Mobil versiya
Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin ideyalarından bəhrələnmiş Yeni Azərbaycan Partiyası bu günə qədər çox böyük və şərəfli yol keçmişdir”
Tarix: 19-11-2022 | Saat: 10:39
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin ideyalarından bəhrələnmiş Yeni Azərbaycan Partiyası bu günə qədər çox böyük və şərəfli yol keçmişdir”

“Ötən əsrin 80-ci illərinin axırlarından keçmiş SSRİ-nin tərkibində olan müttəfiq respublikalarda xalq hərəkatları geniş vüsət almağa başladı. Bu prosesin fonunda müxtəlif siyasi partiya və təşkilatlar formalaşırdı. O cümlədən Azərbaycanda siyasi partiyaların yaranması 1988-ci ildən başlanan xalq hərəkatının bir təzahürü kimi özünü büruzə verməyə başladı. Növbəti iki il ərzində respublikada artıq bir sıra siyasi təşkilatlar fəaliyyət göstərirdi. Lakin ölkənin üzləşdiyi ağır siyasi və iqtisadi böhran şəraitində bu partiyaların fəaliyyətlərinin effektsizliyi özünü aşkar şəkildə göstərirdi. Əksinə, bu siyasi partiyalardan bəziləri respublikada hakimiyyətə gəldikdən sonra ölkədə vəziyyəti daha da gərginləşdirir, mövcud böhran vəziyyətinin daha da dərinləşməsinə səbəb olurdular. Məhz belə bir dövrdə, Azərbaycanın müstəqil dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsilə üzləşdiyi bir vaxtda xalqın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Sonradan tarixdə adları 91-lər kimi qalmış ziyalıların 16 oktyabr 1992-ci il tarixli müraciətlərinə Ulu Öndər Heydər Əliyev belə cavab vermişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.” Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan fədakar və vətənpərvər ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat həmçinin bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşmış, Ümummilli Liderimizin ideyalarından bəhrələnmiş Yeni Azərbaycan Partiyası bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir: “Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiyanın perspektivliyini təmin edən ideoloji amillər və bu ideologiyanın əsasında duran müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı kimi çıxış edir.”

Daha sonra N.Aslanov Yeni Azərbaycan Partiyasının ölkə daxilində ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında müstəsna rol oynayan aparıcı siyasi qüvvə olduğunu vurğulayaraq bunları deyib: “2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilib. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrildi. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. VII qurultayı əlamətdar edən mühüm faktorlardan biri əlbəttə ki, Azərbaycan Ordusunun 2020-ci ilin noyabr ayında 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Həmin tarixi gündən sonra keçmiş dövr ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar Partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024