Mobil versiya
Azərbaycan-Xorvatiya parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTOLAR
Tarix: 29-09-2022 | Saat: 16:44
Bölmə:Siyasət / Karusel | çapa göndər

Azərbaycan-Xorvatiya parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiyaya səfər çərçivəsində Xorvatiya Parlamentində olublar. Nazirlər Kabinetinin iştirakı ilə keçirilən "Açıq sual" iclasını qonaq qismində izləyiblər. Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Nazirlər Kabinetinin üzvləri, eləcə də Xorvatiya Parlamentinin deputatları Azərbaycan nümayəndə heyətini salamlayıblar.

Millət vəkillərimiz daha sonra Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviç ilə görüşüb, bir sıra əhəmiyyətli mövzular üzrə fikir mübadiləsi aparıblar. Deputat Könül Nurullayeva çıxış edərək, hər iki xalqın paylaşdığı dərin dostluq və rəğbət hissləri ilə tamamilə uyğunluq təşkil edən parlamentlərarası münasibətlərdən, dostluq qruplarının yaradılmasının tarixindən bəhs edib. Xorvatiya parlamentinin keçmiş sədrləri Yosip Lekonun 2013-cü ildə və Luka Bebiçin 2014-cü ildə Azərbaycana, habelə V çağırış Milli Məclisin sədri Oqtay Əsədovun 2014-cü ildə Xorvatiyaya etdiyi rəsmi səfərlərin önəmini qeyd edib.

Sonra Azərbaycan nümayəndə heyəti Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maya Qrba-Buyeviç və qrupun üzvləri ilə görüşdə iştirak edib. Dostluq qrupları arasında may ayında keçirilən görüşdə Azərbaycan Respublikası və Xorvatiya Respublikası Parlamentləri arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və şaxələndirilməsi istiqamətində irəli sürülən bir sıra mühüm təkliflər yenidən səsləndirilib. Təkliflər əsasən mədəniyyət, elm, gender bərabərliyi, gənclər siyasəti, idman sahələrinə aid olub.

Azərbaycan nümayəndə heyətinin üzvləri Xorvatiya Parlamentinin Avropa işləri Komitəsinin sədri Domaqoy Haydukoviç və Xarici siyasət Komitəsi sədrinin müavini Davor Ivo Stir ilə də görüşüblər. Görüş zamanı qeyd olunub ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-ci il yanvarın 26-da qurulub və o vaxtdan bəri ölkələrimiz arasında təhsil, mədəniyyət, iqtisadi tərəfdaşlıq, humanitar məsələlər, nəqliyyat və tranzit tərəfdaşlığı sahələrində əlaqələr dinamik şəkildə genişlənir. Millət vəkili Könül Nurullayeva çıxış edərək, Xorvatiyanın göstərdiyi siyasi dəstəyə və Qarabağ məsələsindəki mövqeyinə görə təşəkkürünü bildirib. Həmçinin vurğulayıb ki, 2 il əvvəl 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyaraq, ərazi bütövlüyünü bərpa edib. "Azad edilmiş ərazilərdə aparılan yenidənqurma və minalardan təmizləmə işlərində Xorvatiya şirkətləri də yaxından iştirak edir", - deyə K.Nurullayeva söyləyib.

Millət vəkili Eldar Quliyev də öz növbəsində diqqəti Qarabağ münaqişəsinin həllindən sonrakı vəziyyətə yönəldib. Aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Eyni zamanda mina probleminə toxunaraq, Ermənistanın postmünaqişə dövründə də destruktiv siyasət yeritdiyini bildirib. Bu yanaşmanın bölgədə davamlı sülh və təhlükəsizliyə mane olduğunu vurğulayıb.

Milli Məclisin deputatları, eyni zamanda Xorvatiya Parlamentinin İqtisadiyyat komitəsinin sədri Zarko Tuşek ilə görüş keçiriblər. Görüşdə deputat Könül Nurullayeva bildirib ki, son iki ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,2 milyard dollardan çox olub. Azərbaycan və Xorvatiya hökumətləri arasında İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Komissiya 2013-cü ilin martında yaradılıb və bu günədək bu birgə komissiyanın iki iclası keçirilib. Millət vəkili, həmçinin yaxın gələcəkdə bu Birgə Hökumətlərarası Komissiyanın üçüncü iclasının təşkilinin iqtisadi əməkdaşlığın inkişafı baxımından çox faydalı olacağına dair əminliyini ifadə edib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Xorvatiyanın Turizm və idman naziri Nikolina Brnyak ilə də görüşüblər, iki ölkə arasındakı mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024