Mobil versiya
Eltun Süleymanov: “Dövlət bayrağı xalqımızı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirən əsas amillərdən biridir”
Tarix: 07-11-2022 | Saat: 10:06
Bölmə:Manşet / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Dövlət bayrağı xalqımızı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirən əsas amillərdən biridir”

“Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ulu Öndər Heydər Əliyev Dövlət bayrağının milli birliyimizi formalaşdıran əsas amillərdən biri olduğunu vurğulayaraq belə demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bu qərar Dövlət bayrağına göstərilən yüksək ehtiramın ən bariz təzahürüdür.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Öz fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır: “Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.”

Daha sonra E.Süleymanov qeyd edib ki, Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin əsas amillərindən biridir: “ Bu gün Azərbaycanın Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Bayraq xalqın milli identikliyinin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc  yeridir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün isə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. 30 ilə yaxın müddət ərzində erməni işğalı səbəbindən torpaqlarımızın 20 faizi müqəddəs bayrağımızın həsrətini çəkirdi. İki il bundan əvvəl nəhayət ki, bu həsrətə son qoyuldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz 44 gün ərzində həmin əraziləri düşməndən addım-addım təmizləyərək hər kənddə, hər şəhərdə üçrəngli bayrağımızı ucaltdı. Bu gün möhtərəm Prezidentimizin yürütdüyü düşünülmüş, qətiyyətli və uğurlu siyasətin məntiqi nəticəsi olaraq müstəqil Azərbaycan dünyanın ən güclü, ən qüdrətli ölkələrindən birinə çevrilib, özünün ərazi bütövlüyünü bərpa edib. Bu tarixi Qələbə milli birliyimizin, həmrəyliyimizin sayəsində əldə olunub. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı və hərbçilərlə görüşdə qeyd etmişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”. Möhtərəm dövlət başçımız azad olunmuş bütün ərazilərimizdə Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan etmiş oldu”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024