Mobil versiya
Bakıda suvenir fırıldağı - FOTO
Tarix: 13-06-2016 | Saat: 11:23
Bölmə:Seçilənlər | çapa göndər



Azərbaycana gələn turistlərin sayı hər keçən gün artmaqdadır. Gələnlərin çoxu paytaxtın gəzməli və tarixi abidələri ilə zəngin olan İçərişəhərə axın edirlər. Ölkəmizə qonaq gələn turistlər öz ölkələrinə Azərbaycandan xatirə qalması üçün nələrsə alıb aparmaq istəyirlər. Heç kəsə sirr deyil ki, Bakıda ən çox ziyarət edilən suvenir mağazaları İçərişəhərdədir. Biz də bu suvenirlərin nələrdən ibarət olduğunu, mənşəyini və qiymətini öyrənmək üçün suvenirlərin daha çox satıldığı İçərişəhərə üz tutduq.

Müşahidələrimiz zamanı gördük ki, suvenirlər arasında Azərbaycana məxsus milli gəlinciklər, çalğı alətləri, milli geyimlər, nar maketləri, baş örtükləri, Qız Qalasının kiçik maketləri, balaca muğam triosunun kuklaları, araqçınlar, papaqlar, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş qablar, fincanlar, üzərinə "Baku" yazılmış təsbehlər, breloklar üstünlük təşkil edir. Ancaq suvenirlərin əksəriyyətinin harada istehsal olunduğuna dair bir bilgi yox idi. Bəzilərində isə "Made in China" sözü ilə rastlaşdıq.

Belə çıxır ki, ölkəmizə Çindən bir turist gəlib Azərbaycanın tarixini, görməli yerlərinin təsvirini, personajlarını əks etdirən bu suveniri alıb arxasına baxsa, onun əslində Azərbaycanda yox, elə öz ölkəsində istehsal olunduğunu görər. Yəni çinli birinə öz malımız kimi çin malını satırıq demək olar. Satılan suvenirlərin qiyməti də ayrı-ayrılıqda əl yandırırdı. İçərişəhərdə olarkən bir neçə turistin bu cür suvenirləri seçib qiymətinə görə geri qoyduğunun şahidi olduq. Hətta çinli bir turist Bakının təsviri olan bir boşqabı alıb arxasına baxıb öz ölkələrində istehsal olunduğunu gördükdən sonra qəribə bir gülümsəmə ilə yerinə qoyduğunun şahidi olduq. Türk turistlər isə daha çox üzərində Bakının, Qız Qalasının və digər tarixi yerlərin mənzərəsi əks olunmuş maqnitlər alırdı. Ancaq onlar da bu maqnitlərin qiymətindən şikayətlənirdilər. Əli Boğazlı adlı turist öz ölkələrində bu cür maqnitlərin ucuz olduğunu deyirdi: "Sizdə maqnitlərin qiyməti 2 manat dan başlayır. Bizdə isə bu cür maqnitləri 1 manata, hətta 50 qəpiyə də almaq olur. Ümumiyyətlə Bakı çox bahalı bir şəhərdir".

İçərişəhərdə bu cür suvenirlər həm mağazalarda həm də kiçik piştaxtalarda satılırdı. Ancaq müşahidəmiz zamanı bəlli oldu ki, piştaxtada satılan suvenirlər mağazalarda satılan suvenirlərdən bir qədər baha idi. Məsələn, Bakının təsviri olan maqnit mağazada 2 manata idisə, piştaxtada 3 manata satılırdı. Sırf Azərbaycana məxsus olduğu deyilən kiçik baş örpəklərinin qiyməti 10 manatdan, ipəkdən olduğu deyilən örpəklər 50 manatdan, milli geyimdə olan kiçik gəlinciklər 15 manatdan, muğam triosu olan kiçik kuklalar 20 manatdan, çarıqlar 15 manatdan başlayırdı. Əl işi olan suvenirlər isə 8-100 manat arasında satılırdı. Azərbaycana məxsus kiçik suvenir xalçaların qiyməti isə 50 manatdan başlayırdı. Bundan başqa palıd ağacından düzəldiyi deyilən Məşədi İbad suvenirin qiyməti 50 manata, qoz ağacından hazırlanan tar 250 manata, qrammofon 300 manata satılırdı.

Suvenir satıcılarından birinə yaxınlaşıb satdığı suvenirləri haradan aldıqlarını maraqlandıq.

Aia.az musavat-a istinadən bildirir ki, Vüsal adlı satıcı suvenirlərin bəzilərini sənətkarlardan aldıqlarını, bəzilərinin isə Çindən gəldiyini dedi: "Bildiyim qədəri ilə Azərbaycanda suvenir istehsalı yoxdur. Ona görə də gördüyünüz üzərində Bakının təsviri yer alan boşqab, fincan kimi suvenirlər Çində istehsal olunur. Buradan eskizi çəkirlər, onlar da düzəldib göndərirlər. Məsələn, gördüyünüz Qız Qalasının kiçik maketi də Çində düzəlib. Oradan gətirmək həm də ucuz başa gəlir və burada üstünə xeyli pul qoyub satmaq olur. Burada sənətkarlar bunu baha satır. Məsələn, Qız Qalasının balaca suvenirini burada düzəldib bizə 1 man 50 qəpik və ya 2 manatdan satırlar. Bizdə məcbur üzərinə 1 manat pul qoysaq gəlib baha çıxır. Ancaq Çindən bunu 50 qəpiyə alırıq. Burada da 3-5 manata satırıq. Ancaq elə şeylər var ki, çinlilər onu düzəldə bilmirlər. Məsələn, milli musiqi alətlərinin kiçik suvenirini onlar düzəldə bilmir".

Digər suvenir satıcısı isə turistlərin elə də çox pul xərcləməyə meylli olmadığını dedi: "Gəlib bahalı sənət, əl işləri ilə maraqlanırlar. Axırda da 2 manata balaca bir maqnit alıb gedirlər. Bu il Rusiyadan gələn turistlər daha çoxdur. Avropa ölkələrindən gələnlər də var. Onlar əsasən rəsm əsərləri, suvenir xalçalarla maraqlanırlar".

Digər satıcı isə Turistlərin mis qablarla da maraqlandığını və alıcısının olduğunu dedi: "Az da olsa mis qablarla da maraqlanan, alan turistlər var. Mis qabların qiyməti 30 manatdan başlayır. Məsələn, peşəkar əl işi olan məcməyinin qiyməti 1500 manatdır. Əl işi olan nərd 100-200 manata, quzu dərisindən hazırlanmış papaqlar 60 manata, araxçın 3 manata, xəncərləri isə 15-120 manata satırıq. Bəzən qiymətində aşağı da düşürük. Qiymət öldürmək yalnız azərbaycanlılarda yox xaricilərin xasiyyətində də varmış".

Maraqlıdır, suvenirlərin "kitayski" olması və bu qədər baha satılması nə ilə bağlıdır, buna nəzarət varmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahədə problemlər olduğunu dedi: "Bütün dünyada bu problem var. Azad bazar iqtisadiyyatıdır. Azərbaycan biznesmenləri suvenirləri burada hazırlatdırmır, eskizlərini aparıb Çində hazırlatdırıb gətirir. Əgər Azərbaycanın suvenir bazarının inkişaf etməsini, bu cür sənətkarlar əmələ gəlməsini istəyiriksə, dövlət buna stimul verməlidir. Ümumiyyətlə, turistlər üçün Azərbaycanda çoxsaylı problemlər var. Turistlər Azərbaycana yalnızca suvenir almaq üçün gəlmirlər. Onlar həm də normal xidmət istəyirlər. Bu sahədə isə ciddi qüsurlar, problemlər var. Ciddi problemlərdən biri dünya turistlərinin gözlə görmək istədiyi "İpək yolu" üzərində olan restoranlar, buradakı antisanitariya, tualetlərdə, əl üz yuyan yerlərdə lazım ləvazimatların olmamasıdır. Məsələn, mən keçən dəfə Şirvan şəhərinin mərkəzindəki "Bağ park" deyilən bir çayxanada idim. Bura çox gözəl yer idi. Ancaq buranın tualeti yox idi. Bu, çox biabırçı vəziyyətdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024