Mobil versiya
Novruzəli Aslanov: “Füzulinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığını qədirbilən xalqımız və dövlətimiz yüksək qiymətləndirir”
Tarix: 15-10-2022 | Saat: 09:28
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Füzulinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığını qədirbilən xalqımız və dövlətimiz yüksək qiymətləndirir”

Füzuli şəhərinin işğaldan azad olunmasından iki il ötür. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Bununla belə Vətən müharibəsində qələbəmizədək Füzuli rayonundan danışanda həm də Ulu Öndər Heydər Əliyevin əmri ilə qazanılmış ilk Qələbə yada düşür. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı”.

Bu və digər tarixi faktları Milli Məclisin deputatı Novruzəli Aslanov Füzuli şəhərinin 2020-ci il 17 oktyabr tarixində işğaldan azad olunması ilə əlaqədar fikirlərini mətbuatla bölüşərkən sadalamışdır:

“Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq; Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığını qədirbilən xalqımız və dövlətimiz yüksək qiymətləndirir. 2020-ci il noyabrın 26-da Füzulinin işğaldan azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur”.

Deputat həmçinin bildirib ki, işğaldan tam azad olunması ilə Füzuli rayonunun yeni inkişaf dövrü başlanıb: “Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 1 şəhər (Horadiz), 11 qəsəbə, 21 kənd vardır. Qəsəbələrdən 11-i respublika Prezidentinin Fərmanları ilə Dövlət Neft fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə salınmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə 9 dəfə səfər etmişdir. Dövlətimizin başçısı 16 noyabr 2020-ci il tarixdə Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimində iştirak etmiş; 14 yanvar 2021-ci ildə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoymuş, bundan bir ay sonrakı səfərində Füzuli şəhərinin Baş planın təsdiqləmiş, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanış olmuş, 180 çarpayılıq xəstəxananın təməlini qoymuş, daha bir ay sonra Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev 29 avqust 2021-ci il tarixli səfərində Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə, 17 yanvar 2021-ci ildə isə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmuş və Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Dövlətimizin başçısı 26 yanvar 2021-ci ildə cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını etmiş, bu il mayın 10-da Füzuli Peşə Liseyinin təməlqoyma mərasimində iştirak etmişdir. Ali Baş Komandan 27 Sentyabr 2022-ci il tarixdə Füzuli rayonunun Qaraxanbəyli kəndində Şəhidlərin Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etmişdir”.

N.Aslanov sonda rəsmi İrəvanın törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalı olduğunu da xatırlatmışdır: “Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə