Mobil versiya
Novruzəli Aslanov: “Ölkə Prezidentinin çıxışında Şəhidlərimizin əziz xatirəsinə göstərilən sonsuz ehtiram öz ifadəsini ən bariz şəkildə tapıb”
Tarix: 29-09-2022 | Saat: 09:47
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ölkə Prezidentinin çıxışında Şəhidlərimizin əziz xatirəsinə göstərilən sonsuz ehtiram öz ifadəsini ən bariz şəkildə tapıb”


“Bu gün Azərbaycan xalqı azad edilmiş ərazilərimizə yenidən həyat qaytarır və bununla haqlı olaraq fəxr edir. Bu fəxarəti bizə bəxş edən isə Şanlı Ordumuzdur. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başladığı və cəmi 44 günə tarixi Qələbə əldə etməklə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə sübut etdi ki, Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlər, Silahlı Qüvvələrdə aparılan islahatlar Azərbaycan Ordusunu bu günkü səviyyəyə qaldırdı. Bu gün Şanlı Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün əsas təminatçısı olmaqla xalqımızın əsl qürur mənbəyidir.”

Bu sözləri mətbuata verdiyi müsahibəsində Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 27-də Füzuli rayonunda etdiyi çıxışında Şəhidlərimizin əziz xatirəsinə göstərilən sonsuz ehtiram öz ifadəsini ən bariz şəkildə tapmışdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 27 Sentyabr-Anım Günündə Füzuli rayonuna səfər ediblər. Həmin gün dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində Şəhidlərimizin şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar. Qeyd etmək lazımdır ki, Qaraxanbəyli Vətən müharibəsinin ilk günündə azad edilmiş kəndlərimizdən biridir. Məhz buna görə də bu kəndin yaxınlığındakı ərazi Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün seçilmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də burada ucaldılmış abidənin önündə çıxış edərək bütün Azərbaycan xalqının öz şəhidləri ilə fəxr etdiyini bir daha vurğulamışdır. Dövlət başçımız qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Həqiqətən də bu müharibədə Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. 44 gün ərzində Azərbaycan Ordusu hər gün yalnız irəliyə getdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı.”

Sonda deputat əldə olunmuş tarixi Qələbənin əsasında ümumxalq birlik və həmrəyliyinin durduğunu vurğulayaraq bunları deyib: “Azərbaycanın Qələbəsinin əsasında öz liderinə, öz Prezidentinə sonsuz bir inamla güvənən xalq və hər zaman xalqın dəstəyinə arxalanan Prezident durur. Azərbaycan xalqı ən həlledici məqamda öz iradəsini ortaya qoyaraq, dəmir yumruq kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşdi və işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq planlarının üstündən birdəfəlik xətt çəkildi, status məsələsi həmişəlik tarixin zibilliyinə atıldı. Əlbəttə ki, Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı, ehtiramı və etimadı sonsuzdur. Bu gün isə işğaldan azad edilmiş rayon və bölgələrimizə etdiyi səfərləri ilə Prezident İlham Əliyev Azərbaycanın həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu bütün dünyaya əyani olaraq nümayiş etdirir”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2022