Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Bolqarıstan münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”
Tarix: 02-10-2022 | Saat: 11:41
Bölmə:Manşet / Seçilənlər-5 / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Bolqarıstan münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”

“Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfər Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin bu tarixi səfər Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində rolunun getdikcə artması prosesinin daha da sürətləndiyini təsdiq edən hadisədir. Məlum olduğu kimi, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın davamlılığını təmin edib. Ötən müddət ərzində bu sənəddə təsbit edilmiş bütün məsələlər gerçək həyatda reallaşmış və bu əsasla Azərbaycan-Bolqarıstan əlaqələri daha yüksək səviyyəyə qalxmışdır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat ölkələrimiz arasında ən yüksək səviyyədə fəal siyasi dialoq olduğunu vurğulayaraq Azərbaycan-Bolqarıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib: “İki ölkə arasında siyasi münasibətlərin xarakterini Azərbaycan və Bolqarıstan Prezidentlərinin təmasları əsasında müəyyən etmək olar. Eyni zamanda ölkələrimiz arasında indiyədək nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Təbii ki, strateji tərəfdaş ölkələr arasında gedən müzakirələrdə enerji təhlükəsizliyi məsələləri əsas yer tutub. Bu gün artıq Azərbaycan qazı Bolqarıstana ixrac olunur və hazırda bu ixracın həcminin artırılması məsələsi gündəmdədir. İki ölkənin dövlət başçıları arasında keçirilmiş geniş tərkibli görüşdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Məlum hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışlarını daha da intensivləşdirib. Artıq Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya Bolqarıstana müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Buna görə də Azərbaycan qaz hasilatını artırmaq və tərəfdaşlarını təbii qazla təmin etmək yönümündə çalışmalarını daha da intensivləşdirir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi isə təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcək.”

Daha sonra Novruzəli Aslanov Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin əhəmiyyətindən bəhs edərək bunları deyib: “Artıq xəbər verildiyi kimi, oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu layihə böyük tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır. Məlumdur ki, Azərbaycan qazının artıq iki ilə yaxın bir müddətdir ki, Avropa bazarlarına və indi həm də Bolqarıstana çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biri olmaqla Avropanın enerji xəritəsini dəyişmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasında bir müddət əvvəl enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə ölkəmiz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaq. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə daha önəmli rol oynamasını təmin edir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024