Mobil versiya
Novruzəli Aslanov: “Böyük Qələbə milli yaddaşın qızıl fondudur”
Tarix: 07-11-2022 | Saat: 10:12
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Böyük Qələbə milli yaddaşın qızıl fondudur”

“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuş, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət etmişdir..Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı”.

Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov Azərbaycan xalqının qeyd etməyə hazırlaşdığı 8 noyabr – Qələbə Gününün əhəmiyyətindən danışarkən söyləmişdir.

Deputat ilk növbədə qeyd etmişdir ki, Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir: “Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı... İqtisadi amil isə ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi”.

N.Aslanov həmçinin vurğulamışdır ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı münaqişənin həlli üçün zəmin yaratdı: “Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları isə “İrəli” əmrini gözləyən Azərbaycan xalqının hiddətini coşdurdu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi... Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. İyirmi səkkiz il yarım işğal altında olan Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsi isə Ermənistanı təslim olmağa və 10 Noyabr tarixli Üçtərəfli Bəyanata imza atmağa məcbur elədi”.

Deputat sonda bildirib ki, Azərbaycan xalqı tamamilə dağıdılmış ərazidə yeni həyat qurur, dövlətimiz Böyük Qayıdış strategiyasını həyata keçirir: “ Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir, İşğal və Zəfər muzeyləri inşa edilir. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər işa olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qələbə milli yaddaşın qızıl fondudur. Qələbə ilə regionda yaradılmış yeni reallıq müstəqilliyin tarixində yeni “Qalib xalq” düşüncə fəlsəfəsinin formalaşmasını tələb edir. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024