Mobil versiya
Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır
Tarix: 23-11-2022 | Saat: 09:27
Bölmə:Ölkə / Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır

Bu gün zəngin və çoxəsrlik tarixə malik olan Azərbaycan xalqının və Müasir Azərbaycan dövlətinin ictimai-siyasi həyatında aparıcı və əhəmiyyətli rol oynayan, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 30 il ötür. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə aparıcı siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola nəzərə salanda və bugünkü möhtəşəm gücünü görəndə partiyamızın gələcəyinə xalqın inam və etibarı sonsuz dərəcədə artır.
Hər hansı bir partiyanın və ya təşkilatın keçdiyi yola nəzər salarkən, ilk növbədə onun hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyəti göz önünə gəlir.


Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, Azərbaycan ziyalılarının təşəbbüsü ilə tarixi zərurətdən yarandı. Partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş Respublikalardan biri kimi Azərbaycanda da, müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başladı. 1990-cı ilin əvvəlində bir sıra təşkilatlar və siyasi partiyalar yarandı ki, həmin partiyalar da ölkəni düşdüyü ağır iqtisadi, siyasi və mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr Respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi.

Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu, Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda, qəlbi daim xalqla döyünən, xalqın gələcək taleyini düşünən 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu müraciətdə, Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu.

Onu da vurğulamaq yerinə düşər ki, 1993-cü il oktyabrın 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Sonrakı 10 il ərzində YAP ölkənin siyasi həyatında aprıcı rolu ilə seçildi.

Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdi. Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışına başlanılıb.

Yeni Azərbaycan Partiyasının VII Qurultayı isə partiyamızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. VII qurultayda partiyamızın sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının sonuncu – VII Qurultayında partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması, İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi, habelə yeni strukturun yaradılması partiyanın müasir tələblərə uyğun fəaliyyətinə töhfə oldu.

Bu gün Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə, ölkədə milli birlik yaratmışdır. Milli həmrəylik, dövlət siyasətinin strateji prioriteti kimi yeni inkişaf mərhələsinin təcəssümünə çevrilmişdir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara olan müsbət ictimai münasibətin artmasından xəbər verir və ölkədəki dialoq mühitinin dərinləşməsi, siyasətdə yeni, tərəqqi məzmunlu konsolidasiyalar yaradır.

Bu gün Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən açıq-aydın görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.

Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyası yaranmasının 30 illiyi ilə bağlı təntənəli tədbirlər 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Qələbənin ikinci ildönümünü qeyd etdiyimiz günlərə təsadüf edir. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imic qazanmasını, beynəlxalq aləmdə əsil söz sahibi olan Ali Rəhbər olduğunu təsdiq etdi.

Qürurverici haldır ki, 30 il bundan öncə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası, həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən, ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya yoxdur. Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir.

Beləliklə, partiyamızın son 30 ildə əldə etdiyi uğurlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təcəssümüdür. Bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur. Bu məqsədyönlü siyasət Azərbaycan xalqı tərəfindən yüksək dəstəklənir və ölkəmizi demokratiya yolu ilə inamla irəliyə aparır.

Bu gün, Yeni Azərbaycan Partiyasının cəmiyyətin yeganə seçimi olmasını şərtləndirən əsas amilllərdən biri də, Azərbaycanın beynəlxalq aləmdə olan güclü mövqeyi və nüfuzudur. Bütün bunlar deməyə əsas verir ki, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafeləri istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var və zaman ötdükcə, bu qarşılıqlı dəstək daha da güclənəcək.

Bu fikir bu gün olduğu kimi, gələcəkdə də öz qüvvəsini saxlayacaqdır və ona əməl etmək isə, partiyamızın və qədirbilən xalqımızın ən ümdə vəzifəsidir. Bu gün qürurla və əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası gələcəyə əmin addımlarla irəliləyir.

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024