Mobil versiya
Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığı bütün Türk dünyasının gücünə güc qatır
Tarix: 29-08-2022 | Saat: 10:52
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığı bütün Türk dünyasının gücünə güc qatır

Azərbaycanın beynəlxalq nüfuzunun artması, mövqelərinin getdikcə möhkəmlənməsi fonunda respublikamızın digər ölkələrlə əlaqələri də genişlənir və inkişaf edir. Aydındır ki, Azərbaycan Xəzər dənizi hövzəsinə aid olan dövlətlərlə münasibətlərin inkişafına xüsusi diqqət verir. Həmçinin Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Bu baxımdan Qazaxıstan Respublikası ilə ölkəmizin qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etməsi də xüsusi qeyd olunmalıdır. Məlumdur ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər dərin tarixi köklərə malikdir. Bu münasibətlərin formalaşmasına təsir edən əsas amillərdən biri də azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmasıdır. Xalqlarımızın etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxın olmaları müasir dünyamızda bütün sahələrdə, o cümlədən nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaradır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi səfər də bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılmış mühüm addım oldu.

İlk növbədə tarixə nəzər salsaq deyə bilərik ki, hələ 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci ildı Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə keçidi üçün möhkəm baza yaradılıb. Məhz bu zəmin əsasında ötən illər ərzində Azərbaycan-Qazaxıstan münasibətləri həqiqətən də xeyli inkişaf edib və hazırda mövcud olan səviyyəyə yüksəlib. 2022-ci il avqustun 24-də hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə isə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələni də xüsusi olaraq vurğuladı və bildirdi ki, bu gün Azərbaycan-Qazaxstan münasibətlərinin daha geniş hüquqi bazası yaradıldı. İmzalanmış Bəyannamə və digər sənədlər isə gələcək fəaliyyət üçün çox ciddi əsas kimi xidmət edəcək.

Birmənalı olaraq demək lazımdır Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün təkcə ölkə və regional miqyasda deyil, həmçinin dünya miqyasında ən nüfuzlu siyasi liderlərdən biridir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin öz çıxışında onların ölkəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevə çox böyük hörmət bəslənildiyini xüsusi olaraq vurğulaması da bunu təsdiq edən daha bir faktdır. Azərbaycan Prezidentinə Qazaxıstanın ali mükafatı olan “Altın kıran” ordeninin bütün qazax xalqı adından təqdim edilməsi də bu hörmətin bir təcəssümüdür. Diqqətəlayiq məqamlardan biri də budur ki, mötəbər qonaq öz çıxışında Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsini də mühüm tarixi əhəmiyyət kəsb edən hadisə kimi qeyd edib və bildirib ki, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini hər zaman dəstəkləyib. Ölkələrimiz arasında bu prinsipial məsələyə eyni mövqe, eyni yanaşmalar, ortaq baxışların olması da gələcəkdə əməkdaşlığın inkişafı üçün yaxşı əsas olacaq.

Qazaxısatan Prezidentinin ölkəmizə səfəri çərçivəsində baş vermiş daha bir önəmli hadisə də Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı oldu. Əlbəttə ki, bu da dost ölkənin bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, Qarabağın bərpası işinə töhfəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin öz çıxışında dediyi kimi, Azərbaycan və Qazaxıstan iştirak etdikləri aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birilərini dəstəkləyirlər. Ölkələrimizin əməkdaşlıq etdikləri beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və bütün bu təşkilatlarda Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər. Əminliklə demək olar ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bu əlaqələr hər iki ölkənin inkişafına mühüm töhfələr verəcək, bütün Türk dünyasının gücünə güc qatacaq.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024