Mobil versiya
Novruzəli Aslanov: “Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq”
Tarix: 25-11-2022 | Saat: 14:32
Bölmə:Manşet / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq”

“30 ilə yaxın müddət ərzində erməni qəsbkarları Azərbaycanın işğal olunmuş ərazilərində dünyada misli görünməmiş vəhşiliklər törədiblər. Şəhərlərimiz, yüzlərlə qəsəbə və kəndlərimiz dağıdılaraq yerlə-yeksan edilib, tarixi-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. 1992-ci ildə, may ayının 18-də ermənilər tərəfindən işğal olunmuş Laçın rayonu da bu kimi vandalizm əməllərinə məruz qalmış rayonlarımızdan biridir. Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan hakimiyyətinin zəifliyindən, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən yararlanaraq Laçın dəhlizindən keçməklə bu rayonu işğal etmiş və Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdular. İşğal nəticəsində Laçın rayonunun 80 min nəfərə yaxın əhalisi öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. İşğala qədər rayonda olan 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri amansızcasına talan olunub, tamamilə dağıdılaraq məhv edilib. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə II dünya müharibəsindən sonra planetin heç bir nöqtəsində müşahidə olunmamış vandalizmə məruz qoyulub.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.


Deputat həmçinin rəsmi İrəvanın bütün beynəlxalq konvensiyaların şərtlərini pozaraq Laçın rayonunda qanunsuz məskunlaşma və digər hərbi cinayət əməlləri törətdiklərini vurğulayıb: “Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuşdur. Məlum olduğu kimi, işğal olunmuş ərazilrdə coğrafi adların dəyişdirilməsi, təbii resurslarının talan edilərək qazanc mənbəyinə çevrilməsi, qeyri-qanuni məskunlaşma həyata keçirilməsi bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Rəsmi irəvan isə 30 ilə yaxın müddət ərzində bütün bu cinayət əməllərini Azərbaycanın işğal altında olan bütün ərazilrində, o cümlədən Laçın rayonunda, həm də dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirmişdir. O cümlədən ermənilər Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə bu rayonda məskunlaşdırmaqla demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə də məşğul olublar. Dünya ictimaiyyəti isə bütün bu baş verənlərə göz yumaraq Azərbaycanın hüquqlarını bərpa etmək istiqamətində bircə addım belə atmamışdır.”

Daha sonra N.Aslanov Laçın rayonunun məhz hərbi-siyasi yolla işğaldan azad edilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xüsusi önəm kəsb edən uğuru olduğunu vurğulayaraq bunları deyib: “2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğaldan azad etdi. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri azad olundu. Məlum olduğu kimi, 2020-ci il 10 noyabr tarixində faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı. Məhz bu tarixi sənədin şərtlərinə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı. Bu əraziləri artıq qan tökmədən geri almaqla Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvilərdə Ermənistanı darmadağın etmiş oldu. Bun gün isə Azərbaycan xalqı artıq digər işğaldan azad olunmuş ərazilərimiz kimi, Laçını da yenidən qurur. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunur. Laçınlıların birinci qrupu isə öz doğma şəhərinə artıq gələn ilin sonuna qədər qayıda biləcəklər. Qeyd edək ki, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu xeyli artıracaqdır”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-11-2022