Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan Prezidentinin təşəbbüsləri Türk dünyasının daha da güclənməsinə böyük töhfələr verəcək”
Tarix: 12-11-2022 | Saat: 10:28
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan Prezidentinin təşəbbüsləri Türk dünyasının daha da güclənməsinə böyük töhfələr verəcək”

“Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Dövlət başçımızın 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında da Türk Dövlətlərinin bir-birilərinin milli maraqları nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəylik göstərmələrinin vacibliyi xüsusi vurğulanmışdır. Cənab Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Həqiqətən də 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Lakin müasir dünyada gedən proseslər qarşıya yeni tələblər qoyur. Bu tələblərə cavab verə bilmək üçün Türk dövlətlərinin
siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı daha da fəallaşdırılmalıdır. Yalnız bu yolla, yalnız birlik və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi ilə Türk dünyası özünün təhlükəsizliyini, insanlarının rifah yüksəlişini təmin edə bilər. Dövlət başçımızın Zirvə Görüşündəki çıxışında yer almış çağırışlar da məhz bu hədəflərə istiqamətlənmiş addımların atılması zərurətini qeyd edir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.


Öz açıqlamasında deputat həmçinin bu gün Azərbaycan-Özbəkistan ikitərəfli əlaqələrinin də sürətlə inkişaf etdiyini vurğulayıb: “Məlumdur ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə təşkilat daxilində olduğu kimi, ayrı-ayrılıqda ikitərəfli əlaqələrin inkişafını da hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanmışdır. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Həmçinin işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzi inşa olunacaq. Bu faktlar ölkəmizin bütün Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsində və möhkəmləndirilməsində son dərəcə maraqlı olduğunu bir daha təsdiq edir. O cümlədən hazırda Azərbaycan-Özbəkistan ikitərəfli münasibətləri də sürətlə inkişaf edir. Ölkə Prezidenti cənab İlham Əliyevin son 7 ayda üç dəfə Özbəkistana səfər etməsi – aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirakı və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xidmr edir. Öz çıxışında dövlət başçımız qeyd etmişdir ki, həmin səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.”

Sonda N.Aslanov bunu da qeyd edib ki, Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın problemlərini diqqət mərkəzinə çəkməklə Türk dünyasının əslində müstəqil türk dövlətlərinin mövcud sərhədləri çərçivəsindən daha böyük ərazini əhatə etdiyini vurğulamış oldu: “Cənab Prezident İlham Əliyev öz çıxışında daha bir vacib məsələni, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramalarına yol verilməməsi istiqamətində məqsədyönlü addımların atılmasının zəruriliyini diqqət mərkəzinə gətirdi. Bununla dövlətimizin başçısı Türk dünyasının təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını, onun coğrafi sərhədlərinin daha geniş olduğunu vurğuladı. Xüsusi olaraq cənab Prezident gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı əldə etmək məsələsinin daim təşkilatın gündəliyində saxlanmalı olduğunu qeyd etdi. Heç şübhəsiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü bu təklif və təşəbbüslər bütün Türk dünyasının daha da güclənməsinə dəyərli töhfələr verəcək”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024