Mobil versiya
Radikal müxalifət ünsürləri xaricdəki ermənipərəst dairələrdən aldıqları tapşırıqla Azərbaycana qarşı çirkin kampaniyaya başlayıb
Tarix: 17-09-2022 | Saat: 18:05
Bölmə:Ölkə | çapa göndər

Radikal müxalifət ünsürləri xaricdəki ermənipərəst dairələrdən aldıqları tapşırıqla Azərbaycana qarşı çirkin kampaniyaya başlayıb

Məlum olduğu kimi, 12 sentyabr 2022-ci il tarixdə gecə saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlar bu ölkənin siyasi-hərbi hakimiyyətinin təcavüzkarlıq məqsədlərindən əl çəkmədiyini bir daha sübut edir. Birmənalı şəkildə demək olar ki, sərhəddə baş verən təxribatlar sülh müqaviləsinin pozulmasına xidmət edir. Törədilən təxribatlar, atəşkəsin pozulması, diversiya qruplaşmalarının Azərbaycanın ərazilərinə keçmək cəhdi, ərazilərin minalanması, böhtan, şantaj kampaniyası və Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi təzadlı bəyanatlar bu dövlətin yenidən müharibə törətmək, ərazilərimizi işğal etmək məqsədində olduğunu göstərir. 12-14 sentyabrda baş verən hadisələr, təxribat xarakterli əməllər buna aydın nümunədir. Əlbəttə, bütün hallarda düşmən layiqli cavabını aldı. Düşmən bizdən qat-qat artıq canlı itki verdi, təcavüzkarın mövqeləri, postları, qurğuları, texnikaları sıradan çıxarıldı. Sözsüz ki, döyüş əməliyyatları müdafiə xarakterlidir və Azərbaycan öz ərazilərini müdafiə etməyə borcludur. Ancaq erməni tərəfi bu fikirdə deyil və onlar yaydıqları dezinformasiyalar ilə yenə də dünyanı çaşdırmaq fikrindədirlər. İlk olaraq Azərbaycan Ordusunun hücuma keçməsi və Ermənistan ərazilərinə daxil olması, müəyyən əraziləri işğal etməsi barədə Ermənistan hakimiyyətinin yaydığı yalan məlumatların, təbii ki, heç bir əsası yoxdur və ola da bilməz. Əgər erməni əsgəri Azərbaycan ərazisində məhv edilibsə, deməli, hücuma keçən də, günahkar da odur.
Göründüyü kimi, Ermənistan rəhbərləri 44 günlük müharibə dövründə olduğu kimi, yenə də xarici dövlətlərə kömək üçün yalvarmaqdadırlar. Onlar Rusiyadan, Fransadan, ABŞ-dan, eləcə də digər ölkələrdən kömək gözləyir, ümidlərini başqa dövlətlərin dəstəyinə bağlayırlar. Ancaq başa düşmürlər ki, Azərbaycan Ordusu qüdrətlidir, Azərbaycan Prezidenti cəsarətlidir və öz sözünə, sülh, əmin-amanlıq, qarşılıqlı əməkdaşlıq amallarına sadiqdir, Azərbaycan xalqı rəhbəri və ordusu ilə birdir, yekdildir. Ən əsası isə Azərbaycan haqq-ədalət, ərazi bütövlüyü, torpaqlarının azadlığı uğrunda mübarizə aparır. Bu BMT-nin nizamnaməsinə, beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə uzanan xəyanətkar əl kəsilib və bundan sonra da kəsiləcəkdir. Erməni təcavüzkarları 44 günlük müharibədə bunu aydın hiss etdilər, gördülər və dəhşətli anlar yaşadılar. Azərbaycan xalqı şəhid qəhrəman oğulları, qaziləri ilə həmişə fəxr edir və xalqımız nə qədər şəhid versə də, torpaqlarımızı düşməndən qorumağa, bayrağımızı göylərə ucaltmağa və Prezidentimizin əmrlərini, tapşırıqlarını yerinə yetirməyə, düşməni məhv etməyə qadirdir.
Təəssüfləndirici hal odur ki, radikal müxalifət ünsürləri xaricdəki ermənipərəst dairələrdən aldıqları tapşırıqla Azərbaycana qarşı çirkin kampaniyaya başlayıb. Qeyd edək ki, son günlər radikal müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meyl özünü aydın şəkildə göstərməyə başlayıb. Ordumuzun sərhəddə erməni təxribatına layiqli cavab verməsi onları çox narahat edib. Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla ölkəmizin imicini zədələmək yolu seçmiş radikal müxalifət pul müqabilində Ermənistanın müdafiəsinə başlayıb. Onlar hər zaman erməni dəyirmanına su töküb, ermənipərəst dairələrdən, erməni lobbisindən pul alaraq Ermənistanın təbliğatçısı rolunda çıxış ediblər. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu dövlətimizin təhlükəsizliyini təmin etmək, erməni təhdilərinin qarşısını almaq məqsədilə erməni təxribatlarına layiqli cavab verib, onlara növbəti dəfə yerini göstərib.

Semur Əsgərov,
YAP Göygöl rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024