ayı,solunda isə həmin Xallı maral dayanmışdı.

-Siz mənim qəsrimə xoş gəlmisiniz.

Selcan bu sözləri elə bir məlahətli səslə dedi ki,şahzadənin ürəyi titrədi.Özünü o yerə qoymadı.

-Ey qız,sən kimsən və burada nə edirsən?

-Mən bu bağın və buradakı hər şeyin sahibiyəm.

-Mən özümdən başqa sahib tanımıram və tanımaq da istəmirəm.Mən bir maralı ovlamaq istəyirdim.O maral da qaçıb bura gəldi.Axı, mən şahzadəyəm,söz vermişəm,gərək sözümə əməl edib, bu maralı ovlayıb saraya aparam.

-Ey şahzadə,qərar verməyə tələsmə, o gördüyün maral da adi maral deyil,mənim dostumdur.

Şahzadə təəccüblə:

-O necə sənin dostun ola bilər,axı o maraldır.

Selcan şahzadəni qəsrə dəvət etdi. Onu Ərbəhim meşəsinin gözəl nemətlərinə ,bağın meyvələrinə qonaq etdi.Bihuş edici çiçəklərindən iylətdi. Buz kimi suyundan içirdi.Bütün başına gələnləri ona danışdı.

Şahzadə bilmədi nə etsin.Selcan onun xoşuna elə gəlmişdi ki,ondan ayrıla bilmirdi.

-Selcan xatun, gəl gedək mənim sarayıma.Orada qırx incə belli qızla sarayımın al-yaşıl bağında gəzərsən.Sənə qırx otaqlı saray bağışlayaram.Xoşbəxt və şən yaşayarsan.

-Çox sağ ol,şahzadəm.Mən Ərbəhim meşəsiz bir gün də yaşaya bilmərəm.Öz dostlarımı qoyub gedə bilmərəm.Sənin sarayın necə gözəl olsa da, bura mənə daha gözəldir.Gördüyün bu bağ da, buradakı meyvə ağacları da mənim atamın böyük əziyyəti hesabına başa gəlib.O,bu ağacları balası kimi sevərək böyüdüb.Gördüyün bu bağı,bu meşəni heç bir saraya dəyişmərəm.

Şahzadə az düşündü,çox düşündü.Qızla sağollaşıb saraya qayıtdı.Qırx gün otağından bayıra çıxmadı.Xəbər gedib padşaha çatdı.

Padşah bütün münəccimləri,həkimləri saraya topladı.Münəccimlər xəbər verdilər ki,bəs nə durmusan şahzadə Ərbəhim meşəsinin gözəlinə vurulub.Padşah əyanlarını göndərib Ərbəhim meşəsinin gözəlini və onun atasını tapdırdı.Razılığını aldı.Selcan da atsının sözündən çıxmadı.Axı özünün dı şahzadədən xoşu gəlirdi.Qırx gün qırx gecə toy edib Selcan xatunu şahzadəyə aldılar. Selcan Ərbəhim meşəsini tərk etmədi.Padşahla razılığa gəlib,onlar həm sarayda,həm də Ərbəhim meşəsinin qəsrində yaşadılar.Xanməmməd kişini də yanlarına gətirib şad-xürrəm oldular.

Onlar uzun illər çox xoşbəxt ömür sürdülər.Siz də yeyin,için xoşbəxt yaşayın.Göydən üç alma düşdü.Biri mənim,biri nağılı danışanın,biri də dinləyənlərin.

Settar Behlulzade adına Xarici Diller Təmayüllü Gimnaziyanın ibtidai sinif müəliməsi Şecahan müəlimə
Ərbəhim meşəsinin şahzadəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024