Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan və Bolqarıstan dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdırlar”
Tarix: 02-10-2022 | Saat: 12:58
Bölmə:Manşet / Siyasət / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan və Bolqarıstan dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdırlar”

“Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr 1992-ci ildə qurulsa da, ilk dostluq və əməkdaşlıq sazişi Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfəri zamanı imzalanıb. Dövlətlərarası əlaqələrimizə təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edib. Bundan sonra ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, iki ölkə arasında 60-dan çox sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib”.

Bu sözləri Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov AİA.Az-a verdiyi açıqlamada deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 30-da bolqarıstanlı həmkarı Rumen Radevin dəvəti ilə Sofiyaya səfəri zamanı çıxışında toxunduğu məsələlərin əhəmiyyətindən danışan E.Süleymanov səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə hər iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərinin baş tutduğunu qeyd edib: “Dövlətimizin başçısı İlham Əliyevin Bolqarıstana bu səfəri ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf etdi və 2005-ci, 2015-ci və 2009-cu ildə baş tutan əvvəlki səfərləri kimi məhsuldar oldu. Dövlətimizin başçısı sentyabrın 30-da açılışı baş tutan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin tarixi əhəmiyyətə malik olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracağını, yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturunun Azərbaycana bir çox ölkələri təbii qazla təmin etmək imkanı verdiyini vurğuladı. Prezident İlham Əliyev xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacağını, Bolqarıstan və Azərbaycan nəqliyyatçılarının indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlarını, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanların mövcudluğunu, işğaldan azad olunmuş ərazilərin əməkdaşlıq üçün yeni fürsətlər yaratdığını qeyd etdi”.

E.Süleymanov nikbinliklə bildirib ki, hər iki ölkə dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır: “Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Ölkələrarası əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu mənada Bolqarıstan Respublikasının dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər həyata keçiriblər. Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana son səfəri 2017-ci ildə olub. Bu il də ölkələrimizin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baxımından zəngin olub. Belə ki, Azərbaycanın energetika, xarici işlər və daxili işlər nazirləri Bolqarıstana, sonuncunun energetika və iqtisadiyyat nazirləri isə ölkəmizə səfərlər ediblər. Onlar arasında ən önəmlisi isə Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkovun iyul ayında ölkəmizə səfəri olub. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana budəfəki rəsmi səfəri qeyd olunan perspektivlərdən istifadə imkanlarının araşdırılması baxımından da müstəsna əhəmiyyət kəsb edəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024