Mobil versiya
Aqiyə Naxçıvanlı: “Fransa Cənubi Qafqaz siyasətinin fiaskosu ilə barışmaq istəmir”
Tarix: 02-12-2022 | Saat: 11:57
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Fransa Cənubi Qafqaz siyasətinin fiaskosu ilə barışmaq istəmir”

“Fransa Parlamentinin aşağı palatası – Milli Assambleya noyabrın 30-da Azərbaycana qarşı bu ölkənin son bir ayda artıq ikinci qərəzli qətnaməsini qəbul etdi. Bununla Fransa dövlətinin bir tərəfdən Azərbaycana qarşı düşmənçilik münasibətləri, digər tərəfdən isə bu ölkənin Cənubi Qafqaz siyasətinin əsl mahiyyəti bir daha ifşa olundu. Fransa bir daha təsdiq etmiş oldu ki, özünün uzun illər boyunca dünyanın ən müxtəlif bölgələrində apardığı işğalçılıq və müstəmləkəçilik siyasətini Cənubi Qafqazda həyata keçirə bilmədiyindən, bu regionda maraqlarını marionet erməni dövlətinin əli ilə təmin etməyə çalışır. Məhz bu məqsədlə Fransa ard-arda Azərbaycana qarşı, Ermənistanı dəstəkləyən qərəzli qətnamələr qəbul edir, ölkəmizi müharibə cinayətləri törətməkdə əsassız yerə ittiham edir. Əslində Fransa ümumiyyətlə “müharibə cinayətləri” termininin Azərbaycana şamil edilməsinin tamamilə yanlış bir yanaşma olduğunu hamıdan daha yaxşı bilir. Çünki bu ölkə müharibə cinayətlərinin nə demək olduğunu da, bu cinayətlərin necə törədildiyini də digər ölkələrin tarixindən deyil, məhz özünün zəngin təcrübəsindən yaxşı bilir. Bu təcrübə Fransanın uzun illər boyunca dünyanın müxtəlif bölgələrində işğal etdiyi 50-dən artıq ölkədə həyata keçirdiyi soyqırımları, kütləvi qırğınlar, talançılıq, etnik təmizləmələr və digər insanlıq əleyhinə cinayətlər üzərində əldə edilmişdir. Hətta bir çox tarixçilər Avropa qitəsində ilk soyqırımının həyata keçirilməsi “şərəfini” də məhz Fransa dövlətinə aid edirlər. Bu hadisə XIII əsrin birinci yarısında baş versə də, aradan ötən səkkiz yüz il ərzində bu dövlətin siyasətində mahiyyət etibarı ilə elə bir ciddi dəyişiklik olmayıb. Müstəmləkəçilik illərində açıq şəkildə qul ticarəti ilə məşğul olan Fransa bu gün də dekolonizasiya kateqoriyasına aid edilən bir çox əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin ilhaqı xəttini yürüdür. Həmçinin Fransa dövlətinin xarici və daxili siyasəti bu ölkədə irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatmasına zəmin yaratmışdır. Və belə bir ləkəli tarixi, şübhəli bu günü olan bir ölkə indi Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməklə hansısa məqsədlərinə nail olmaq istəyir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin xüsusi olaraq qeyd edib ki, Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi heç də yeni formalaşmış bir vəziyyət deyil: “Bu gün Fransa hökumətinin, eləcə də bilavasitə Fransa prezidenti Makronun xalqımıza qarşı saysız müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş erməniləri açıq-aşkar dəstəkləyən mövqeyi bu ölkənin Cənubi Qafqazda gedən proseslərdən təcrid olunmasına səbəb olmuşdur. Lakin Fransa Parlamentinin hər iki palatasının qəbul etdiyi qətnamələri sadəcə bu faktla izah etmək qətiyyən düzgün olmaz. Əslində Fransa Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlandığı 30 il ərzində daima bu siyasəti yürütmüş, atdığı hər addımla erməni təcavüzünü dəstəkləmiş, ölkəmizin ərazi suverenliyinin bərpa olunmaması üçün əlindən gələni etmişdir. Üzərinə vasitəçilik öhdəlikləri götürmüş bir ölkə kimi, Fransanın bu dəstəyi, Ermənistanın təcavüzkar dövlət adlandırılmaması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi xüsusunda rəsmi İrəvana heç bir təzyiqin göstərilməməsi işğalçı Ermənistanı daha da şirnikləndirmiş, bu ölkənin Azərbaycana qarşı daha böyük, daha dəhşətli cinayətlər törətməsinə yol açmışdır. Bu gün Fransa Parlamentinin qətnamələrində Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı Soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, itkin düşmüş 4000 nəfərə yaxın vətəndaşımız və kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması bir daha isbat edir ki, bütün bu insanlıq əleyhinə və müharibə cinayətləri birbaşa Fransa hökumətinin dəstəyi ilə baş verib və Fransa hər zaman, hər bir növbəti cinayətdə erməni terrorçularının, erməni işğalçılarının yanında olub. Eyni zamanda da Fransa Senatının və Milli Assableyasının bədnam qətnamələri bu ölkənin bu gün də öz “kiçik bacısı”nın məğlubiyyəti və özünün Cənubi Qafqaz siyasətinin fiaskosu ilə barışa bilmədiyini göstərir. Fransa erməni revanşistlərini və separatçılarını həvəsləndirməklə Cənubi Qafqazda maraqlarını təmin etmək üçün hər hansı təsir rıçaqı əldə etməyə can atır və bununla Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləyir, münasibətlərin normallaşmasına zərbə vurur, regional sabitlik və təhlükəsizliyi təhdid edir. Azərbaycan 2020-ci ilin payızında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özünün ərazi bütövlüyünün bərpasını və BMT-nin, eləcə də digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin etmiş, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun illər ərzində davam edən işğalçılıq və etnik təmizləmə siyasətinə son qoymuş və işğalın acı nəticələrinin aradan qaldırılması istiqamətində işlərə start vermişdir. Fransa parlamentinin üzvləri bu həqiqətləri qəbul etməli və Azərbaycanla Ermənistan arasında sülh prosesini ləngitməyə, Cənubi Qafqazda destabillik yaratmağa yönələn cəhdlərindən əl çəkməlidirlər”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024